"Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əmək haqqım 1370 manatdır, digərlərinin əmək haqqı 600 -900 manatdır. Professorların maaşı 1000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz, ona görə də onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir".
Bakupost.az xəbər verir ki, bu sözləri keçmiş təhsil naziri Misir Mərdanov azpolitika.az saytına müsahibəsində deyib.
M.Mərdanov qeyd edib ki, son bir ildə Elm və Təhsil Nazirliyi çox vacib və müsbət bir qərar qəbul edib:
"Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə alimlərə aylıq mükafatlar verilir. A, B, C kateqoriyalı sistem formalaşıb. A qrupuna düşən alimə ayda 1300 manat, B qrupuna görə 1000 manat, C qrupuna görə isə 650 manat əlavə ödəniş edilir. Təbii ki, bu məqalələr nüfuzlu bazalarda yer alan jurnallarda çap olunmalıdır. Bu sahədə institutumuz ilk sıralardadır. Məsələn, son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb. Nazirliyin bu addımı elmə olan marağı artırıb və alimlərimizin nüfuzlu elmmetrik bazalara daxil olan jurnallarda çap olunmuş məqalələrinin sayı xeyli artıb".