Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkəmizdə sosial müdafiə tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini deməyə əsas verir.
Bakupost.az xəbər verir ki, Fondun 2026-cı il üçün gəlirlərinin builki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat (9,3 faiz) çox olmaqla 8 milyard 323 milyon manat olması nəzərdə tutulur.
DSMF-nin növbəti ildə xərclərinin isə 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8 milyard 196 milyon manatı (96,6 faiz) əhaliyə ödənişlərə yönəldiləcək.
Başqa sözlə, Fond gələn il əhaliyə 2024-cü ilə nisbətən 1 milyard 534 milyon manat, bu illə müqayisədə isə 788 milyon manat çox vəsait ödəyəcək.
DSMF tərəfindən gələn il əhaliyə ödəniləcək vəsaitin 7 milyard 993 milyon manatının pensiya, 203,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət üzrə xərclərə yönəldilməsi nəzərdə tutulur.
Pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək. Proqnoz göstəricilərə görə, gələn il pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması, orta aylıq pensiyanın 9,2 faiz artımla 590 manata, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir.
Müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində də önəmli rola malik olan İşsizlikdən sığorta fondunun (İSF) gəlirlərinin isə gələn bu ilə nisbətən 31,9 milyon manat (15,5 faiz) çox olmaqla 238,3 milyon manat olması nəzərdə tutulur.
İSF-nin xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı proqnozlaşdırılır. Bu xərclərin işsizliyə görə sığorta ödənişləri və həmçinin
özünüməşğulluq proqramının icrası,
peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili,
peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi,
peşə standartlarının hazırlanması,
sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi,
sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.
Ümumilikdə İSF-nin vəsaiti hesabına 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri aparılacaq. Növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur ki, onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.