Rusiyanın Yekaterinburq şəhərində şərabdan dondurma hazırlayaraq satan qeyri-qanuni istehsalçıya 250 min rubl (təxminən 5 300 manat) məbləğində cərimə kəsilib.
Bakupost.az -ın Ura.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə şəhər İctimai Palatasının üzvü Dmitri Çukreyev məlumat verib.
Məlumata görə, Plotinka rayonunda dondurma satan şəxsin 30 yaşlı Azərbaycan vətəndaşı Q.Əliyev olduğu məlum olub.
"Məhkəmə onu məhsulları müsadirə olunmaqla, 250 min rubl məbləğində cərimələyib", - deyə Çukreyev bildirib.
Onun satdığı dondurmaların tərkibində 0.6-0.7% spirt olduğu müəyyən edilib.
Məlum olub ki, o, "Mivino" brendi adı altında dondurma istehsalına başlayıb. İstehsalat obyekti sənaye zonasında yerləşib.
İlkin olaraq sahibkara qanun pozuntularının aradan qaldırılması və spirtli dondurmaların satışdan çıxarılması tələbi ilə göstəriş verilib. Lakin sahibkar buna məhəl qoymamaq qərarına gəlib. Nəticədə onun barəsində inzibati iş qaldırılıb və cərimə yazılıb.