Bu gün Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedəcək. Lakin bu səfər Ermənistanın qərbpərəst dairələri tərəfindən etirazla qarşılanır.
Bakupost.az Ermənistanın “Hrparak” nəşrinə istinadla xəbər verir ki, Putinin səfəri ərəfəsində qərbpərəstlərin etiraz çağırışları geniş vüsət almağa başlayıb. Nəşrin yazdığına görə, onlar hər yerdə Putini “ləyaqətlə” qarşılamaq üçün xalqı etiraz aksiyalarına çağırır və rus mədəniyyətinə aid heykəlləri dağıtmağı planlaşdırırlar.
Məsələn, erməni QHT-lərdən birinin proqram koordinatoru Daniel İoannisyan noyabrın 23-də Azatutyan meydanına toplaşacaqlarını açıqlayıb. O, feysbuk səhifəsində yazıb: “Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün imzalanmış öhdəliyi olan ölkələrin rəhbərləri Ermənistana gəlirlər. Həmin ölkələrə, xüsusən də Rusiyaya biz o təhlükəsizlik zəmanətləri üçün nə etməmişik? Amma həmin ölkələr və liderlər (Putin, Lukaşenko və başqaları) bu ilin sentyabrında Ermənistanın xahişinə cavab olaraq nəinki köməklik göstərmədilər, hətta bizə hücum edən Azərbaycana hər cür siyasi dəstək verdilər. Bizə xəyanət edənləri İrəvanda etiraz aksiyaları ilə qarşılamaq ən azı ləyaqət məsələsidir. Hava limanına gedən yolda piketlər edə bilərsiniz, bunu "Azadlıq" meydanında mitinqlə və ya hər hansı digər dinc toplaşma yolu ilə edə bilərsiniz. Amma bunu etmək lazımdır”.
Avropa Partiyasının prezidenti Tiqran Xzmalyan da Putini etirazla qarışlamaqla bağlı maraqlı açıqlamalar verərək, əhalini sovet dövrünə aid abidələri dağıtmağa səsləyib. Aram Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyası isə dünən KTMT-nin noyabrın 23-də keçiriləcək sessiyası ilə bağlı Ermənistana gələn KTMT ölkələrinin liderləri ilə bağlı aksiyanın ictimai və kortəbii xarakter daşıdığını bildirib.
Maraqlıdır ki, həm Tiqran Xzmalyan, həm də Aram Sarkisyan Nikol Paşinyanın parlamentdən kənar tərəfdarlarıdır. Onlar ən azı ayda bir dəfə Paşinyanla görüşür və özlərinin dediyinə görə, ona məsləhətlər verir, müxtəlif məsələlərdə istiqamət göstərirlər.
Günel
BakuPost