Ru
13:45 / 19 Sentyabr 2024

Şəhid polis serjantının anası: “Nə biləydim ki, bir gün o şəkil onun məzar daşına döyüləcək” - VİDEO

3129
“Azərbaycanın 3 rəngli bayrağı harada dalğalanırsa, orada qulluq etməyə hazıram”.

Bu, sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovdan qalan son sözlərdir.

Qəhrəmanımız 1991-ci il iyul ayının 12-də Bakı şəhəri, Binəqədi rayonunda anadan olub. Seymur Mahmudov orta təhsilini Binəqədi rayonu 246 saylı liseydə alıb.


Bakuplus.az-ın əməkdaşı ilə söhbət edən şəhidimizin anası Gülnarə Mahmudova deyir ki, oğlu uşaqlıqda çox mülayim və sakit uşaq olub:


“Əgər düşmənin təxribatına tuş gəlməsəydi, yaralanardı, amma ölməzdi…”

– Biz 1990-cı ildə ailə qurmuşuq. Seymur 1991-ci ildə, digər oğlumuz Teymur isə 93-cü ildə dünyaya gəlib. Seymur uşaqlıqdan çox mülayim, sözə baxan, sakit uşaq olub. Hər sözümüzlə razılaşırdı. Seymur bir gün belə bizi incitmədi. Bir baxışımdan anlayırdı ki, ona nə demək istəyirəm. Seymur 5 yaşından idmanla məşğul olub. Karate, sərbəst güləş, hapkido idman növlərində özünü sınayıb. Nailiyyətləri olub, 1, 2, 3-cü yerləri tutub. Medallarını iş yerinə, muzeyə verdik. Oğlumun qolu güclü idi, sərrast atmağı var idi. Əgər düşmənin təxribatına tuş gəlməsəydi, yaralanardı, amma ölməzdi”.

Anası deyir ki, Seymur 44 günlük Vətən Müharibəsində işğaldan azad olunan torpaqlar üçün hədsiz sevinc hissi keçirib:

– O,44 günlük müharibədə də işğaldan azad olunan torpaqlar üçün çox sevinirdi. Deyirdi ki, siz istəyirsiniz hər şey anidən olsun, amma siz bilmirsiniz ki, bunun üçün vaxt lazımdır”.

“Mən ona həmişə deyirdim ki, sən ki bu qədər səbirlisən, Allah bir gün səbrini mükafatlandıracaq”

– Seymur 11 il 3 ay 6 gün polis kimi işləyib. Qazancını hər zaman evə gətirirdi, bizə verirdi. O, heç vaxt icazəsiz pulun üstündən pul götürməzdi. 32 yaşı var idi, mən ona hətta 3-5 manat versəm də, sakitcə pulu götürüb cibinə qoyurdu. Heç vaxt demirdi, ay ana, o pulu mən gətirirəm evə, heç olmasa 10 manat ver. Çox səbirli uşaq idi. Mən ona həmişə deyirdim ki, sən ki bu qədər səbirlisən, Allah bir gün səbrini mükafatlandıracaq. Mükafatlandırdı da, şəhidlik zirvəsi ilə mükafatlandırdı.

“Nə biləydim ki, bir gün o şəkil onun məzar daşına döyüləcək”

– Seymur heç vaxt bizi incitməyib. Təzə işə başlayan vaxtlarda bir dəfə evə gec gəlmişdi, atası ondan xahiş etmişdi ki, 9-dan gec evə gəlməsin. İnanın, bu ənənə bir dəfə də pozulmadı. Atasının sözü onun üçün qanun idi və heç vaxt o atasının sözündən çıxmazdı. Qohum-əqrəba deyirdi ki, çox ciddisiniz, onu sıxırsınız. Bir dəqiqəsini belə sərbəst buraxmadıq, nəzarət altında saxlayırdıq, onu qoruyurduq, ancaq bir ölümdən, bir gecənin partlayışından qoruya bilmədik. Bir gün Xarı Bülbül Festivalına getmişdi, orada şəkil çəkdirmişdi. O şəkildə o qədər məğrur görünürdü! Çox xoşuma gəlirdi. Nə biləydim ki, bir gün o şəkil onun məzar daşına döyüləcək.

“İş yoldaşları çox etibarlı uşaqlardır”

– İş yoldaşları çox etibarlı uşaqlardır, bir il ərzində bizi tək buraxmadılar, bizimlə söhbətlər edirlər, ayaq üstə durmağa kömək edirlər. Analarını, həyat yoldaşlarını gətirirlər, bizimlə söhbət edirlər, balaca övladlarını gətirirlər, mənimlə vaxt keçirirlər, heç olmasa bir gün dərdimi unuduram. Bizə mənəvi dəstək lazımdır.

“Həyatda onun bir sirdaşı, dostu var idi…”

– Həyatda onun bir sirdaşı, dostu var idi, o da 82 yaşlı nənəsi, hər şeyi ona danışırdı. Dərdini, sirrini, yuxusunu belə onunla bölüşürdü, birinci nənəsi ilə məsləhətləşirdi. Axırıncı dəfə Xocavəndə gedəndə belə, bircə nənəsi ilə görüşmüşdü.

“Seymur baxışları ilə vidalaşdı mənimlə…”

– Hər dəfə işə maşınla gedəndə biz ona dualar edirdik, atası deyirdi, əvvəlcə “Allah” de, sonra maşına otur. Lakin Seymur axırıncı gedən günü dedi ki, maşınım idarənin həyətində qalmasın, halbuki harasa ezam olunanda avtomobili idarənin həyətində qalırdı və qayıdanda maşınla evə gəlirdi. Dedi, kimsə gəlsin mənimlə, maşınımı evimizin həyətinə qaytarsın. Düzdür, mən Seymurla vidalaşa bilmədim, ancaq pəncərədən baxdım onun dalınca. Seymur baxışları ilə vidalaşdı mənimlə, bu baxış mənə çox pis təsir etdi, ürəyimə pis şey damdı. Qaynımın gəlini soruşdu məndən niyə pis oluram, dedim Seymur getdi. O da dedi ki, bibi, Seymur həmişə gedir, inşallah tezliklə qayıdacaq. Mən dedim, qayıtmayacaq oğlum, hiss edirəm.

“Ananın güzgüsü sınır, ana birdən o güzgüyə baxa bilmir, saçını daramaq istəmir”

– Hər gün onun qəbrinə gedirik, sanki getməsək bizdən inciyər. Onunla dərdləşirik, deyirəm, Seymur, mən səndən razı qaldım, Allah da səndən razı qalsın. Bizim üçün çətindir oğul itkisi. Əgər bir ana oğlunu itirirsə, o ananın hər şey alınır əlindən, xoşbəxtliyi, xanımlığı, güzgüsü sınır, ana birdən o güzgüyə baxa bilmir, saçını daramaq istəmir. Allah bizə bu sərvəti qüsursuz vermişdi, qüsursuz da əlimizdən aldı. Yenə də heç nə demirik, Vətən sağ olsun.

“Bir şeydən peşmançılıq çəkirəm…”

– Bu torpağın alınmasında valideynlərin də əməyi olub, şəhid anaları və ataları olaraq Vətənə, cəmiyyətə sağlam övladlar böyütdük. Bu zəfəri biz bir yerdə qazandıq. Heç vaxt ailəmdən narazı olmadım, amma bir şeydən peşmançılıq çəkirəm. Əgər mən iki sağlam fikirli övlad dünyaya gətirib cəmiyyət üçün böyütdümsə, deməli, 3, 4, 5-də böyüdə bilərdim”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis alayının qulluqçusu Seymur Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar