Ru
17:29 / 23 Aprel 2025

Strateji tərəfdaşlıq, etibarlı dostluq... - Azərbaycan-Çin əlaqələri yeni mərhələdə - ŞƏRH

Strateji tərəfdaşlıq, etibarlı dostluq... - Azərbaycan-Çin əlaqələri yeni mərhələdə - ŞƏRH
Eye

Azərbaycan-Çin münasibətlərinin tarixi min ildən əvvələ dayanır. Qədim İpək yolu vasitəsilə başlayan bu əlaqələr hazırda özünün ən yüksək inkişaf dövrünə qədəm qoyub.

İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli uzun əsrlər əvvələ gedib çıxsa da, iki ölkənin münasibətləri son 32 il ərzində daha çox möhkəmlənib.

1992-ci ilin aprelində qurulan Azərbaycan-Çin diplomatik münasibətləri ötən dövr ərzində xeyli inkişaf edib, iki ölkə müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəli sürüb.

Çinlə əlaqələrə böyük önəm verən Prezident İlham Əliyev 2003-cü ildən sonra bir neçə dəfə bu ölkəyə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.

Son illər ərzində də Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarını dəfələrlə ifadə edib. Bu münasibətlər yalnıs iqtisadi-siyasi deyil, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir.

2024-cü il iyulun 3-də isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu Bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edib.

Prezident İlham Əliyevin Çinə son səfəri isə iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Aprelin 23-də Pekində Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycanla Çin arasında mühüm sənədlərin imzalanması da bunu təsdiq edir.

Mərasim zamanı əvvəlcə Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayılar.

Daha sonra iki ölkə arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş, minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair memorandum, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə, texniki-iqtisadi əməkdaşlıq haqqında saziş, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokol, ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum, mədəni əməkdaşlıq haqqında protokol, kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında memorandum və s. mühüm sənədlər imzalanıb.

Millət vəkili Azər Badamovun fikrincə, Azərbaycan-Çin münasibətlərinin uğurla inkişaf etməsi ilk növbədə hər iki dövlət və onun liderlərinin münasibətlərin inkişafı və genişlənməsi üçün ortaq siyasi iradə göstərməsi ilə bağlıdır:


"Həmçinin qarşılıqlı maraqlar ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına yüksək impuls verir. Azərbaycanın malik olduğu multiregional xarici siyasət kursunda müxtəlif inkişaf səviyyəsinə malik olan dövlətlərlə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olması ölkəmizin böyük üstünlüyüdür. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu əlaqələr dövlətlərin böyüklüyündən və yaxud kiçikliyindən asılı olmayaraq, qarşılıqlı maraqlar və bir-birinə hörmət prinsipi əsasında inkişaf etdirilir. Azərbaycan-Çin münasibətləri buna yaxşı nümunədir".

Millət vəkili qeyd edib ki, Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir:

"İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır.

Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsi ildən ilə artır. Bu da ticari-iqtisadi əməkdaşlığımızın çox əhəmiyyətli dərəcədə töhfələr verdiyinin göstəricisidir. Çin Azərbaycanın 4-cü xarici ticari tərəfdaşıdır. Gələcəkdə əməkdaşlığımızın genişləndirilməsi potensialı çox genişdir. Bu baxımdan Bakıda keçirilmiş iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycanın Çinin 7 şəhərində Ticarət Evləri açılıb və “Made in Azerbaycan” brendi altında məhsullarımız satışa çıxarılır. Gələcəkdə Çində Ticarət Evlərimizin sayının daha da artırılması ilə bağlı razılıq əldə olunub.

Çin Azərbaycana müasir texnologiyalar və innovasiyalar idxal edir. Bu da yaşıl gündəliyimizin sürətlə icra olunmasına və ölkəmizin iqtisadiyyatının sürətlə inkişafına impuls verir. Bu gün Azərbaycanda 378 Çin şirkətinin qeydiyyatdan keçməsi və 298-nin aktiv olması qarşılıqlı investisiyaların artmasına və iqtisadi əməkdaşlığımızın inkişaf etdirilməsinə töhfə verir. Azərbaycan Çinin təqdim etdiyi “Bir kəmər, bir yol” layihəsinə qoşularaq Orta dəhlizin ərsəyə gəlməsinə töhfə verib. Bakı Beynəlxalq Ticarət Limanı, Bakı-Tiblisi-Qars dəmir yolu və Dəniz Donanmasının artırılması istiqamətində atılmış addımlar ölkəmizin tranzit qabiliyyətini və Çinlə Avropa arasında daşımalarda körpü rolu oynamağımızın əhəmiyyətini artırır".


Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım isə deyib ki, Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir:


"Ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarının görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir".

Millət vəkili qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət münasibətləri də qənaətbəxşdir:

"Bundan başqa, Çin COP29-un ölkəmizdə keçirilməsini də yüksək səviyyədə dəstəkləyən dövlətlər sırasında olub. Çin Xalq Respublikasının da böyük nümayəndə heyəti ilə iştirakı Azərbaycana olan isti münasibətin ifadəsidir. “Bir kəmər, bir yol” layihəsi indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox önəmli təşəbbüsdür. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu. Ötən dövr ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Ələt limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və bu göstəricinin 25 milyon tona qədər artırılması nəzərdə tutulur. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Eləcə də, Zəngəzur dəhlizi reallaşandan sonra bu layihənin önəmi daha da artacaq. Məlumdur ki, Çinin qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu baxımdan, Azərbaycanın bu ölkə ilə iqtisadi münasibətlərinin böyük əhəmiyyəti var. Bu münasibətlər beynəlxalq platformalar çərçivəsində də uğurludur. Hər iki ölkə beynəlxalq müstəvidə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və bu gün də dəstəkləyir.

Bütövlükdə, ölkələr arasında əməkdaşlıq üçün çox möhkəm baza mövcuddur. 30 ildən artıq müddətdə davam edən siyasi münasibətlər artıq bizim strateji tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Ölkəmiz Orta Dəhlizlə bağlı Çin lideri Si Cinpinin təşəbbüslərini də tam dəstəkləyir".

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar