Ru
17:06 / 24 Mart 2023

"Universitetlərdən yüksək nəticə gözləmək yersizdir, çünki..." - Ekspert

12597
"Dünya universitetləri və elm mərkəzlərinin reytinq cədvəlində Azərbaycan üzrə zəif göstəricilər, sosial şəbəkə və mətbuatda "Ali təhsil haqqında” Qanunla eyni zamanda gündəmə gəlib. Bu statistika, təəssüf doğurur. Lakin hamı yaxşı bilməlidir ki, bizdə "universitet elmi" anlayışı hazırda dünyada qəbul olunan elm deyil. Bəlkə, ölkə rəhbərinin sərəncamına əsasən yaradılacaq elmi-tədqiqat laboratoriyaları və AMEA tərkibindən ETN-nə verilmiş sahə institutlarının universitetlərlə sintezi, inteqrasiyası növbəti mərhələlərdə bizə uğur qazandıra bilər. Yoxsa çılpaq divarlar və yazı taxtaları ilə biz yalnız təhsil haqqı hesabına büdcəsi formalaşan universitetlərdən elmdə yüksək reytinq göstəricisi istəyə bilmərik".

Bu fikirləri Bakupost.az -a filologiya üzrə elmlər doktoru, professor Telman Cəfərov deyib.

O, ali təhsilin yaxşılaşdırılması üçün bir sıra qanun və tədbirlərin vacibliyini vurğulayıb. Professor bu məsələdə millət vəkillərinin öhdəliklərini də qeyd edib:

“İndiki halda hər şeyi əsasən, iki məqam həll edə bilər: birincisi, "Ali təhsil haqqında” Qanunda universitet elminə investisiya qoyuluşu mexanizmi, ikincisi isə Elm və Ali Təhsil Agentliyinin məqsəd və funksiyalarının, fəaliyyət dairəsinin mövcud reallığa uyğun müəyyən olunmasıdır. Bu isə təbii ki, ölkənin ali qanunvericilik orqanında, onun elm və təhsil komitəsində təmsil olunmuş millət vəkillərinin də məsuliyyətidir. Cəmiyyətin günbəgün inkişafı, ən yeni çağırışlara cavabdehlik məhz onun icra və gözlənilmə səviyyəsindən asılıdır. Müvafiq icra orqanında təhsil qanunvericilik aktlarının dinamikliyinə və icrasına kompleks şəkildə nəzarətlə bağlı mükəmməl struktur olmalıdır. İndi burada hüquqşünaslar üstünlük təşkil edir. Təkcə ETN və DİM-in cari fəaliyyətinin uzlaşdırılması mexanizminin olmaması tədris müəssisələri, təhsilalanlar və təhsil verənlər üçün çoxlu problemlər yaradır”.

T.Cəfərov, universiteti normal təsərrüfat subyektinə çevirmədən, tam maliyyə sərbəstliyi vermədən yüksək elmi nailiyyət gözləməyin yersiz olduğunu bildirib. O, bu məsələnin prioritet istiqamət kimi nəzərdə tutulmasını təklif edib:

“Hələ texniki universitetlər, bazar iqtisadiyyatı, təsərrüfat, xidmət sahələri üçün mütəxəssis hazırlayan ali məktəblər üstün mövqedədirlər. Aybaay yalnız maaş ödənişi üçün çarpışan humanitar və təhsil profilli universitetlerimiz də diqqət mərkəzinə gətirilməlidir. Buradakı vacib elmi-tədqiqat laboratoriyaları, tədris-mədəniyyət mərkəzləri üçün də maliyyə mənbələri müəyyən edilməlidir. Adambaşına maliyyələşməyə keçid zamanı elmi strukturların maliyyə resurslarının kəsilməsi öz neqativ nəticəsini göstərməkdədir. Göstərilən "Qanun", Agentliyin əsasnaməsi, ilk növbədə, bu məsələlər prioritet istiqamət kimi nəzərdə tutulmalıdır. Biz o ölkədən, bu ölkədən calaq etməklə, reallığa söykənməyən eksperimentlər, layihələr icra etməklə qeyri-müəyyən vəziyyətə düşdük. Əgər qonşu Türkiyə öz ali təhsil sistemini Avropa və Amerika təhsil modelləri, ölkənin təhsil təcrübəsi üzərində qura bilibsə, biz niyə təkmil təhsil qanunvericilik bazası barədə düşünmürük? Axı bizim təhsil bazamız daha möhkəm idi. Bu qanun layihələrinin müzakirəsi uzandıqca, təhsil müəssisələrinin geriləməsi də davam edir”.

Aynur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər