Ru
15:31 / 12 Noyabr 2026

Sumqayıtda 40 bina SÖKÜLƏCƏK - 1500 ailənin taleyi necə olacaq?

Sumqayıtda 40 bina SÖKÜLƏCƏK - 1500 ailənin taleyi necə olacaq?
Eye

Sumqayıt şəhərində köhnə və istismar müddətini başa vurmuş təxminən 40 binanın sökülməsi, 1500-ə yaxın mənzilin bu prosesə cəlb edilməsi planlaşdırılır.

Bunu "Bakupost" açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, artıq müəyyən ünvanlarda hazırlıq işlərinə başlanılıb, inventarizasiya prosesi aparılır:

"Bu tədbirlər Sumqayıt şəhərinin yenidən qurulması, köhnə mənzil fondunun yeni yaşayış binaları ilə əvəzlənməsi istiqamətində həyata keçirilir. İlkin mərhələdə 21-ci və 29-cu məhəllələrdə, 2-ci mikrorayonun 17-ci məhəlləsində, eləcə də 5-ci məhəllədə yerləşən Kimyaçılar yaşayış massivindəki qəzalı binaların sökülməsi nəzərdə tutulur. Sakinlərə veriləcək kompensasiyanın məbləği ərazidən və həmin ərazilərdə yeni binaların tikilib-tikilməyəcəyindən asılı olacaq. Yeni yaşayış binalarının inşa ediləcəyi ərazilərdə sakinlərin mənzillə təmin olunması, tikinti aparılmayacaq ərazilərdə isə pul kompensasiyasının ödənilməsi planlaşdırılır. Kompenasasiya məbləği 1 500-2 000 manat aralığında nəzərdə tutulur", – deyə o bildirib.

Söküntü işlərinin başlanma vaxtı və yekunlaşma müddətinə gəlincə, Vüqar Oruc bu prosesin hər bir ərazi üzrə layihələndirmə, inventarizasiya, maliyyələşmə və sakinlərlə razılaşmadan asılı olacağını qeyd edib.

"İlkin hazırlıq işləri aparılsa da, bütün binalar üzrə konkret söküntü qrafikinin və yekun tarixlərin rəsmi şəkildə açıqlanması vacibdir".

Vüqar Oruc əlavə edib ki, sakinlərə kompensasiya ödənilməsi ilə yanaşı, yeni tikiləcək binalarda mənzillə təminat mexanizmi də nəzərdən keçirilməlidir:

“Düşünürəm ki, belə layihələrdə sakinlər üçün iki əsas alternativ olmalıdır: ya onların əmlakının real bazar dəyərinə uyğun ədalətli pul kompensasiyası verilməli, ya da yeni tikilidə əvvəlki yaşayış şəraitini qoruyan, mümkün qədər daha əlverişli mənzil təqdim olunmalıdır. Burada əsas məsələ vətəndaşın seçim hüququnun və mülkiyyət maraqlarının qorunmasıdır.Köhnə mənzilin sahəsi, yerləşdiyi mərtəbə, otaqların sayı, binanın yerləşmə mövqeyi və ərazinin bazar qiyməti kompensasiyanın müəyyənləşdirilməsində nəzərə alınmalıdır. Bütün mənzillərə eyni qiymət yanaşmasının tətbiqi obyektiv qiymətləndirmə prinsiplərinə uyğun olmaz”.

AQC İdarə Heyətinin sədri hesab edir ki, kompensasiya məbləğlərinin müəyyənləşdirilməsində müstəqil peşəkar qiymətləndirmənin tətbiqi mübahisələrin qarşısını almağa kömək edə bilər. Eyni zamanda, yeni mənzillərin təhvil verilməsinə qədər sakinlərin müvəqqəti yaşayış və kirayə xərcləri də əvvəlcədən razılaşdırılmalıdır.

Vüqar Oruc bildirib ki, Sumqayıtda nəzərdə tutulan yenidənqurma layihəsi düzgün planlaşdırılarsa, şəhərin yaşayış fondunun keyfiyyətinin yüksəldilməsinə, əmlak bazarının inkişafına və şəhər mühitinin müasirləşdirilməsinə töhfə verə bilər.

“Bizim üçün əsas meyar tikilən yeni binaların sayı deyil, bu proses nəticəsində vətəndaşların həyat şəraitinin necə dəyişəcəyidir. Şəhər yenilənməli, amma bu yenilənmənin mərkəzində insan və onun mülkiyyət hüquqları dayanmalıdır”, – deyə o əlavə edib.

Lalə Novruz, BakuPost

Şərhlər
  • Roma

    Sumqayıtı da Xırdalanın, Masazırın və ən əsası Bakının gününə salacaqlar. Belə ki, şəhərin mərkəzində, yəni 4, 5,16, 17, 19, 20, 21-ci, Birləşmiş (abyedinyonnu məhəllə) məhəllələrdə, hələlik 2-3 mərtəbəli evlər sökülərək, yerində 15-20 mərtəbəli evlər tikilir və bu da şəhərin qurulmuş təsərrüfatına, yumşaq desək çox böyük zərbədir. Hündürmərtəbəli binalar özü ilə çoxlu problemlər yaradır, 1-cisi onların həyətləri olmur, olanların da qabağı maşınlarnan dolu olur ki, insanlar bloklarına girməyə çətinlik çəkirlər. 2-cisi həmin binalara su təzyiqlə vurulmalıdır ki, bütün mənzillər istifadə edə bilsin, ancaq boru partlayarsa (belə bir hal bu yaxınlarda 19-cu məhəllədə, H. Əliyev küçəsində baş vermişdi) bütün ətrafı su basmış olur ki, bunun da fəzadlarını saymağa ehtiyac duymuram. 3-cüsü həmin binalarda yanğın baş verərsə, insan tələfatı qaçılmaz olur...və s. və i.a...

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar