“İnsan millətin səsi ola bilmirsə, yaradıcılığının heç bir dəyəri yoxdur”
Bakupost.az tanınmış ziyalı, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlının "Azpolitika"ya müsahibəsini təqdim edir:
– Sabir bəy, müsahibə üçün təşəkkür edirik. Həmçinin, gec də olsa, mayın 20-də qeyd etdiyiniz doğum gününüz münasibətilə Sizi təbrik edirik. Ümumiyyətlə, doğum günləri yaşından asılı olmayaraq, insanı keçmişə qaytarır, həyat yoluna nəzər salmağa vadar edir. Bu dəfə gözünüzün qabağında hansı mənzərə canlandı?
– Adətən, doğum günlərimi Bakıdan kənarda keçirməyə üstünlük verirəm. Xüsusi olaraq daha gözəl bir təbiət mənzərəsi axtarmıram. Sadəcə, dostlarımı narahat etmək istəmirəm, bəhanə edirəm ki, şəhərdən kənardayam. Amma hər beş ildən bir yaradıcılıq gecələri keçirirəm. 75 yaşımı qeyd edən zaman digər respublikalardan da dostlarımı dəvət etmişdim. Moskvadan, Udmurtiyadan, Çuvaşıstandan, Türkiyədən, Qırğızıstandan gələnlər var idi.
- Yəni, Türk ellərindən...
- Bəli. Türkiyə, təbii ki, ilk sırada idi. Amma yubiley deyildi. Yetmiş doqquz yaşla bağlı xüsusi tədbirlər olmadı. İş elə gətirdi ki, keçən il mənim iradəmdən asılı olmadan ad günüm Daşkənddə keçirildi. Amma orada da özbək yazıçı dostlarımız yığışaraq gözəl bir yubiley məclisi təşkil etdilər. Həm Türkiyədən, həm Qırğızıstandan, həm də Qazaxıstandan qonaqlar var idi. Bu, mənim üçün sürpriz oldu, doğrusu, gözləmirdim. Bu dəfə isə Türkiyədə qeyd olundu. Bu da mənim təşəbbüsümlə baş tutmadı. Amma həm Daşkəndə, həm də Ankaraya getməyimin əsas səbəbi Qərbi Azərbaycanla bağlı keçirilən forumlar idi. Məqsədimiz Qərbi Azərbaycan məsələsinin Mərkəzi Asiyada, xüsusilə Özbəkistanda tanıdılması və ictimaiyyətə çatdırılması idi. Türkiyədə keçirilən forumlar çərçivəsində bu məsələni yenə gündəmə gətirdik. Baxmayaraq ki, Türkiyə bizim qardaş ölkəmizdir, amma Qərbi Azərbaycan mövzusunu kifayət qədər geniş şəkildə təqdim edə bilməmişik. Hüquqi baxımdan bu torpaqların nə vaxt, hansı sənədlər əsasında verilməsi məsələsi önəmlidir. Bilirik ki, İrəvan vilayəti Azərbaycanın müstəqilliyini elan etməsindən bir gün sonra Ermənistana verilib. Ermənistan tərəfi isə bu gün də müəyyən iddialar irəli sürür. Biz də bu əsassız iddialara qarşı mübarizə aparmalıyıq.
Vaxtilə indiki Ermənistan ərazisində paytaxt ola biləcək yalnız bir neçə balaca şəhər vardı. Gümrü şəhərinin adını çəkə bilərm, o da Osmanlı imperiyasının tabeçiliyində idi. Qalırdı yalnız İrəvan şəhəri. O da əslində kiçik bir yer idi. Azərbaycan guya qardaşlıq nümayiş etdirərək İrəvanı ermənilərə vermişdi. Bu barədə rəsmi sənədlər mövcuddur. Əslində bu sənədlər əsasında, bütün tarixi və hüquqi materiallara istinadla məsələ hüquqi baxımdan əsaslandırılmalıdır. Bu məsələləri BMT-yə və digər beynəlxalq hüquq qurumlarına təqdim etməliyik. Orada rəsmi sənəd kimi qeydiyyata alınmalıdır.
- Qərbi Azərbaycanla bağlı Azərbaycanda da çoxsaylı tədbirlər keçirilir...

- Biz burada Qərbi Azərbaycanla bağlı yüz dəfə yığıncaq keçirsək də, bu toplantılarda yalnız özümüz deyib, özümüz eşidirik. Məncə, hər şey hüquqi əsasla və daha geniş beynəlxalq miqyasda, köklü və əsaslı şəkildə həyata keçirilməlidir. Amma həm keçən il keçirilən Daşkənd toplantısı, həm də bu ilki Ankara toplantısı bu istiqamətdə çox mühüm addımlar idi. Daşkənddə, məsələn, özbək ictimaiyyətinin bu məsələ ilə tanışlığı baş verdi. Əvvəllər özbəklər ermənilərin orada soyqırım törətdiyinə inanmırdılar. Halbuki Birinci Dünya Müharibəsindən sonra bölgəyə qayıdan rus hərbi geyimi geymiş ermənilər – çar II Nikolayın çağırışı ilə birləşənlər Gəncədə və Azərbaycanın digər bölgələrində qanlı qırğınlar törətmişdilər. Həmin ermənilər sonra Özbəkistanda da özbək xalqına qarşı soyqırım törətdilər. Bu hadisələr zamanı yüz otuz mindən artıq özbəyin qətlə yetirildiyi məlumdur. İndi isə özbəklər bu həqiqətləri anlayır və bizim Daşkənddəki toplantımız bu baxımdan çox əhəmiyyətli oldu.
Ankarada isə daha yüksək səviyyədə toplantı keçirildi. Bu dəfə biz danışmadıq. Yalnız Türkiyənin tarixçiləri və hüquqşünasları çıxış etdilər. Bizdən yalnız Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli və Azərbaycan-Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı çıxış etdilər. Həmçinin, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev çıxış etdi və prezidentin toplantıya ünvanladığı məktubu səsləndirdi. Toplantıda AKP-nin sədr müavini Əkrəm Yazıcı da çıxış etdi. Yerdə qalan çıxışlar isə ancaq tarixçilər və alimlər tərəfindən oldu. Onlar gözlədiyimizdən də əsaslı şəkildə, ciddi elmi materiallara söykənərək danışdılar. Həm tarixi baxımdan, həm də hüquqi əsaslarla o torpaqlardan azərbaycanlıların necə və nə vaxt köçürüldüyünü açıqladılar. Bütün bunlar həmin toplantılarda ətraflı şəkildə müzakirə olundu.
Əslində, bu iki tədbir – həm Daşkənddəki, həm Ankaradakı – mənim doğum günümlə üst-üstə düşdü. Mən bir yazıçı, şair kimi düşünürəm ki, əgər insan millətin səsi, onun ruhunun ifadəçisi ola bilmirsə, onun yaradıcılığının heç bir dəyəri yoxdur. Bir dəfə bir şeir də yazmışdım. Belə başlayırdı:
“Bəlkə min il yaşlı, on min il yaşlı, dəyişməz bir ruhun qanadıyam mən...” Dağlara yalqız gəlmişdim. Kimsəsiz sözlərlə doğum günümü qeyd etmək istəyirdim. Dağlar elə bil buludları başının üstündə saxlayırdı. Bir daha gedəndə görürsən ki, sən də dəyişmisən, dağlar da dəyişib. O hiss səni tutur.
Bir ad günü şeiri də yazmışdım. Amma bu il dağlara yox, qardaş torpaqlara getdik. Orada da ad günüm qeyd olundu. Ankarada da qeyd olundu. Azərbaycanda isə bu barədə detallı danışmaq istəyənlər oldu, münasibətlər gözəl idi.
- Dövlət rəhbərliyi tərəfindən də təbriklər oldumu?
- Hər ad günü olmur belə şey. Yüksək vəzifəli məmurlardan kim tanıyırsa, kim dostdur, kim hörmət edirsə, yazıb təbrik edib. Təbii ki, insan bir az utanır. O qədər təbriklər və yazılar gəlib ki, başım Ankaradakı tədbirlərə qarışdığı üçün iki günlük görüşlərin arasında hamısını oxuya bilmədim. İndi oxuyuram, cavab yazıram. Amma artıq bir ümumi təşəkkür paylaşdım.
- Qarşıdan 80 illik yubileyiniz gəlir. Hansı gözləntiləriniz var? Məsələn “İstiqlal” ordeni...
- Yox, heç bir xüsusi gözləntim yoxdur. “İstiqlal” ordeni və ya başqa mükafat da gözləmirəm. Tək Allahdan gözləntim var – sağlam ömür verə ki, o günə çata bilim. Yenə o vaxt da öz ənənəmi davam etdirərək bir yaradıcılıq gecəsi keçirəcəyəm. Dostlarım da yəqin iştirak edəcək. Keçən dəfə - 75 illiyimdə Moskvadan “Xudojestvennaya Literatura” nəşriyyatının direktoru gəlmişdi. Mənim “Cavad xan – ölüm zirvəsi” kitabımı rus dilində çap etmişdi. Tədbirdə çıxış etdi və dedi ki, “bu kitab ruslara qarşı yox, Çar Rusiyasına qarşı yazılıb, ona görə də biz böyük həvəslə çap etdik". Sonra onun da 75 illik yubileyi oldu. Məni Moskvaya dəvət etdi. Orada böyük bir çevrəsi vardı – Qorbaçovun köməkçisi olmuşdu. Məni təqdim edəndə belə dedi: “Mən sizə elə bir şairi və ictimai xadimi təqdim edirəm ki, onun yubileyinə insanlar futbola gedən kimi gedirlər". Hətta deyirdi ki, zalın qapısından keçmək olmurdu, arxa qapıdan keçirdik. İçəridə nə qədər adam var idisə, bir o qədər də çöldə qalmışdı. Bu da bir tale işidir. Bu illər ərzində nə qədər çətinlik, nə qədər siyasi rəqabət, nə qədər paxıllıq olsa da, o sevgi, o hörmət xalqın içində hələ də yaşayır. Mən buna sevinirəm. Çünki illərdir prinsipimdən dönməmişəm, yolumdan sapmamışam. Hər zaman bir amalım olub – millətimizin ləyaqət duyğusunu oyatmaq, xalqımıza öz kimliyini, tarixini tanıtmaq, onu özünə sevdirə bilmək.
Axı Azərbaycan dediyin təkcə kiçik bir ərazi deyil. Mənim bir şeirim var:
Bu Vətən deyilən dünyam sirlidir
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Bu Vətən torpağı çox qəribədir
Hələ sərhədini tapa bilmirəm.
Azərbaycanın sərhədlərini dəqiq müəyyənləşdirmək olmur. Haradan tapacaqsan? Əgər bu sərhədlər Əmrahın sazından keçirsə, Dərbənddəki Pərvanə adlanan qızın çağlayan gözündən keçirsə, qitələr dolaşan didərginlərin yolundan, izindən keçirsə... Şəhriyarın sözündən, nənələrin nağıllarından, ölümsüz bir dilin qatlarından keçirsə – bu sərhədi necə müəyyən edəsən? Biz sərhədsiz bir ruhun sahibiyik. Payımız da elə göydəndir – sərhədsiz bir göydən. Millət olaraq sərhədsiz ruhun qanadlarıyıq.

Tatar körfəzindən Altaylara qədər gəzmişəm. Amma bu “Azərbaycan” adlanan ərazinin də hamısı bizim əlimizdə deyil – iki yerə yox, beş yerə bölünüb. Mən bu ağrını illərlə yazılarımda yaşamışam. Heç vaxt bunu pafosla, şüar kimi deməmişəm. Sadəcə, içimin ağrısını danışmışam. Kiminsə ürəyinə yatıbsa, o da bir təsəllidir. Yatmayıbsa, o da onun seçimidir. İtirdiklərimizin dərki və müstəqilliyə doğru atılan hər bir addım bizim üçün bir ümid idi. Müstəqillik hər bir xalqın ən böyük arzusu, ən ali məqsədidir. Mən də bu amal uğrunda təkcə sözlə deyil, əməli fəaliyyətimlə çalışmışam. Bu gün Azərbaycan müstəqildir. Bəli, problemlərimiz var, çətinliklər var. Amma biz bir zamanlar itirdiyimiz torpaqlarımızın bəzisini geri qaytardıq, yeni bir mərhələyə qədəm qoyduq. Hazırda “Vətəndaş Həmrəyliyi” adlanan bir partiyaya rəhbərlik edirəm. Çünki həmrəylik mənim milli ideallarımdan biridir.
– Cəmiyyətdə həqiqətən həmrəylik varmı?
- Təəssüf ki, bu gün tam anlamıyla cəmiyyətdə həmrəylik yoxdur. Amma biz buna doğru can atmalıyıq. Əvvəlki illərlə müqayisədə bir qədər irəliləyiş var. Xüsusilə 2020-ci ildən əvvəl bəzi siyasi partiyalar bir araya gəldi, bu, ciddi və ümidverici bir addım idi. Lakin insan faktoru – hər şeyin əsası insandır. Ən gözəl proqramlar, ən ali ideallar, yazılar, arzular – hamısı insana bağlıdır. İnsan cəmiyyətə toxunan kimi, cəmiyyətin içində əriyib dəyişə bilir.
– Hansı problemlər cəmiyyətdə daha qabarıqdır?
- Bizim cəmiyyətin fərdi inkişafı, sosial düşüncə tərzi hələ istənilən səviyyədə deyil.
– Bu yaxınlarda tanınmış bir şəxs demişdi ki, bayrağımızdakı rənglərin əxz etdiyi dəyərlər - müasirlik, türklük, islam – bunlardan biri aparıcı olmadığına görə, həmrəylik, birlik zəifdir...
- Bayraq özü bir rəmzdir, birləşdirici gücdür. Mavi rəng türklüyümüzü simvolizə edir. Biz türklər çağdaş dünyaya ən tez çatmış millətlərdən biri olmuşuq. Müasir ədəbiyyata, çağdaş sənətə, elmi fikrə qovuşan ilk xalqlardan biri bizik. İslam məsələsi isə tarix boyu Azərbaycanın və ümumiyyətlə türklərin taleyində müxtəlif cür rol oynayıb. Bəzən ziddiyyətli, bəzən də müsbət şəkildə. İndi isə minlərlə qanun yazılır, minlərlə dini təfsir təqdim olunur, amma cəmiyyət get-gedə bataqlığa doğru sürüklənir.
– Bir yaradıcı insan kimi ölkəmizdə hər gün rastlaşdığımız, əziyyət çəkdiyimiz problemlər sizə necə təsir edir?
- Əlbəttə, çox ağır bir dövrdən keçirik. İnsan düşünür ki, bəlkə bu dəfə zirvəyə çatdım, artıq yol açıqdır, rahatlıq gələcək. Amma dünya belə deyil. Dünya daimi mübarizə yeridir. İnsanlıq daimi olaraq kamillik axtarışındadır.
- Amma sanki Sizif əməyi çəkirik, zirvəyə çatmamış yenidən dərənin dibinə yuvarlanırıq...
- Mən bir dəfə belə demişdim: “İnsanlığın tarixi, bəlkə də, ən yaxşı şəkildə "Sizif əfsanəsi"ndə ifadə olunub”. Qaldırırsan, qaldırırsan, zirvəyə çatanda daş yenə aşağı düşür və sən hər şeyə yenidən başlayırsan. Millət məsələsində də belədir. Dövlətçiliyi qorumaq, xalqı bir yerdə saxlamaq üçün dayanmaq olmaz. Bu proses bitməyən bir mübarizədir. Bu, əbədi bir işdir. Bir binanı tikirsən, başlayırsan və qurtarır. Amma millət binasını, xalq binasını heç vaxt tikib başa çatdırmaq olmur.
- Binanın təməli, sütunları möhkəm olmalıdır...
- Bəli, çalışmaq lazımdır ki, bu binanın sütunları keyfiyyətli olsun, yəni qızıl kərpiclərdən tikilsin. Antoine de Saint-Exupurin bir sözü var, deyir ki, "insanlar çölə səpələnmiş daşlar kimidir. O daşlar üst-üstə qoyulanda bir məbəd yaranır. Amma əgər hər kəs istəsə ki, “mən birinci sırada olum”, “mən qabaqda olum”, heç vaxt məbəd tikilməz". Kiminin birinci sırada yeri var, kiminin ikinci, kiminin üçüncü. Bunu artıq cəmiyyətin ədaləti müəyyən etməlidir.
– Amma o sıra pozulub indi...
– Ona görə indi sıra yoxdur da. Sovet dövründə də görmüşük, bəzilərini orada da, bu başda da görmüşük. Hə, bu gün, məsələn, ürəklə mən İlham Əliyev haqqında danışa bilirəm. Doğrudan!.. Yəni, bununla özümə xəyanət eləmirəm. Bəzən elə vaxt olur ki, məcbur olursan. Dövlət, dövlət başçısı var. Ondan sonra müəyyən protokol qaydaları var. Ona uyursan bəzən. Amma burada səmimi qəlbdən söz demək olar. Hərçənd ki, burada da problemlər var, həll olunmalı çox şeylər var. Mən bir dəfə Milli Məclisdə demişdim: Bu süni zəka yalan bilmir. Süni zəka rüşvət tanımır. Süni zəka, yəni süni intellekt korrupsiyanı bilmir. Və insana məxsus bir çox biclikləri, xəyanətləri bilmir. Amma onu da insan idarə edir. Sonra da bir alim deyir ki, biz proqramlaşdırırıqsa, hamısını öyrədəcəyik bir yolla...

– Sabir bəy, 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərisiniz. Yəqin ki, Azərbaycanda ən uzunömürlü partiya sədri də sizsiniz. İndiki mühitdə partiya sədri özünü necə hiss edir, necə idarə edirsiniz partiyanı?
– Onu deyim ki, partiya özü özünü idarə edir. Cavanlar var, əsas işi onlar görürlər. Mən dəağsaqqallıq edirəm. Bunun iki tərəfi var. Bu, bir dövlət vəzifəsi olmadığına görə, məsələn, bəzi dövlət xadimlərinin iş rejimi elədir ki, adamın hər saati bölünüb. Burada elə bir rejim olmadığı üçün adam çox da çətinlik çəkmir. Mənim kimi cavanlıqdan ictimai proseslərin içində olmuş adamın çəkilib bir evdə oturmağı da çətin məsələdir. Millət vəkilliyindən imtina elədim, özüm, könüllü şəkildə. Ondan əvvəlki dəfə də imtina etmişdim. Amma partiya yenə deyir ki, sən olmasan bizim nümayəndəmiz azalacaq orada. Ona görə bu dəfə məcbur oldum. Hətta həyat yoldaşımın adı üçüncü idi siyahıda.
Əslində, partiya işi mənim üçün ciddi bir maneə deyil. İşimiz elə qurulub ki, mən burada həm də öz yaradıcılığımla məşğul ola bilirəm. Qızlarımız yazılarımın yazılmasına kömək edir. Gündəlik prosesi dostlarımızla müzakirə edirik. Evdən hərdən çıxmaq lazımdır. Daim evdə otursan, saz kimi tez kökdən düşərsən. Ona görə gəlirəm bura, bura köklənirəm. Kitabxanaya baxıram, dünya ilə maraqlanıram və bu, mənə rahatlıq verir.
İkinci tərəfi isə odur ki, əlbəttə, hər şeyin bir sonu var. Elə bir zaman gələr ki, bir nəfər çıxar və deyər ki, mən sədr olmaq istəyirəm. Görsəm ki, o da bizim başladığımız işi axıra kimi davam etdirəcək, onda təbii ki, partiyadan simvolik şəkildə çəkilərəm, kənarda bir ağsaqqal kimi qalmağa hazıram.
– Tənzilə xanım sizdən sonra sədr ola bilərmi?
– Tənzilə xanım idarəçilikdə çox radikaldır, çox ciddi təşkilatçıdır. İstənilən işi yüksək səviyyədə görə bilir. Məsələn, Ankaradakı bizim görüşlərimizi o təşkil etmişdi. Amma o, radikaldır. Mən dözümlüyəm. Adamların səhvini bəzən uduram, vaxtı çatmamış onu üzə vurmuram, gözləyirəm, bəlkə düzələcək. Yəni, səbrliyəm. Amma o, səbrsizdir, kəsir atır. Bu dünya, cəmiyyət yalnız cərrahlıq qanunları ilə idarə oluna bilməz. Cəmiyyət elə olmalıdır ki, dərmana da ehtiyac olmasın. Təbii qanunlarla inkişaf etməlidir. Ona görə mən xalq təbabətinə, təbii proseslərə üstünlük verirəm. O isə cərrahlığa üstünlük verəcək...
(Ardı var)