Rusiyada qanunsuz miqrantların əmək fəaliyyətinə cəlb olunmasına görə tətbiq edilən cərimələr sərtləşdirilib. Belə ki, ölkədə qanunsuz şəkildə yaşayan hər bir əcnəbi vətəndaşa görə vəzifəli şəxslərə 70 min rubl (1.4 min manat), hüquqi şəxslərə və sahibkarlara isə 1 milyon rubla (21 min manat) qədər cərimə tətbiq edilə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin sənədlərində qeyd olunub.
Qeyd olunub ki, Rusiyada işəgötürənlər, qanunvericiliyə əsasən, iş icazəsi və ya patent tələb olunduğu halda, bu sənədlər olmadan xarici vətəndaşları əmək fəaliyyətinə cəlb etdikləri üçün məsuliyyət daşıyırlar. Onlar həmçinin miqrantların ölkədə qalmasına dair sənədlərin düzgün rəsmiləşdirilməməsinə görə də cavabdehdirlər.
Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin miqrasiya qaydalarını pozan əcnəbi vətəndaşların ölkədəki statuslarını leqallaşdırmaları və ya ölkəni tərk etmələri üçün verilmiş vaxtı 10 sentyabr 2025-ci il tarixinə qədər uzadıb. Bu qərar, Rusiya ərazisində qalmaq üçün hüquqi əsaslarını itirmiş və nəzarət olunan şəxslər reyestrinə daxil edilmiş əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərə aiddir. Əvvəlki qərara əsasən, onlar bu ilin 30 aprel tarixinə qədər ya leqallaşmalı, ya da ölkəni tərk etməli idilər.