Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Bakupost.az-ın xəbərinə görə, məktubda bildirilir ki, qardaş xalqlarımızın ortaq milli-mənəvi dəyərlərinə əsaslanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz “Bir millət iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq müstəvisində dinamik şəkildə inkişaf edir.
Həmin gün, parlamentin sədri Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı olub.
Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM-in sədrini bir daha təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib.