Ru
14:38 / 24 Sentyabr 2026

Mərkəzi Klinikada xəstə yaxınından əlavə pul istənilib, təhqir olunub? - Şöbə müdiri danışdı

Mərkəzi Klinikada xəstə yaxınından əlavə pul istənilib, təhqir olunub? - Şöbə müdiri danışdı
Eye

Ötən gün sosial şəbəkələrdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimovla bağlı şikayət yayılıb. Şikayətçi infarkt keçirən anasını təcili olaraq Mərkəzi Klinikaya yerləşdirdiyini, stent əməliyyatından sonra 2500 manat əlavə ödəniş tələb edildiyini və etirazından sonra məbləğin 1600 manata endirildiyini bildirib. O, həmçinin şöbə müdiri tərəfindən təhqir olunduğunu iddia edib:

“Sadəcə soruşdum ki, bu 1600 manat hansı tibbi xidmətin qarşılığıdır və əgər icbari tibbi sığorta bunu qarşılamırsa, mənə rəsmi, yazılı şəkildə göstərin. Yazılı izahat əvəzinə Firdovsi İbrahimov mənə qarşı “sən bazar adamısan”, “alçaqsan”, “şərəfsizsən” kimi ifadələr işlətdi".

“Bakupost” xəbər verir ki, Firdovsi İbrahimov iddialara münasibət bildirib.

Həkim qeyd edib ki, sözügedən 60 yaşlı xəstə səhər saat 06 radələrində ağır ürək çatışmazlığı, hemodinamik qeyri-stabil vəziyyət və kardiogen şokla Mərkəzi Klinikanın Təcili tibbi yardım şöbəsinə gətirilib:

"Mərkəzi Klinika təsərrüfat hesablı müəssisədir. Burada bəzi xidmətlər icbari tibbi sığorta çərçivəsində həyata keçirilsə də, Xidmətlər Zərfinə daxil olmayanlar ödənişlidir. Bu barədə xəstə yaxınına əvvəlcədən qəbul şöbəsi tərəfindən məlumat verilib və razılığı alınıb”.

Onun sözlərinə görə, xəstə kardioreanimasiya şöbəsinə yerləşdirildikdən sonra vəziyyətinin ağırlığı nəzərə alınaraq yaxınlarının ödəniş etməsi gözlənilmədən müalicəyə dərhal başlanılıb:

“Vəziyyəti nisbətən stabilləşdikdən sonra xəstə angioqrafiya laboratoriyasına köçürüldü. Hər üç damarında darlıqlar aşkar edildi və ana damarın kritik vəziyyətdə olması səbəbindən açıq ürək əməliyyatının zəruri olduğu müəyyənləşdirildi. Lakin xəstənin ümumi vəziyyəti buna imkan vermirdi. Cərrahiyyənin çox riskli olduğu və əməliyyatın yalnız bir neçə gün sonra mümkün ola biləcəyi müəyyən edildi. Xəstənin həyatı təhlükədə idi. Gözləmək isə xəstənin itirilməsi ilə nəticələnə bilərdi. Bu səbəbdən yüksək texnoloji imkanlardan və müasir müalicə metodlarından istifadə etməklə xəstəni cərrahi əməliyyat keçirmədən invaziv müdaxilə yolu ilə kritik vəziyyətdən çıxarmaq qərarı verdik. Damar yüksək texnoloji tibbi avadanlıqlardan istifadə edilməklə açıldı və xəstənin vəziyyəti stabilləşdi”.

Həkim bildirib ki, əsas hadisələr də bundan sonra başlayıb. Xəstənin oğlu onu və həmkarlarını təhqir edib. Əsas məqsədi isə əvvəlcədən razılaşdığı, imzaladığı məbləği ödəməmək olub.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar