Ru
16:14 / 04 Yanvar 2022

Polad Həşimovun anasının açdığı “sandıq” - Əslində, nə baş verir? - RƏY

17226
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun anası Səmayə Həşimovanın səsləndirdiyi ittihamlar ciddi müzakirələrə, narahatlıqlara səbəb olub.

Ölkə daxilində böyük səs-küy yaradan bu açıqlama təəssüf ki, düşmən mətbuatının da manşetini bəzəyib.

Orduya rəhbərlik edən şəxslərlə bağlı bu şok ittihamların verilməsi təsadüfüdürmü? Belə bir açıqlamanın verilməsi orduyla bağlı hansı informasiyalar verir? Düşmən mətbuatı yazar deyə, şəhid anasının dedikləri mətbuatda yayılmamalıdırmı? Ümumiyyətlə, nə baş verir?

Bakupost.az -ın əməkdaşı bu və ya digər suallara cavabı ekspertlərlə tapmağa çalışıb.

Təəssüf ki, bu açıqlamadan ermənilər Azərbaycan Ordusunu gözdən salmaq üçün sözün əsl mənasında istifadə etdilər. Səmayə ana oğlunun ölümü ilə bağlı çox ciddi iddialar səsləndirib.



Səmayə Həşimova bildirib ki, general-mayor Polad Həşimovu Kərim Vəliyev (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi) öldürtdürərək onun yerinə vəzifəyə gəlib.

Polkovnik, hərbi-ekspert Şair Ramaldanov bildirib ki, düşmən Vətən müharibəsində məğlub olandan sonra da hansısa vasitələrlə Azərbaycanın qələbəsinə kölgə salmağa çalışır:



“Bu məsələ ilə bağlı narahatçılığı başa düşmək olar. Çünki bizim cəmiyyətimiz şəhid ailələrinə çox həssasdır. Şəhidlərdən yadigar qalan hər kəs bizim üçün əmanətdir. Səmayə ananın çoxsaylı tədbirlərdə, telekanallarda, əsgərlərlə görüşdə vətənpərvərlik ruhda öz fikirlərini söyləməsinin şahidi olmuşuq. Ancaq dəfələrlə demişəm ki, biz hibrid müharibəsi dövründəyik. Hibrid müharibəsinin bir istiqaməti məhz düşmən tərəfindən aparılan informasiya müharibəsidir. Düşmən 44 günlük Vətən Müharibəsində darmadağın oldu və Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Hər zaman olduğu ki, düşmən məğlub olandan sonra da hansısa vasitələrlə Azərbaycanın qələbəsinə kölgə salmağa çalışır.

Eyni zamanda şəhid anaları çox həssasdır və onlar indi də hər hansı bir məlumata çox həssaslıqla yanaşır, şəhid övladları ilə bağlı istənilən məlumata reaksiya verirlər. Düşünürəm ki, bu, dərin şəkildə düşünülmüş aksiyadır ki, məhz şəhid olan generalımızın anasına hansı məlumatları, hansı formada veriblərsə, bunu Səmayə ananın reaksiyasından görürük. Bu çox istiqamətləndirilmiş, düşünülmüş bir aksiyadır. Necə olur iki il ərzində Səmayə ana dəvət olunan bütün tədbirlərdə vətənpərvərlik ruhunda çıxış edir, gənclərimizi Polad Həşimovun həyat fəaliyyətilə və həyata baxışları ilə bağlı tərbiyə edirdi, lakin indi isə bu fikirləri səsləndirdi. Axı ola bilməz ana iki il sussun, indi bu haqda danışır. Deməli, ona verilən məlumat istiqamətləndirilmiş məlumat olub. Həmin məlumat yayılandan qısa zaman sonra düşmən saytlarında bu əks səda olaraq yayılıb”.

Hərbi-ekspert vurğulayıb ki, burada düşmənin əsas hədəfi Müdafiə naziri, Baş Qərargah rəisi, döyüş generallarımızdır:

“Lakin görünür ki, ən böyük hədəf Azərbaycana qələbə qazandıran ordusudur. Azərbaycan Ordusunu gözdən salmaq üçün indi düşmən genişmiqyaslı hücuma keçib. Mən dəfələrlə çıxışımda qeyd edirdim ki, biz ayıq-sayıq olmalıyıq. Düşmən informasiya sahəsində bizdən daha çox təcrübəlidir, bunu danmaq olmaz. Bilirik ki, böyük dövlətlərin aparıcı kanallarına məhz erməni nümayəndələri rəhbərlik edirlər. Məsələn, hələ qonşu Rusiyada bu belədir. Hətta sosial mediada düşmən Azərbaycan ad-soyadları ilə öz fikirlərini bizim insanların beyninə yeritməyə çalışır. Belə məlumatlarda çox diqqətli olmalı və məsələlərə məhz dövlətçilik mövqeyindən yanaşmalıyıq. Yenidən bir olaraq düşmənlə informasiya müharibəsində də düzgün mövqe tutaraq qələbəmizi təmin etməliyik”.

Hərbi-ekspert Üzeyir Cəfərov qeyd edib ki, Azərbaycanın tanınmış bir generalının anasının belə açıqlama ilə çıxış eləməsi xoşagəlməz vəziyyətdir:



“Düşünürəm ki, Səmayə ana hətta Prezidentə belə demək istədiyi sözü çox rahat şəkildə müraciət edərək çatdıra bilərdi. İndi bunun ictimailəşdirilməsi bizi istəməyən , ordunu gözdən salmaq istəyən bəzi qüvvələrin əlinə bir fürsət verdi. Həm də Səmayə ananın səsləndirdiyi fikirdə də qeyri-dəqiqliklər var. Azərbaycan Silahlı Qüvvələri yaranan gündən bu günə kimi Kərim Vəliyevi tanıyıram. Kərim Vəliyev tamam fərqli bir insandır. Yəni kim bilirdi ki, ölkə başçısı nə vaxtsa Kərim Vəliyevin Baş Qərargah rəisi olması ilə bağlı qərar qəbul edəcək. Polad Həşimovun özü hələ bəzi pillələri keçməmişdi. Korpus komandirindən birbaşa ordunun Baş Qərargahına rəhbərlik etmək sıradan adi bir məsələ deyil. Bunlar həyatda oyuncaq oyunları deyil, bu, bütövlükdə dövlətin müdafiəsi və təhlükəsizliyilə bağlı olan məsələlərdir. Əlbəttə, indi ermənilər maksimum çalışacaqlar bundan ordunu içəridən parçalamaq üçün istifadə etsinlər”.

Hərbi-ekspert qeyd edib ki, 44 günlük Vətən Müharibəsində məğlub olan düşmən qələbə qazanan bir ordunu gözdən salmaq üçün var gücü ilə çalışır:

“Belə hallar da onlara fürsət yaradır. Səmayə xanımın dediklərini nə təsdiq, nə də təkzib edirəm. Amma Kərim Vəliyevlə bağlı olan iddialarda, deyə bilərəm ki, təyinat alanda ona qarşı xeyli hücumlar həyata keçirildi. Polad Həşimov istefa ərizəsini yazmışdı kimi fikirlərin də səsləndiyini görürük. Lakin qeyd edim ki, orduda istefa söhbəti yoxdur. Bunu yalnız naşılıqdan dilə gətirmək olar. Orduda istefa nə deməkdir? Orduda yaza biləcəyin yeganə sənəd raportdur. Raport yazıb xahiş edilir ki, səhhətimlə və yaxud başqa məsələlərə görə məni ordu sıralarından təxris edin və ya ehtiyata buraxın. Necə ki, bu yaxınlarda 3-cü Ordu Korpusunun komandiri General Mübariz Rzayev müraciət etdi və onun müraciətinə müsbət cavab verildi. Neçə illərdir ordu ilə bağlı olan bir insan kimi yadıma gəlmir ki, orduda kimsə desin istefa verdim. Ordu idarə olunan bir qurumdur. Orada istefa söhbəti heç vaxt olmayıb, ola da bilməz. Yalnız raport yazıla bilər. Hərbi məktəb oxumuşam. Ümumiyyətlə, hərb elmində hər kəsin yeri, tutduğu vəzifəsi var. Daha sonra hərbidə səngər generalı və yaxud kabinet generalı kimi anlayışlar da yoxdur. Səngər generalı sadəcə rəmzi mənadır. Yəni, döyüş görüb və döyüşlərdə iştirak edib. Əvvəla general heç vaxt səngərdə ola bilməz. Yəni, hərb elmində elə bir anlayış yoxdur. Səngərdə tağım komandiri, bölük komandiri ola bilər. Hətta tabor komandiri də səngərdə ola bilməz. Çünki hərb elmi buna icazə vermir. Yaxşı olardı ki, Səmayə ananı rəsmilər qəbul etsin, dinləsin və onun narahatçılığı ilə bağlı izahat versinlər. Kimliyindən asılı olmayaraq ən xırda məsələ belə olanda ölkə rəhbərliyi həmin məsələlərə reaksiya verir. Ona görə də düşünmürəm ki, Milli Qəhrəmanın anası Səmayə ana müraciət etsəydi, onu kimsə dinləməyəcəkdi. Amma bunun bu şəkildə ictimailəşməsi ordunun xeyrinə olan bir hal deyil”.

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə məsələyə belə münasibət bildirib:



“Mənim hakimiyyətdən tələb etdiyim budur ki, informasiya səslənibsə, deməli, bu aydınlaşdırılmalıdır. Şəhid anasının səsləndirdiyi informasiyanı gözardı etmək olmaz. Əlində fakt varmı, bu nəyə əsasən söylənilib və sairə hamısı araşdırılmalıdır. Bu hüquq mühafizə orqanlarının araşadıra biləcəyi məsələdir. Bu müharibədə şəhid olunan bir generalımız var. Bu generalın ailə üzvlərinə xüsusi diqqət və qayğı olmalıdır. Lakin fakt budur ki, bir ana narahatdır. Bir ana oğlunun ölümü ilə bağlı məsələyə aydınlıq istəyir və cəmiyyət də bundan çox ciddi narahat olub”.

Arzu
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər