Fransada artan yaşayış xərclərinə və hökumətin təhsil siyasətinə qarşı kütləvi etirazların üçüncü dalğası başlayıb. Paytaxt Paris başda olmaqla, ölkənin bir çox böyük şəhərində yüz minlərlə insan küçələrə axışır.
"Bakupost"un “Qafqazinfo”ya istinadla xəbərinə görə, 17 oktyabrda baş verən zorakılıq hadisələrinin təkrarlanmaması üçün ölkə daxilində 70 min polis və jandarm səfərbər olunub.
Parisdə etirazçılar Port de Banyoletdən Port de Şarentona doğru yürüş ediblər.
Yürüş marşrutu boyunca yerləşən mağazalar mümkün talanlardan qorunmaq üçün pəncərələrini taxta panellərlə bağlayıb, strateji metro və şəhərətrafı qatar stansiyalarının fəaliyyəti dayandırılıb.
“La Frans İnsumis” partiyasının lideri Jan-Lük Melenşon, Avropa Parlamentinin üzvü Rima Həsən və Sen-Sen-Deni deputatı Oreli Truve də Parisdəki yürüşdə etirazçılara qoşulublar.
Parisdən əlavə Bordo, Lion, Renn və Nitsa şəhərlərində də nümayişlər start götürüb. Marseldə isə sosial şəbəkələrdə elan edilən icazəsiz aksiyalar qadağan edilib.
Bordoda Plas de la Bursla Plas de la Viktuar arasında, Lionda isə şəhər mərkəzində yürüşlərə icazə verilib. Renndə əvvəlcə qadağan olunan nümayiş isə təşkilatçılar marşrutu dəyişdirdikdən sonra təsdiqlənib.
Polis idarəsinin məlumatına görə, gün ərzində ölkə daxilində ümumilikdə 350 nümayişin keçiriləcəyi və aksiyalarda 350 mindən 450 minədək etirazçının iştirakı proqnozlaşdırılıb.