Ru
13:28 / 31 Mart 2023

Rusiya erməniləri Azərbaycanla qarşıdurmaya təşviq edir - Oqtay Qasımlı

4378
"10 noyabr üçtərəfli anlaşmasını pozan iki tərəf var. Onun biri Rusiya, digəri Ermənistandır. Bəyanatın 9 bəndindən 3-ü Ermənistan tərəfindən yerinə yetirilmir. Rusiya isə buna görə Ermənistana təzyiq göstərmir".


Bunu Bakupost.az -a politoloq Oqtay Qasımlı Rusiya Müdafiə Nazirliyinin Azərbaycanı üçtərəfli razılaşmaları pozmaqda ittiam etməsinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Rusiya heç bir haqla Azərbaycanı razılaşmaları pozmaqda ittiham edə bilməz:


"Əvvəla ona görə ki, Rusiya hərbçiləri Qarabağa gələndə bəyanatın şərtlərinə uyğun olaraq, erməni silahlı birləşmələri son nəfərinə qədər ərazini tərk etməli idi. Amma Rusiya bəyanatın 4-cü bəndini həyata keçirmədi. Rusiyaya bölgədə gərginlik lazımdı ki, onun sülhməramlı kontingentinə ehtiyac duyulsun. Eyni zamanda sülhməramlılara mandat almaq istəyir. Çünki Rusiya bölgədə uzun müddət qalmağı düşünür".

Oqtay Qasımlı qeyd edib ki, digər bir öhdəlik - vaxtilə Qarabağdan qaçqın salınmış azərbaycanlıların öz doğma yurdlarına qayıtması da hələ həyata keçirilməyib:

"44 günlük savaş zamanı Ermənistana qaçan minlərlə erməni məhz rus sülhməramlılarının müşayiəti ilə geri qaytarıldı. Amma azərbaycanlılar hələ də öz torpaqlarına qayıda bilməyib. Zəngəzur dəhlizinin açılması məsələsi də 10 noyabr anlaşmasının şərtlərindən biridir. Burda da Rusiya Ermənistana təzyiq edərək öhdəliyin yerinə yetirilməsini təmin etməyib. Bundan əlavə, Rusiya Azərbaycanla 2022-ci ilin fevralında imzaladığı müttəfiqlik fəaliyyətinə dair memoranduma da hörmətsizlik edib. Hansı ki, həmin memoranduma görə tərəflərin bir-birinin ərazisində separatçılığa, terrorçuluğa və digər dövlət əleyhinə fəaliyyətlərə imkan verməməklə bağlı öhdəlikləri var".


Politoloqun sözlərinə görə, Rusiya son yarım ildə açıq şəkildə Qarabağ ərazisindəki silahlı birləşmələri Azərbaycanla qarşıdurmaya və təxribatlara təşviq edir:


“Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərində öz suveren hüquqlarını bərpa etmək uğrunda mübarizə aparır. Eyni zamanda qarşılıqlı etimad şəraitində Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini həyata keçirməyə çalışır. Amma Rusiya Qarabağın erməni icması ilə Bakıda görüşün əleyhinə çıxdı. Qarabağdakı separatçıları da buna təşviq elədi. Son bir neçə ayda Azərbaycan Rusiya hərbi kontingenti rəhbərliyinə, Rusiya Xarici İşlər Nazirliyinə və digər dövlət səlahiyyətlilərinə Laçın yolu ilə qanunsuz silah-sursat daşınması ilə bağlı məlumat verərək, bu cür fəaliyyətlərin dayandırılmasını tələb edirdi. Amma Rusiya 3 ay yarım davam edən ekofəalların aksiyasına etinasız yanaşdı. Azərbaycanın narahatlığı ilə bağlı heç bir addım atmadı. Buna görə də Azərbaycan ərazilərindəki erməni silahlı birləşmələri son nəfərinədək çıxmalıdır. Əks halda qəti addımlar atılacaq”.


O.Qasımlı onu da deyib ki, Rusiyanın davranışları Azərbaycana əsas verir ki, 2025-ci ildə missiyanın vaxtı tamam olanda kontingentin bölgəni tərk etməsini tələb etsin:


"Çünki o kontingent 80-90-cı illərdə olduğu kimi, yenə də Azərbaycan ərazisində təxribat fəaliyyəti ilə məşğuldular. Azərbaycan bu cür təhdidlərə asanlıqla təslim olacaq dövlət deyil.


Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər