Ru
11:33 / 21 İyun 2022

“TikTok”u əxlaqı pozanların ixtiyarına verməməliyik - Əməkdar jurnalist

“TikTok”u əxlaqı pozanların ixtiyarına verməməliyik - Əməkdar jurnalist
Eye

Zaman-zaman məşhurluq qazanan bir çox sosial platformalar kimi hazırda kifayət qədər çox istifadəçisi olan “TikTok” gündəmdədir. Əvvəllər daha çox populyar olan “Odnoklassniki”, feysbuk və instaqram indi demək olar ki, izləyicisinin çox hissəsini itirib. “TikTok”a olan maraq daha da çoxalıb. İndi Azərbaycan gəncliyi və orta yaşlı insanların əksəriyyəti bu sosial şəbəkə platformasından istifadə edir. Pul qazandırmaq kimi müəyyən effekti olan bu platformanın zərərli təsirlərini biz “TikTok”un müxtəlif canlı yayımlarında görürük. İki “TikTok” istifadəçisinin pul qazanmaq üçün müxtəlif iddialara girmələri, hətta soyunmaları, eyni zamanda müxtəlif söyüşlərdən, jarqon və vulqar ifadərlərdən istifadə etməsi heç kimin gözündən qaçmır.


Azərbaycan gəncliyini “TikTok”dan pul qazanmağa sövq edən amillər nələrdir?



Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli mövzu ilə bağlı Bakupost.az -a açıqlama verib.


“Bu gün bizim gəncliyimizin həyatının “TikTok”dan ibarət olması düşüncəsində deyiləm. Başqa platformalarda olduğu kimi “TikTok”u da keçici hesab edirəm. Hər şey məqsəddən və niyyətdən asılıdır: yəni mən nə istəyirəm və bunu hansı formada edirəm. Hazırda “TikTok”a maraq çoxdur. Lakin biz bilmirik ki, 6 aydan, yaxud 1 ildən sonra nə baş verəcək. Burada böyük bir faciə görmürəm. Əlbəttə ki, narahat edən məqamlar var. O da bizim gənclərin əksəriyyətinin beyninin yuyulması, ciddi ölçülərdən kənarlaşdırılması, ictimai əxlaq və dəyərlər haqqında düşüncələrin dumana bürünməsidir. Ona görə də bizim intellektual, ağıllı, cəmiyyətə faydalı olan aktiv gənclər istər “TikTok”, istər feysbuk, istərsə də instaqramda öz yerlərini tutmalı və aktiv olmalıdırlar. Həmin platformada cəmiyyətə faydalı insanlar da var. Sabah “TikTok” bağlansa, başqa bir sosial şəbəkə ortaya çıxacaq. Biz başa düşməliyik ki, informasiya cəmiyyətində yaşayırıq, bizim üçün burada yeni informasiyalar ola bilər. Amma biz anlamalıyıq ki, bizim üçün internet deyilən məkan böyük bir zibilxanadır. Zaman-zaman o zibilxananı təmizləməli, orada ağaclar əkməli və oksigenlə zənginləşdirməliyik”.


Ekspert sosial şəbəkə platformalarının səmərəli istifadəsi üçün tövsiyyələrini verib:


“Nəzərə almaq lazımdır ki, bizim sosial şəbəkələrdəki davranışımız həyatdakı davranışımızın davamıdır. Ona görə də biz sosial medianı yalnız müsbət effektli amillərlə zənginləşdirməliyik. Düşünürəm ki, bunun üçün xüsusi texnologiyalar lazımdır. Bunun üçün gənclər təşkilatları özlərinin yeni texnologiyalarını, müsbət effektli işlerini belə platformalarda çoxaltmalıdırlar. Eyni zamanda aktiv, ağıllı, savadlı gənclik hər yerdə görünməlidir. Bu platformanı yalnız pul qazananların, cəmiyətdə ictimai əxlaqı pozanların ixtiyarına verməli deyilik. Amma bunun üçün də düşünmək və çıxış yolları aramaq lazımdır. Cəmiyyətin, düşüncənin strukturu dəyişir, biz də ona uyğun addımlar atmalıyıq. Bunun üçün təşkilatlar, institutlar işləməlidir. Həmçinin sosioloq və psixoloqlar da bu istiqamətdə müsbət effektli işlər görməlidir”.


Q.Məhərrəmli gənclərin məşğulluğu ilə bağlı məsələyə də toxunub:


“Bizdə gənclər siyasəti, Gənclər və İdman Nazirliyi, eyni zamanda Gənclər Evi mövcuddur. Dünya təcrübəsində elə formalar var ki, onlardan istifadə etməklə gəncliyi daha aktiv və faydalı işlərə cəlb etmək olar. Heç bir şeyi öz axarına buraxmaq olmaz. Gənclərin yaradıcılıq istiqamətində olan fəaliyyətini üzə çıxarmalıyıq. Həmin gənc peşəkar rəssamdırsa, öz işlərini “TikTok”da paylaşırsa, bu artıq hər kəsə nümunə olar. Cəmiyyət dinamik olaraq inkişaf edirsə, sosial problemləri həll olunmalı, gənclərin məşğulluğu ilə bağlı işlər daim diqqətdə saxlanılmalıdır. Pis, zərərli hər şey dərhal insanların diqqətini cəlb edir. Nə qadağan edilirsə, maraq da ona artır. Ona görə də indiki gəncliyin həm məşğulluğunu, həm də müxtəlif effektli sahələrdə aktivliyini artırmaq lazımdır”.



Fəridə
Baku Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar