Tanınmış jurnalist AzTV-də möhtəşəm layihəyə başladı - “Qızıl Alma” - VİDEO
6248
Azərbaycan Televiziyasının Mədəniyyət kanalının efirində tanınmış jurnalistlər Aida Eyvazlı və Savalan Talıblının təqdimatında “Qızıl Alma” verilişinin ilk buraxılışı efirə gedib.
Verilişin aparıcısı Aida EyvazlıBakupost.az -a açıqlamasında "Qızıl alma"nın qayəsi və növbəti buraxılışlarda yer alacaq mövzulardan danışıb.
Onun sözlərinə görə, verilişdə türk xalqlarının tarixi keçmişi, türk tarixini yaradan və yazan şəxsiyyətlər, dünya mədəniyyətinin və tarixinin formalaşmasında türk insanının rolundan danışılacaq:
""Qızıl alma" hədəfini özünə yol tutan insanların məqsəd və amalından, arzularından, yazılı daş kitablarda qalan məktublarımızdan, Türk Birliyi üçün zaman-zaman canını fəda etmiş, bu yolda həlak olan qəhrəmanlardan, oxunmayan, unudulan kitablarımızdan bəhs edəcəyik. Həmçinin "Qızıl alma" verilişində dünyada yaşayan müxtəlif xalqların fərqli mədəniyyətləri, onların türk dünyasına bəxş etdiyi mədəniyyət inciləri, eləcə də türk dünyasından və mədəniyyətindən götürdükləri ənənələrə də yer veriləcək".
Aida Eyvazlı qeyd edib ki, verilişə dəvət olunan hər bir xalqın nümayəndəsi öz ana dilində danışacaq:
"Qonaqlar doğma dillərində danışacaq, onların dedikləri sinxron tərcümə ilə titrlərdə yazılacaq. Düşünürəm ki, "Qızıll alma" verilişi ortaq türk dilinin öyrənilməsi üçün məktəb rolunu oynayacaq.
Verilişin auditoriyasının ölkəmizdən kənarda, əsasən də türk dilində danışan xalqlar arasında daha da genişlənəcəyinə ümid edirik. Kökümüzə, tariximizə, ortaq dəyərlərimizə qayıdış, onun təbliği, yaşadılması verilişin əsas prinsiplərindəndir".