Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarı şəxsiyyət hüquqlarının qorunması sahəsində mühüm dəyişikliklərə səbəb olub.
Yeni qərarda bu hüquqların müdafiəsi və pozulması hallarında tətbiq ediləcək hüquqi mexanizmlər yenidən tənzimlənmiş, yayılma anlayışı genişləndirilmiş və ilk dəfə olaraq yayılma zamanı media subyektlərinin roluna, onların məsuliyyətinə də aydınlıq gətirilib.
Yayılma məlumat və ya ifadələrin üçüncü şəxsə və ya qeyri-müəyyən şəxslər dairəsinə onların eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsidir.
Plenum qərarında yayılmanın audio-video yazı və yaxud canlı yayım vasitəsi ilə baş verməsindən asılı olaraq media subyektlərinin məsuliyyəti də fərqləndirilmişdir: yayılma audio-videoyazı yolu ilə edilmişsə, birmənalı olaraq media subyekti məsuliyyət daşıyır.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən yayılma canlı efirdə baş verdikdə media subyektinin məsuliyyəti istisna edilir. Bu normada canlı efir dedikdə əvvəlcədən planlaşdırılmayan və proqnozlaşdırılmayan, yalnız bir canlı yayımda efirə getmiş çıxış başa düşülməlidir.
Əgər çıxışlar mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarında yayımlanırsa, artıq bu norma tətbiq olunmayacaq və bu halda media orqanı məsuliyyət daşıyacaq. Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı zaman media subyekti yalnız o halda məsuliyyət daşımayacaq ki, canlı efirə çıxacaq şəxsləri səsləndirəcəkləri ifadə və məlumatlara, habelə yol verəcəkləri hərəkətlərə görə müvafiq qaydada məsuliyyət daşımaları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etsin.
Şərəf və ləyaqəti, işgüzar nüfuzu alçalan şəxs pozuntunun təsbit edilməsi, pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi), pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.) və digər üsulların tətbiq edilməsi məqsədilə məhkəmədə iddia qaldıra bilər.
Mövzu ilə bağlı
Bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, media subyektlərinin davranışlarında intizamın və məsuliyyətin olması çox vacibdir:
“Bəzən biz sözünün məsuliyyətini bilməyən, davranışlarının ictimai məsuliyyətini dərk etməyən müxtəlif insanların mediada kütləvi auditoriya qarşısına çıxarılmasına şahidlik edirik. Bu həm yazılı, həm də vizual mediaya aiddir. Ona görə də burada biz medianın məsuliyyətini axtaran zaman sadəcə ictimai qınaq vasitələri və Audiovizual Şuranın tətbiq etdiyi müəyyən cəzalar və xəbərdarlıqlarla kifayətlənmiş oluruq. Bu isə göründüyü kimi ictimai rəy və cəmiyyət qarşısında media subyektlərinin məsuliyyətini bir növ azaltmış olur, onlar özlərini bu məsuliyyətdən kənarda hiss edirlər. Düşünürəm ki, bu qərar çox doğru qərardır və nəhayət biz çoxdan arzuladığımız intizam və məsuliyyət hadisəsinə şahidlik edəcəyik”.
Media eksperti Yadigar Məmmədli isə bildirdi ki, bu dəyişikliklər ümumilikdə mütərəqqi xarakter daşıyır:
“Bu qanun 1999-cu ildə qəbul olunmuşdu. Həmin vaxtdan bu sahədə çoxlu dəyişikliklər baş verib. Məsələn, bu gün sosial şəbəkələrdə canlı yayımlar adi hala çevrilib. İstənilən mövzu sosial şəbəkələrdə yayımlanır və bəzən bu yayımlar zamanı insanların şərəf və ləyaqətinə xələl gətirilir. Buna müəyyən bir nizam gətirilməlidir”.
Ekspertin sözlərinə görə, yeni qərarla şərəf, ləyaqət və işgüzar nüfuz anlayışlarına daha aydın hüquqi qiymət verilib:
“Əvvəllər məhkəmə praktikasında bu anlayışlarla bağlı bəzən qarışıq, ziddiyyətli qərarlar olurdu. İndi isə məsələ daha dəqiq çərçivəyə salınıb. Bu da hüquqi baxımdan olduqca vacibdir”.
Yadigar Məmmədli qeyd edib ki, Media haqqında qanunun 77-ci maddəsinə əsasən canlı yayımlarla bağlı müəyyən istisnalar mövcuddur:
“Qanunda göstərilir ki, media orqanları birbaşa canlı yayım zamanı səsləndirilən fikirlərə görə məsuliyyət daşımaya bilərlər. Lakin burada başqa bir məqam ortaya çıxır. Məsələn, bir şəxs canlı yayıma qoşularaq fikir bildirirsə və əvvəlcədən qeyd olunursa ki, səsləndirilən fikirlər medianın deyil, həmin şəxsin mövqeyidir, bu halda məsuliyyət fərqli olur. Əvvəllər qəzetlərdə də belə praktika var idi – müəllif yazı yazırdı və sonunda qeyd edilirdi ki, bu fikir redaksiyanın mövqeyi ilə üst-üstə düşmür. Bu zaman redaksiya məsuliyyət daşımır. Amma əgər belə bir qeyd yoxdursa və istənilən şəxs canlı yayıma qoşularaq kiminsə barəsində fikir bildirirsə, artıq məsuliyyət yaranır”.
Ekspert əlavə edib ki, bu qərar mediaya qarşı təzyiq kimi qiymətləndirilməməlidir:
“Media fikirlərini sərbəst şəkildə ifadə edə bilər. Sadəcə olaraq, bu qanunun zəruriliyi sosial şəbəkələrdə canlı yayımların çoxalması və həmin yayımlarda işgüzar nüfuzun, şərəf və ləyaqətin alçaldılması, böhtan xarakterli məlumatların yayılması ilə bağlıdır”.
Xüsusilə onlayn media bolluğu şəraitində canlı efirdə ayrı-ayrı şəxslər haqqında uyğun olmayan ifadələr səsləndirildiyini vurğulayan media eksperti Azər Həsrət bildirdi ki, insanların şərəf və ləyaqəti təhqir olunur və bu, çox vaxt cavabsız qalır. Onun sözlərinə görə, bundan sonra media qurumları efirə çıxardıqları şəxslərin fikirlərinə daha diqqətlə yanaşmalı olacaqlar:

“Çünki indiyə qədər bəzi hallarda kimlərsə efirdə kimisə təhqir edir, bundan sensasiya yaradılırdı və bu pis təcrübə getdikcə genişlənirdi. Bu gün Azərbaycanda bəzi media subyektləri məhz başqalarına böhtan atmaq, təhqir etmək, işgüzar nüfuzu zədələməklə auditoriya toplamağa çalışırlar. Artıq bundan sonra media subyektləri efirə çıxardıqları, danışdırdıqları şəxslərin söylədiklərinə daha diqqətli yanaşmalı olacaqlar. Bu, faktiki olaraq məsuliyyətin daha da artırılması deməkdir. Buna həqiqətən ciddi ehtiyac var idi və yaxşı ki, bu istiqamətdə addımlar atılır. Çünki çox vaxt insanlar azadlıqlarından istifadə edirlər, amma məsuliyyət hissini arxa plana keçirirlər. İndi isə yavaş-yavaş elə bir mərhələyə gəlib çatırıq ki, məsuliyyət anlayışı ön plana çıxmalıdır”.
Lalə,
BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanıb.