2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmiz üçün yalnız arxitektura və şəhərsalma sahəsində deyil, həm də milli inkişaf strategiyasının bir simvolu kimi əlamətdardır. Bu qərarın “Konstitusiya və Suverenlik İlin”dən sonra verilməsi isə mənəvi bir bağ yaratdı. Ötən il 30 yaşını tamamlayan Konstitusiyamızın timsalında dövlətin hüquqi və siyasi əsaslarının möhkəmliyi, xalqın birliyi və həmrəyliyi bütünləşdi. Hər kəs qəbul edər ki, bir ölkədə suverenlik, hüquqi və siyasi sabitlik olmadan müasir, funksional və estetik şəhərsalma mümkün deyil. Dövlətin təhlükəsizlik strategiyası və xalqın həmrəyliyi, müasir memarlıq layihələrinin uğurla həyata keçirilməsinin zəmanətidir. Necə deyərlər, “tikib-yaratmadınsa, qorumağa dəyməz” anlayışından irəli gələrək, əvvəl sərhədlərimizdə suverenliyimizi təmin etdik, indi isə ölkəmizi gözəlləşdirməyin vaxtıdır.

Qarabağda və Şərqi Zəngəzurdakı bərpa işləri artıq strateji mərhələyə keçib. Yeni yaşayış binaları, inzibati və sosial infrastruktur layihələri bölgənin sosial-iqtisadi inkişafına təkan verir. İşğaldan azad olunmuş ərazilərdə minalanmış sahələrin mövcudluğu müəyyən çətinliklər yaratsa da, dövlətin koordinasiyalı fəaliyyəti və xüsusi minalardan təmizləmə proqramları bu problemi mərhələli şəkildə həll etməyə imkan verir.
Yeni binalar, yollar, su və elektrik infrastrukturu həm gündəlik həyatın keyfiyyətini artırır, həm də regiona sərmayələrin gəlməsini təşviq edir. Bu layihələr həm də ölkənin memarlıq kimliyini qorumağa yönəlib, milli ənənə və müasir texnologiya bir araya gətirilir.
“Şəhərsalma və Memarlıq İli”nin elan olunması, həmçinin, urbanistik planlamada uzunmüddətli baxışın vacibliyini vurğulayır. Bu il çərçivəsində aparılan layihələr həm yaşayış məkanlarının, həm də ictimai sahələrin daha əlverişli və estetik baxımdan yüksək səviyyədə formalaşdırılmasına yönəlib.
Qarabağda aparılan yenidənqurma və quruculuq işlərinin davamı olaraq tikilən binaların, layihələrin, müasir arxitekturanın Azərbaycan memarlığına necə uyğunlaşdırılmasını öyrənmək üçün tanınmış memar Faiq İsmayılovun münasibətini öyrənməyə çalışdıq:

“Hər bir xalqın milli kimliyi, onun memarlığından da keçir. Mətbəxi, adət-ənənəsi, musiqisi ilə bərabər, memarlıq da hər bir xalqın pasportudur. Qarabağ memarlığı çox məşhur olub. Bu memarlıq son dövrlərdə Azərbaycanın digər regionlarında da istifadə olunub. İndi texnologiya, həyat inkişaf eləyir, insanlar və onların düşüncələri dəyişir. Amma inkişafla əlaqədar klassik memarlığımızın tərəqqidə olanlarla sintezi vacibdir. Deyək ki, min illər bundan qabaq binaları, bazilikaları, abidələri və digər kompleksləri heç vaxt eyni tikmirdilər. Yəni, onlara yenilik gətirirdilər. Bu yenilik eyni zamanda xalqın öz milliliyini ifadə edir, mədəniyyətindən gəlirdi. Yenilik çox gözəldir, dünyada qəbul olunur. Hər kəs bunu çox yüksək şəkildə qəbul eləyir. Amma məsələ burasındadır ki, bu yeniliyin qəbulunda, bəzən yanlış fikirlər olur. Məsələn, son vaxtlar mütəmadi Avropa layihələrindən istifadə olunur. Avropa memarlığından istifadə edərkən klassik memarlığımızla sintez olmalıdır. Bu bizim kimliyimizi müəyyən etməlidir”.
İndiki bərpa-yenidənqurma layihələrində yeni üslubla tarazlığın yaradılması məsələsinə toxunan memar Laçından misal çəkdi: “Laçın şəhərinin bərpası çox gözəldir. Yəni, burada, binalar öz bünövrələri üzərində bərpa olunub. Bu çox yaxşıdır. Yəni, ətrafdan baxanda insanlara və ya bura gələnlərə mənəvi rahatlıq gətirir”.
Dünyanın memarlığında son vaxtlar dəbdə olan quş baxışı üslubu var. Məsələn, Heydər Əliyevin Mərkəzi yuxarıdan baxanda Ümummilli liderin imzasına oxşayır. Dubayda məşhur adaların hazırlanmasında da bu texnikadan istifadə olunub. İşğaldan azad olunan rayonlardan birində zəfərimizin simvolu kimi, “Dəmir yumruq”a bənzəyən meşənin, parkların salınması həmin rayonun rəmzinə çevrilər.
Bu məsələyə də münasibət bildirən F.İsmayılov dedi ki, layihə ilk növbədə, həmin şəhərin baş planına daxil olmalıdır: “Yumruq, bizim klassik ənənələrimizdə, nağıllarımızda, rəvayətlərimizdə var. Yəni bu bizim içimizdən gələn bir simvoldur. Bu simvol təkcə Azərbaycanda yox, dünyada, xüsusən türkdilli ölkələrdə uğur qazandı. Xaricidən gələn qonaqlar, alimlər də bu simvola qoyulan abidələri yüksək qiymətləndirirlər.
O ki, qaldı yumruğa bənzəyən meşələr, parklar salınması indiki vəziyyətdə o qədər də çətin deyil. Bunu yüksəkliklərdə, istirahət zonalarının kənarlarında etmək olar ki, kənardan baxanda diqqət cəlb eləsin. Təkcə “Dəmir yumruq” deyil, digər epizodlardan da istifadə etmək mümkündür”.
Cavid, BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"" mövzusunda hazırlanıb.