Ru
16:55 / 31 Mart 2023

"Su təsərrüfatında mərkəzləşdirilmiş quruma çoxdan ehtiyac vardı" - Ekspert

6180
"Azərbaycanda su ehtiyatlarının idarə olunması mərkəzləşmiş bir təşkilatın əlində cəmləndi. Burada müxtəlif tərəflərin maraqları daha yaxşı ifadə oluna bilər".

Bunu Bakupost.az -a açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov Su Ehtiyatlarının İdarə Olunması Agentliyinin yaradılmasına münasibət bildirərkən deyib.

Onun fikrincə, “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilməsi məqsədəuyğundur:

“Çünki əvvəllər bizdə su istifadəçiləri ilə təşkilatlar arasında konfliktlər var idi. Bəzən içməli su lazım olan yerlərdən suvarma suyu götürürdülər. İnsanlar içməli su qıtlığından əziyyət çəkirdi. Bütün bunların mərkəzləşdirlməsinə çoxdan ehtiyac var idi. Azərbaycan su sıxıntısı yaşayan bir ölkədir. Belə bir ölkədə geniş səlahiyyətlərə malik olan vahid idarəetmə qurumunun olması çox vacibdir”.

R.Abbasov mövcud problemlərə də diqqət çəkib və Agentliyin fəaliyyət planının hazırlanmasını zəruri hesab edib:

“Əsas dəyişmələr bundan sonra başlayacaq. Hər şey qurumda təmsil olunan mütəxəssislərin işə münasibətindən, işi necə quracağından asılıdır. Fərmanda hansı işlərin görülməsi ilə bağlı qeydlər var. Amma fəaliyyət planı hazırlanmalıdır. O fəaliyyət planında yaxın illərdə gözlənilən bütün dəyişikliklər əks etdirilməlidir. Əsasən, kiçik fermerlərin maraqları qorunmalıdır. Onlar son illərdə su qıtlığı səbəbilə çox şey itirib. Ölkədə ərzaq istehsalına ziyan dəyib. Ailə-kəndli modelinin qorunması və inkişaf etdirilməsi üçün suvarma suyunun təchizatı çox vacibdir. Bu istiqamətdə böyük, faydalı işlər görmək lazımdır”.

Aynur İbrahim
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər