Ru
15:50 / 24 İyun 2025

Sərhədin iki halı

Sərhədin iki halı
Eye

Çingiz Özgür

Siyasi şərhçilər demiş, geosiyasi vəziyyət heç də ürəkaçan deyil. Ən pisi isə budur ki, biz bu “ürəkaçmaz geosiyasi vəziyyətin” düz ortasında qalmışıq. Beləliklə də, ərazicə yekə-yekə qonşuların, o cümlədən dünənə qədər bizimlə yekə-yekə danışan qonşuların və digər çox yekə dövlətlərin hamısının işi bu günlərdə hansısa formada bizdən keçir. Bu “forma” bəzən uçan təyyarələr üçün hava yoludur, bəzən uçan bombaların dayandırılması üçün ümid yoludur, bəzənsə od-alovun içində qalmış üçüncü ölkə vətəndaşlarının tranzit keçiş yoludur. Bilmirəm, indi də bütün yollar Romaya aparır, ya yox, amma dəqiqi budur ki, bu saatlarda bütün yollar bizdən keçir – Azərbaycan dövlətinin sərhədlərindən. Biz öz sərhədlərimiz daxilində suveren, müstəqil və azad dövlətimizi qurub, oturmuşuq. Kiminləsə işimiz, kiminləsə ədavətimiz yoxdur. Biz sülh istəyirik, ədalətli sülh.

Bəli, azad və suveren ölkəmiz öz sərhədləri daxilində öz daxili işləri ilə məşğuldur. O sərhədlər ki, illərdir bağlıdır və zaman-zaman bu bağlılıq xeyli müzakirələrə səbəb olur. Sonra zaman gəlib yetişir və anlayırsan ki, zaman-zaman edilən o müzakirələr hamısı bir növ əbəs imiş. Sərhədin (nəinki sərhədin, bir xeyli başqa şeyin də) bəzi hallarda bağlı olmağı, açıq olmağından daha məsləhətlidir. Çünki sərhəd açıq olanda təkcə sən getmirsən, həm də sənə gəlirlər. Kim gələ bilər, hələ onu saxlayaq sonraya. Gəlin ilk olaraq “sərhəd mütləq açılmalıdır” deyən yoldaşların əziz xətri üçün baxaq görək, həmin o sərhədlər açıq olsa, hara gedəcəyik?

Əlbəttə ki, bu məsələdə Ermənistan adlı ölkə heç ağla da gəlmir. Biz o ölkənin quru sərhədlərindən keçməklə gedəcəyimiz bir yer var, o da yaşamaq üçün qayıdacağımız dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandır. Buna da görünən odur ki, hələ bir az var. Naxçıvana isə Ermənistan sərhədini keçməklə yox, Zəngəzur dəhlizi ilə gedəcəyik. Bax, bu, daha yaxın zamanda olacaq, inşallah!

Demək ki, quru sərhəd qonşumuzun biri avtomatik sıradan çıxdı. İkinci ağla gələn ölkə əlbəttə ki, Rusiyadır. Siz doğrudan da sərhədlər açıq olsa, hətta heç yoxlanış-filan da olmasa, bu od-alov içində olan ölkəyə getmək istəyirsiniz? Müharibə ölkəsinə, qırğın ölkəsinə, talan ölkəsinə getmək arzunuz ciddidirmi? Çox vacib işləri və dərin bağlılıqları olan insanlardan başqa, kiminsə gəzmək və ya istirahət üçün Rusiyanı seçəcəyi ağla gələn deyil. Yuxarıda dediklərimiz isə bineyi-qədimdən quru sərhədi yox, hava yolunu seçiblər – təyyarəni. Beləcə, quru qonşumuzun daha biri, həm də yekəsi sıradan çıxdı.

Yaxşı, gələk İrana. Sözdə gələk a, əməldə bu dəqiqə “İrana gəlməy”i iki zümrə arzulaya bilər: bir, müharibə reportyorları, jurnalistlər, bir də ağıldan kəmlər. Astaradan, Biləsuvardan, Culfadan, lap belə Zəngilandan da quru sərhədlər taybatay açılsa, biz İrana gedəcəyik? İran heç vaxt gediləsi ölkə olmayıb, bu aralar isə “uzaq durulası ölkə” statusundadır. İran da beləcə çıxdı siyahıdan.

Qardaş Türkiyə! Hə, burda işin şəkli dəyişir. Biz qardaş ölkəyə gedirik, getmək istəyirik və bu ölkəni çox sevirik. Amma ekonomik tərəfdən quru sərhədlə Türkiyəyə keçmək, sadəcə Naxçıvan Muxtar Respublikasının əhalisinə sərf edir. Onlar da ki, həmişə gedib-gəliblər. Əks halda, Bakıdan İstanbula getmək istəyən şəxs əvvəl Bakıdan Naxçıvana uçmalı, sonra quru yolla sərhəddən keçib İğdıra gəlməli, İğdırdan isə ya 24 saatlıq avtobus səfəri ilə, ya da təyyarə ilə İstanbula uçmalıdır. Birinci halda vaxt, ikinci halda isə xərc baxımından bu səfər sərf etməyəcək. Demək ki, bu dəqiqə bizə Türkiyə ilə sərhədin açılmasının da bir xeyri yoxdur. Zəngəzur dəhlizi açılsın, bu barədə düşünməyə dəyər.

Qaldı bir Gürcüstan. Hə, bütün bu “sərhədlər dərhal açılsın” hay-küyünüz Tiflisdə gedib gürcü çaxırından içib küçələrdə mahnı oxumaqdan yanadır demək. Bu qonşu ölkənin nə təhsil üçün, nə tibb üçün, nə də hansısa böyük biznes marağı üçün çəkici olduğuna məni inandırmaq istəməyəcəksiniz hər halda. Bu halda haqlı olaraq Gürcüstanda yaşayan soydaşlarımızın çəkdiyi əziyyət misal çəkilə bilər. Bunu da həmin insanlar üçün hava yolunda müvəqqəti güzəştlər yaratmaqla kompensasiya etmək olar. Bəli, müvəqqəti.

Sərhədlər mütləq ki, açılacaq, açılmalıdır. Amma bu qan-qada bir sovuşsun axı. Belə də ki, biz o kişilərin övladları, nəvələri deyilikmi ki, 70 il sovet dövlətində yaşadılar. O dövlətdə ki, bütün sərhədlərin (quru, su, hava) hamısı və həmişə bağlı idi. Nə tələsiklikdi, 70 il ata-babamız dözüb, 7 il də biz dözsək, dünya dağılacaqmı?

İndi gələk məsələnin ikinci tərəfinə – “gələnlər”ə. Əgər sərhədlər açıq olsa, yuxarıda dediyim kimi, təkcə biz getməyəcəkdik, həm də bizə gələcəkdilər. Məsələn, Rusiyada o mənfur müharibə başlayandan ta bu günə kimi həm kəmiyyət, həm də keyfiyyət olaraq kimlərin gələcəyini təsəvvür edə bilirsinizmi? Və yaxud İrandan gələcəkləri sadəcə kəmiyyət, say olaraq düşünün. Mən özüm bəzən xəyalımda sərhədləri açıram və Bakıda yarana biləcək vəziyyəti fikirləşməyə çalışıram. Siz də etməyə çalışın, görün nələr görünəcək...

“Sərhəd gözəl şeydir” – bunu hələ mən uşaq olanda kolxoz sahəsindəki üzümlüyümüzdə bizə qonşu olan və bizim bağımızın sərhədlərini keçib otu biçmək istəyən bağ qonşumuz deyirdi. Həm suçlu idi, həm güclü. Həm istəyirdi bizə aid olan sahədə otu biçsin, həm də sərhədləri dəqiq bilmədiyi üçün belə etdiyini deyirdi. Sonra biz ona sərhədin haradan keçdiyini göstərdik və rəsmi şəkildə “ultimatum” verdik ki, bir də sərhədi pozmaq istəsə, bizim bağdan keçən maşın yolunu, indiki deyimlə desək “quru sərhədi” bağlayacağıq. Beləcə, həmin o cığal qonşumuz çəkilib oturdu yerində.

Biz ölkə olaraq da cığal qonşularımıza sərhədi göstərdik. Və başa saldıq ki, ağıllarından nə isə başqa şey keçərsə, gördükləri sərhəd “müvəqqəti sərhəd” ola bilər. Bizim o cığal bağ qonşumuz da, bu birisi cığal qonşularımız da sərhədləri tanımaq məcburiyyətindədirlər. Eləcə də, bu sərhədin qapılarının bağlı və ya açıq olması tam daxili qərarımız, öz məsələmizdir. Görünən bu ki, hələlik bağlı qalmağı doğru imiş. Arzu edək ki, sərhədlərimizin açılmağının doğru olduğu günlər olsun. Hətta sərhədsiz günlər olsun. Atalarımız necə deyib: “Qonşu qonşu olsa, bağ çəpəri neyləyər?” O gün olsun ki, qonşumuz qonşu olsun!

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar