Almaniyada aşağı liqada çıxış edən “Pforzheim” Türk Klubunun futbolçuları təlim məşq üçün Türkiyəyə gedərkən Ştutqart Hava limanında 215 min avro nağd pulla tutulublar.
Bakupost.az xəbər verir ki, hadisədə 29 futbolçunun üzərində aparılan yoxlamada 215 min avro aşkar edilib. Pulun futbolçular arasında hər biri 4 min-10 min avro arasında bölündüyü müəyyən edilib.
Ştuttqart Baş Prokurorluğu qanunsuz gəlirin leqallaşdırılması şübhəsi ilə araşdırma başladığını açıqlayıb. Almaniya qanunlarına görə, sərnişinlər adambaşına 10 min avroya qədər nağd pul daşıya bilər. Lakin pulun fərqli şəxslər arasında bölünərək daşınması şübhə doğurub.
Almaniyanın “Badische Neueste Nachrichten” qəzeti yazır ki, futbolçular gömrük yoxlamasından sonra azad ediliblər, amma ədliyyə prosesi davam edir.
Hadisədən sonra klubun liqadan çıxarılacağı iddiaları gündəmə gəlib. “Baden” Futbol Federasiyasının idman direktoru Feliks Videmann hələlik rəsmi açıqlama verməyib.
Araşdırmanın nəticəsinə görə klub və futbolçulara cəza və ya hüquqi tədbir tətbiq ediləcək. Bu məsələ araşdırmanın yekununda aydınlaşacaq.
Cavid, BakuPost