Bu ilin yanvar-aprel aylarında Azərbaycan 866,1 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.
Bəs ölkəyə idxalın artmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı iqtisadçı ekspert
Eldəniz Əmirov Bakupost.az -a açıqlamasında bildirib ki, idxalın artmasının başlıca səbəbləri daxili tələbatın yüksəlməsi və istehsal imkanlarının zəifləməsidir:
“Bu iki faktor nəticə etibarilə ölkəyə olunan idxalın səviyyəsinin artmasına səbəb olan amillərdir. Hər iki faktor özlüyündə də təhlil edilə bilər. Məsələn, daxili tələbat niyə artır? Bu ona görə baş verir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyükmiqyaslı yenidənqurma və bərpa işləri aparır. Dövlət həmin ərazilərdə investisiya layihələri həyata keçirir və bu layihələrin icrası üçün xaricdən malların, məhsulların, o cümlədən xidmətlərin idxalına ehtiyac yaranır. Eyni zamanda, insanların sayı artır.
İkinci səbəbə gəldikdə isə, daxili istehsal, emal və özünü təminetmə səviyyəsində müşahidə olunan azalmalar, müəyyən təsərrüfat subyektlərinin fəaliyyətini dayandırması, istehsal sahələrinin bağlanması və emal proseslərinin ya tamamilə dayanması, ya da həcminin azalması ilə bağlıdır. Bu isə bəzi sektorlarda mənfi dinamika yaradır. Nəticədə daxildəki azalmanın idxal vasitəsilə kompensasiya edilməsinə ehtiyac yaradır.”
Ekspert əlavə edib ki, bu səbəblər arasında birincinin, yəni tələbatın artmasının qarşısını almaq mümkün deyil:
“Çünki işğaldan azad olunmuş ərazilərdə işlər görülməlidir Yenidənqurma işləri, əhalinin ora köçürülməsi, insanların sayının artması vacibdir. Say artdıqca tələbat da artır və bu, qaçılmazdır. Yeganə yol artan tələbatın heç olmasa müəyyən bir hissəsini daxili istehsal, emal və xidmətlər vasitəsilə qarşılamağa çalışmaqdır.”
Lalə,
BakuPost