Yeni Roma Papası XIV Lev ilk moizəsində İsa Məsihi "supermen" və ya sadəcə xarizmatik lider kimi görən şəxslərin əslində imanlarını inkar etdiyini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Bu gün də tez-tez İsa, hərçənd ki, bir insan kimi dəyərləndirilir, ancaq yalnız xarizmatik lider və ya supermen kimi qəbul olunur. Bu, təkcə inanclı olmayanlar arasında deyil, eyni zamanda bir çox xaç suyuna salınmış insanlar arasında da belədir. Nəticədə isə onlar faktiki olaraq ateizmlə yaşayırlar", deyə Papa vurğulayıb.
Onun sözlərinə görə, insanlar iman əvəzinə "başqa təhlükəsizlik növlərinə" üstünlük verirlər. XIV Lev bu təhlükəsizliklərin texnologiya, pul, uğur, hakimiyyət və həzz olduğunu bildirib.
O əlavə edib ki, "zəif və çox da ağıllı olmayan" insanlar bəzən xristian inancını "absurd bir şey" kimi qəbul edirlər.
8 may tarixində XIV Lev ilk dəfə Vatikanın Sikstin kapellasında dindarlara xitab edib və ilk nitqini söyləyib. O, Konklav zamanı kardinal səsləri ilə seçilərək 267-ci Roma papası olub. XIV Lev müqəddəs taxta seçilən ilk amerikalıdır.
Onun sələfi, Papa Fransisk (Xorxe Mario Berqolyo) 2025-ci il aprelin 21-də uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, 2013-cü ildə səhhətindəki problemlərə görə taxtdan çəkilən XVI Benedikti əvəz etmişdi.