Azərbaycan 2025-ci ilin on ayında 38 556 ton ət istehsal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 686 ton və ya təxminən 20% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
İstehsalın dəyəri 90 140,41 min manat təşkil edib. Halbuki 2024-cü ilin on ayında ət istehsalının dəyəri 104 834,34 min manat idi. Bu da real ifadədə 14 694 min manat və ya 14% azalma deməkdir.
Mövzu ilə bağlı
Bakupost.az -a danışan iqtisadçı Akif Nəsirli azalmanın bir neçə səbəbini qeyd edib:
“Son illərdə Azərbaycanda mal-qoyun və keçi kimi iri və xırda buynuzlu heyvanların sayı azalıb. Bu, kəsilə biləcək heyvan sayını məhdudlaşdıraraq istehsala birbaşa təsir göstərir. Yemlərin qiymətləri kəskin artıb. Bahalaşan yem heyvandarlıq təsərrüfatlarının maya dəyərini yüksəldir və bəzi fermerləri kəsimi azaltmağa və ya heyvanı daha tez kəsməyə sövq edir.
Hesablama Palatasının məlumatına görə, damazlıq (növbəti nəsil üçün heyvan bazası) kifayət qədər inkişaf etdirilməyib, bu isə uzunmüddətli heyvan sayının artımına mane olur.
Bəzi heyvan xəstəlikləri – məsələn, iri və xırda buynuzlu heyvanlarda (mal-qoyun) “ayaq-ağız xəstəliyi” (dabaq) kimi infeksiyalar yayılır. Xəstə heyvanların məhv edilməsi, kəsməzdən əvvəl sanitariya tədbirləri, karantin rejimi, nəqliyyat məhdudiyyətləri kimi faktorlar təchizat zəncirinə mənfi təsir göstərə və istehsalı azalda bilər.
Statistikaya görə, 2024-cü ildə ət və ət məhsullarında özünütəminetmə səviyyəsi 83,4%-ə düşüb. Hələ bu kifayət qədər optimist rəqəmdir. Deməli, daxili istehsal tələbi tam qarşılamır, bu da bazarda istehsalçıların öz strategiyasını dəyişməsinə (məsələn, daha az ət kəsmək, başqa fəaliyyətlərə üstünlük vermək) səbəb ola bilər ”.
Akif Nəsirli vurğulayıb ki, Azərbaycanda ət idxalı azalmaqdadır:
“Məsələn, 2025-ci ilin ilk yarısında ət idxalı miqdar və dəyər üzrə azalıb. Bu, həm idxaldan asılılığı azaltmaq siyasəti ilə bağlı ola bilər, həm də yerli istehsalçıların bazarda daha çox pay almağa çalışdığı mənzərəni yarada bilər. Lakin bazarda qiymətləri “sabit yüksək” saxlamaq üçün idxalın tam sərbəst buraxılmaması da rola malik ola bilər.
Kiçik fermerlər bəzən gəlirli sahələrə yönəlirlər: məsələn, heyvandarlıqda bazara birbaşa kəsmə üçün deyil, damazlıq heyvan yetişdirməyə. Əgər damazlıq potensialı artırsa, dərhal ətin kəsməsinə yönələn təsərrüfatlar azalacaq.
Hesablama Palatasının qeyd etdiyi kimi, damazlıq bazasının yetərli inkişaf etməməsi uzun müddətdə ət istehsalını məhdudlaşdırır.
Kənd təsərrüfatı torpaqlarının (otlaqlar da daxil olmaqla) məhdudlaşması da heyvandarlıq üçün çətinliklər yaradır. Otlaqların azalması, torpağın deqradasiyası ) yem istehsalını azalda bilər, bu da yem xərclərini artırır və heyvan saxlamağı çətinləşdirir. Müasir heyvandarlıq təsərrüfatları, damazlıq müəssisələri, yem zavodları və digər infrastrukturun tam inkişaf etdirilməməsi ət sektorunun artımını məhdudlaşdıra bilər”.
Lalə Novruz, BakuPost