Ru
12:13 / 30 Sentyabr 2022

Talesiz "Çapar", yorğun Kəramət, təəccüblənən Əylisli... - IV Milli Kitab Sərgisindən REPORTAJ

47438
IV Milli Kitab Sərgisinin dördüncü günündəyik. Bakı İdman Sarayınının geniş zalında kitab bayramı bütün sürəti və coşqusu ilə davam edir.


Ara günlərində sərgidə fəallıq nisbətən aşağı olsa da, ümumi mənzərə qənatəbəxşdir.


İlk dəfə Milli Kitab Sərgisinə oxucu qismində getdiyim zamanı xatırlayıram. Açığını deyim, media sahəsində, kitablardan ziyadə, o kitabları ərsəyə gətirən adamların mühitində olsam da, ilk dəfə kitab sərgisində iştirak edəndə özümü o möhtəşəm qələbələyin bir parçası kimi hiss etmişdim və bu rəngarəng dünyada olmaqdan böyük zövq almışdım. O gün bu gündür, heç bir kitab sərgisini qaçırmamışam. Amma bu dəfə burda oxumaq üçün deyil, oxuyanlar üçün varam.



Sərginin təşkil olunduğu böyük zalın hər tərəfində söhbət ancaq kitabdan gedir. Kitab alan alır, artıq alış-verişini yekunlaşdıranlar bir küncə çəkilib hansısa əsəri müzakirə edir, bəziləri də imza günləri və görüşlərin keçirildiyi məkanda toplanıb görüş vaxtını gözləyir.


Milli Kitab Sərgisinin bir özəlliyi də ondandır ki, burada təkcə imza günləri və kitab satışları həyata keçirilmir, sərgi eyni zamanda oxucuların bir-biri ilə, yazarlarla dostluq körpüsü rolunu oynayır. Mən hər zaman insanların canlı ünsiyyətinin, müzakirələr aparmasının, üz-üzə baxmasının dəyərinə inanmışam. Bunun içində həm də bir az ədəbiyyat var. Hər nə qədər sosial dünyaya aludə olsaq da, bir çox problemlərimizə onlayn həllər tapsaq da, insanların gülər üzünü canlı görüb, bir kəlimə söhbət etməyin yerini heç nə tutmur.





Milli Kitab Sərgisinin təşkilatçısı, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu hər zaman olduğu kimi bu dəfə də ayaqüstdədir. Qonaqları qarşılayır, sərgidə iştirak edənlərlə maraqlanır, arada vaxt tapıb oxucularla ədəbi söhbətlər edir.


Yazıçıların, oxucuların, nəşriyyatların, redaktorların bir araya gəldiyi nəhəng platforma var. Stendlər arasında dolaşdıqca diqqətimi kitab satışını həyata keçirən gənclər çəkir. Alıcıları stendə dəvət edərkən üzlərindəki parlaq təbəssüm adamı istər-istəməz kitab almağa sövq edir. Onların üzündə böyük ticarət mərkəzlərində, hipermarketlərdə çalışan satıcıların üzündəki yorğun, əsəbi, kədərli ifadə yoxdur. Stendə yaxınlaşan hər kəs mütləq kiçik həcmli də olsa, bir kitab alır.


Stendlər arasında gəzə-gəzə “Çapar” dərgisinin stendinə yaxınlaşıram. Burada diqqətimi ilk çəkən məqam dərgilərin düzüldüyü masaya heç kimin yaxınlaşmaması oldu. Amma bu məni təəccübləndirmədi. Çap mediasının ən talesiz dövrünü yaşayan nümunələrindən biri də məhz dərgilərdir. Halbuki Avropada dərgi, qəzet oxumaq kültür göstəricisi sayılır. Səbəblər əlbəttə, məlumdur, bəs, illərdir bu maraqsızlığın fonunda hələ də usanmadan dərginin nəşrini həyata keçirən “Çapar” komandası ümidlərini nəyə bağlayır?


Yusif İlhamoğlu: “Bizim ümidimiz bu gün burda gördüyünüz gənclərədir. Nə etsə, onlar edəcək. Köhnə nəsildən heç bir gözləntimiz yoxdur. Fikir verirsiniz, kitab alan, sərgidə iştirak edənlər ancaq gənclərdir. Onlara cümhuriyyət tarixi maraqlıdır, nəinki yaşlı nəsilə. Yaşlı nəsil arasında hələ də Məhəmməd Əmin Rəsulzadənin eşşəyi tərsinə minib Azərbaycandan qaçdığını düşünənlər var. Bəli, bu dərginin alıcısı həddindən artıq azdır. Məsələn, sərgi boyu satdığımız nüsxələrin sayı 10-15-i keçmir”.






Sərgiyə axının digər illərlə müqayisədə az olduğunu deyən Y. İlhamoğlu bunun əsas səbəbinin sosial problemlərdən qaynaqlandığını deyir: “Mən deməzdim ki, insanların kitaba marağı yoxdur. Sadəcə olaraq, insanlarda pul yoxdur. Bayaq da dedim, kitab alan, kitab oxuyan, sərgiyə gələn əsasən, gənclərdir. Gənclər də kimdir? Tələbədir, şagirddir”.


Hazırda orta məktəblərdən birində riyaziyyat fənnini tədris edən Y. İlhamoğlu müəllimlərin əksəriyyətinin kitaba maraq yaratmaqda fəallıq göstərmədiyini deyir: “Mən özüm riyaziyyat fənni tədris etsəm də, tarixlə məşğulam. Azərbaycanda tələbəyə, şagirdə kitab sevdirən, təbliğ edən müəllimlər çox azdır. Şagirdləri sərgiyə gətirən müəllimlərə fikir verirəm. Şagirdlər kitab alır, müəllim almır”.


“Çapar”çılarla sağollaşıb sərgi turuma davam edirəm. Kəramət Böyükçölün ortalıqda gəzişdiyini gördüm. Stendi yox idi. Bu dəfə dəstək üçün burdadır. Kəramət ilk dəfədir sərgidə kitab satmır. Bu yenilik idi. Amma yenə öz ampluasındadır. Ümidsiz, yorğun, dərvişanə...





Kəramət Böyükçöl: “Azərbaycanda hər şey, hamı tükənib. Mən də tükənmişəm. Kitab satmıram, yazmağı da, müsahibə verməyi də dayandırmışam. Feysbuk hesabımı da dondurmuşam. Yorulmuşam..."

Sizi bilmirəm, amma mən Kəramətə inanmadım.


Onu yorğunluğu ilə baş-başa qoyub stendlərin arasında ağır-ağır dolaşan Azərbaycan müasir ədəbiyyatının ən ucaboylu, enlikürəkli yazıçısı Şərif Ağayara yaxınlaşıram. Kəramətdən fərqli olaraq xeyli nikbindir:





“Milli Ktab Sərgisinin özəliyi odur ki, Azərbaycan tarixində ilk dəfə bu sərgini müstəqil nəşriyyatlar keçirir. Müstəqil nəşriyyat nə deməkdir? Yəni sırf kitabla dolanan, heç bir yerdən dəstək almayan nəşriyyatlar. Bir sözlə, sərgini nəşriyyatlar təşkil edir, oxucular həyata keçirir. Sərgi oxucunun alıcılıq qabiliyyətinə görə ayaqda durur. Artıq 4-cü dəfə keçirilirsə, deməli, bu proses gedir. Bu, Azərbaycan kitabının əsl, real vəziyyətidir. Ona görə də ümidsiz olmağa dəyməz. Açılış günündən başlayaraq zəngin proqramımız olub. Qazi şairlərlə görüş keçirilib, Rüstəm Behrudi, Çingiz Abdullayevlə, Cavanir Quliyevlə, Niyazi Mehdi və Əkrəm Əylisli ilə görüş keçirildi. Qarşıdakı günlərdə də bir-birindən maraqlı proqramlar var. Oxucuların bu görüşlərdən böyük zövq aldığını hiss etməmək mümkün deyil”.


Oxuduğunuz yazıçıların, şairlərin özləri sizə maraqlı deyilmi? Milli Ktab Sərgisi oxuculara həm də bu fürsəti təqdim edir. Sərgini dolaşarkən kitablardan başqa, o ktabları yaradanları, yazanları dinləyə bilər, aldığınız kitabları imzalada bilərsiniz.
Burada çeşidlər o qədər çoxdur ki, il ərzində heç olmasa, həftədə bir dəfə kitab mağazalarına baş çəkən, kitab təqdimatlarını qaçırmayan birinin belə, sərgidə heç oxumadığı, rast gəlmədiyi kitablarla qarşılaşacağına şübhə yoxdur. İllərlə görmədiyiniz dostlarla qarşılaşmağın sevincini yaşamaq da mümkündür burda.



Sərgi stendləri olduqca zəngin və rəngarəngdir. Məncə, Milli Kitab Sərgisinin ən gözəl tərəflərindən biri də budur. Burada təkcə kitab deyil, eyni zamanda xeyriyyə məqsədləri iləəl işlərindən ibarət məhsulların da satışı həyata keçirilir.




Stendlərin birindəki əl işlərini bir neçə zərif xanım qan xərçəngindən əziyyət çəkən bir qız üçün satışa çıxarıblar. Milli Kitab Sərgisi həm də insanlığın ölmədiyini bizə xatırladan, yaşatmaq üçün çaba sərf edə insanlarla aramızda körpü olur.


Sərginin nəşriyyat və yazıçılar arasında heç bir ayrı-seçkilik qoymadan, azad, müstəqil bir mühitdə keçirilməsi onun əhəmiyyətini bir az da artırır.


Sosial şəbəkələrdə bir qism insanın etirazlarına baxmayaraq, uzun illər sonra yazıçı Əkrəm Əylisli ilə görüşün və imza günün keçirilməsi ilə Milli Kitab Sərgisi insanları ədəbiyyatın, kitabın insanları qütblərə ayıran, deyil birləşdirən bir amil olduğunu dərk etməyə dəvət etmiş oldu.



Görüşə çatmasam da görüşdən sonra Əkrəm Əylisili ilə ayaqüstdü bir neçə dəqiqə söhbət etdik. Gözlərindəki sevinci, məmnunluğu hiss etməmək mümkün deyildi. Qalmaqallara səbəb olan məlum əsərdən sonra Əkrəm Əylisli yazıçı kimi bəlkə də ilk dəfə həmin gün xoşbəxt idi və xoşbəxtliyini belə dilə gətirdi:

“Mən oxucularla görüşdən çox məmnun qaldım. Belə möhtəşəm alınacağını təsəvvür etmirdim. Uzun illərdir, hardasa "xalq düşməni" elan olunduqdan bəri oxucularımla belə möhtəşəm görüşüm olmamışdı. Yoruldum, amma dəydi buna. Gözəl hisslərlə ayrılıram".




Sərgidə nəinki böyüklər, uşaqlar da öz dünyalarını oxşayan maraqlı kitablar əldə edə bilər. Uşaq kitablarının satıldığı stendlərin önündə arzulanan qələbəlik olmasa da, kitablarla maraqlanan azyaşlı dostlarımızı seyrək də olsa, görmək xoş idi.





Bir azdan mərhum yazıçı Rafiq Tağının anım günü keçiriləcəkdi. Görüşün keçirildiyi məkanda oturan məktəblilərə yaxınlaşıram. Digər yoldaşlarından fərqlənən, dil qəfəsə qoymayan balacaboy, qarayanız bu oğlanın adı Əlidi. Əli 8-ci sinif şagirdidi. Xeyli kitab alıb sərgidən. Əli deyir, sərgiyə öz istəyi ilə gəlib: “Müəllimə dedi, belə bir sərgi var. Kitablar da endirimlidir. Mən də getmək istədiyimi bildiridim. Burda vaxt keçirtmək çox gözəldir. Yeni kitablar almışam”.



Dəyişdirilməli vərdişlərimizdən biri də uşaqlarımıza oxuyacaqları kitabları seçməkdən əl çəkməkdir. Çünki övladlarımızın dünyasına səslənən kitabların hansı kitablar olduğunu ən yaxşı özləri bilir. Bəlkə də bizim yönləndirmələrimiz və hər şeydə olduğu kimi bu mövzuda da tətbiq etdiyimiz məcburiyyət üzündən uşaqlarımız kitablardan soyuyur.



Bir neçə dəqiqə sonra “Qanun “ nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu yanımıza gəlir və məktəblilərlə maraqlı bir dialoq qurur. Təbii ki, onların çoxunun Şahbaz bəyin kimliyindən xəbəri yoxdur. Əli əyilib məndən onun kim olduğunu soruşur. Mən də böyük zövqlə, əlində tutduğu və sevə-sevə seçib aldığı kitabları onlar üçün tərcümə etdirib nəşr edən nəşriyyatın rəhbəri olduğunu deyirəm. Əlinin təəccübdən gözləri böyüyür. Bir az yaxına gedir və onu maraqla dinləməyə başlayır.


Milli Ktab Sərgisi kitabın bir ehtiyac olduğunu, yazıçının isə nüfuzlu bir peşənin təmsilçisi olduğunu hiss etdirir.

Ədəbi mühitin melonxolik şairi Cəlil Cavanşir sərgidə inszanların seyrək olmasını iş günü olması ilə əlaqələndirir: “İnsanlar əsasən, işdən sonra gəlməyə başlayırlar. Həftə sonları isə xeyli qələbəlik görmək mümükündür. Mənfi-müsbət, bütün tərəfləri ilə kitab sərgilərinin olması, oxucuların kitaba toxunması, kitabla görüşməsi çox əhəmiyyətlidir. Mən ümidliyəm. Qarşımızdakı illərdə kitab sərgisinin daha uğurlu olacağına ümid edirəm”.


Sabah həftə sonudur. Həftə sonunuzu daha zövqlü və əyləncəli keçirmək istəyirsinizsə, mütləq ailəliklə IV Milli Kitab Sərgisinə gəlmənizi tövsiyə edirəm. Həm kitabxananızı, həm də özünüzü yeniləmək üçün yaranmış fürsəti qaçırmayın.






Günel Musa
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər