Ru
12:41 / 24 Noyabr 2023

Uşaq pulu məsələsi yenidən gündəmdə: 15 yaşadək uşaqlara ayda 150 manat... – Araşdırma

15118
Hər bir insan üçün zəruri olan minimum yaşayış standartı var. Hazırkı durumda bir çox ailələrdə maddi çətinlik mövcuddur. Bu sıxıntıların aradan qaldırılması üçün həmin ailələrə yardım edilməsi vacibdir. Xüsusən də çoxuşaqlı ailələrə dəstək məqsədilə uşaq pulunun bərpasını xüsusi qeyd etmək lazımdır.





Azərbaycanda uşaq pulu sovet dövründən etibarən 2006-cı ilədək verilib. Ailədə adambaşına düşən gəlir 3,3 manatdan az olduqda uşaq doğulduğu andan 16 yaşına çatana qədər ayda 1,8 manat müavinət alıb. 2006-cı ilin yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə mindi və aztəminatlı ailələrə ünvanlı yardımlar edilməyə başlanıldı. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırıldı və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlandı.

Bu gün Azərbaycanda çox məhdud çərçivədə (3 yaşınadək uşaqlara) uşaq pulu verilir. Bu imtiyazdan ancaq bəzi dövlət qurumlarında çalışan valideynlər yararlanır və onlar 3 yaşınadək olan övladları üçün az miqdarda olsa da, uşaq pulu alırlar.

İndi bu imtiyazdan cəmiyyətin bütün təbəqələrinin, hətta evdar qadınların belə yararlanması məsələsi gündəmə gətirilib. Məsələ mütəmadi olaraq gündəmə gəlir. Lakin indiyədək bu məsələdə ciddi irəliləyiş yoxdur.

Ekspertlərin fikrincə, uşaq pulunun bərpası qısa zamanda reallaşdırılmalı və bu pul uşaqlara 3 yaşınadək deyil, 17 yaşınadək verilməlidir. Qeyd olunur ki, 17 yaşınadək uşaq pulunun verilməsi həm ölkədə demoqrafik vəziyyətin yaxşılaşmasına, həm də aztəminatlı ailələrin sosial müdafiəsinin daha da güclənməsinə xidmət edəcək. Belə praktikalar dünya ölkələrində mövcuddur.

Azərbaycandan fərqli olaraq hazırda bəzi ölkələrdə müəyyən yaşa qədər uşaqlara uşaq pulu verilir.





Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Həmçinin körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar pul verilir.


Küveytdə yeni doğulan körpə üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur. Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10 min dollar arası birdəfəlik vəsait təqdim edilir.




Rusiyada bir uşağa ayda 300 dollar vəsait ödənilir.

Türkiyədə isə 6 yaşdan yuxarı uşaqlar üçün müavinət 38,62; 6 yaşdan kiçiklər üçün isə 77,23 TL təşkil edir. Gürcüstanda uşaqpulu valideynlərin gəlirlərinə əsasən hesablanır. Əgər hər iki valideynin toplam aylıq gəliri 1000 dollardırsa, bir uşaq üçün ayda 125 dollar ödənilir.
Amerikada 17 yaşadək hər uşaq üçün müavinət ildə 2000 ABŞ dolları təşkil edir. 6 yaşınadək uşaqlar üçün bu məbləğ 3600 ABŞ dolları təşkil edir.





Almaniyada uşaqpulu minimum 18 yaşına qədər verilir. Əgər uşaq ali təhsil alarsa, ödəniş 25 yaşına qədər davam edir. Burada birinci və ikinci uşaq üçün aylıq ödəniş 219, üçüncü uşaq üçün isə 225 avro təşkil edir.

İtalyada isə bir uşaq üçün ayda 138, iki uşaq üçün 258, üç uşaq üçün 375 avro müavinət verilir.

Qazaxıstanda da uşaqlara sosial müavinət verilir. Qeyd edək ki, 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır.


Özbəkistanda isə 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir.


Üç uşaq anası Raziyə Babayevanın dediyinə görə, Azərbaycanda uşaq pulunun yenidən bərpası çox gözəl addım olardı:


“İstərdim ki, uşaq pulu bərpa olunsun. Bu maddi dəstək bizim onları daha yaxşı yetişdirməyimizə xeyli kömək edəcək. Bu vəsait onların qidalanmasına, geyiminə və təhsilinə xərclənəcək. Hətta mən deyərdim ki, oğlan uşaqlarına daha çox pul verilməlidir. Çünki, onlar gələcəyin əsgərləridir və böyüyüb vətənin keşiyində duracaqlar”.





Millət vəkili Azər Badamovun sözlərinə görə, uşaq pulu iqtisadi imkanları güclü olan ölkələrdə verilir. Məsələn, bəzi Avropa və ərəb ölkələrində. Uşaq pulunun verilməsi uşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən amildir:


“Azərbaycanda 2006-cı ilə qədər uşaq pulu verilirdi. Amma məbləği az olduğu üçün sosial dəstəyə ehtiyacı olan ailələrə müavinətin ünvanlı sosial yardım şəklində verilməsi daha məqsədəuyğun hesab olundu. Beləliklə, ölkədə uşaq pulunun əvəzinə ünvanlı sosial yardım proqramı icra olunur və ehtiyacı olan ailələrə dövlət dəstəyi göstərilir”.


Millət vəkili qeyd edib ki, ünvanlı sosial yardımın dayandırılması və həmin vəsaitin uşaq pulu ilə əvəz olunması daha doğru olardı:


“Düzdür, bu məsələ daha böyük maliyyə tələb edir, amma hər bir uşağın böyüyəndə vətən qarşısında borcu olduğu kimi, dövlətin də borcudur ki, ehtiyacı olan ailələrdə uşaqların sağlam böyüməsi üçün uşaq pulunu bərpa etsin. Hesab edirəm ki, dövlətin iqtisadi imkanları genişləndikcə, bu məsələyə baxılacaq”.





Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin (uşaq pulu) bərpa edilməsi məsələsinə baxıla bilər:


“Azərbaycan müharibədən çıxıb. İlk növbədə müharibəyə görə yaranan xərcləri qarşılamaq lazımdır. Hazırda Vətən Müharibəsi qazilərinin reabilitasiyası, onların mənzil, məişət, sosial problemlərin həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda bütün diqqət buraya yönəldilib. Bu səbəbdən də hazırda uşaq pulunun bərpası məsələsi gündəmdə deyil. Ancaq mən inanıram ki, gələcəkdə uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin bərpa edilməsi məsələsi gündəmə gətiriləcək və dövlət tərəfindən bu istiqamətində müvafiq addımlar atılacaq”.




Millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycanda uşaq pulu ləğv olunsa da, uşaqlarla bağlı müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir:


“Dövlət sosial proqramlar vasitəsilə uşaqların sosial müdafiəsini təmin edir. Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə, çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir”.


Bu gün ancaq ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa müxtəlif müavinətlərin ödənildiyini deyən Tamam Cəfərova qeyd edib ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır:


"Uşaq pulu ləğv olunandan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik, yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər. Hesablamalara görə, il ərzində uşaq pulunu ödəməyə təqribən 2,5 milyard manat vəsait tələb olunur. Bu, az vəsait deyil. Bu baxımdan hesab edirəm ki, uşaq pulu ucdantutma bütün ailələrdəki uşaqlara şamil olunmalı deyil. Uşaq pullarının hesablanmasına gəlincə, bu istiqamətdə Azərbaycanda tətbiq ediləcək model ailənin gəlirlərinə və uşaqların sayına bağlı olmalıdır, təbii ki, uşaqların sayı ilə əlaqələndirilməlidir. Gəlirləri az olan ailələrdə adətən, uşaqların sayı çox olur. Odur ki, Azərbaycanda adambaşına verilən ödənişlər uşaqların sayı ilə əlaqələndirilməklə yanaşı, yaşına uyğun olaraq hesablanmalıdır. Hesab edirəm ki, bu, ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Uşaqlara ödənilmiş məbləğə gəldikdə isə bu məbləğ ailədə uşaqların yaşı ilə əlaqəli ola bilər. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Bu yaş qrupları fərqli də ola bilər. Məsələn, 0-3, 4-6, 6-12 və ya 7-17 və s. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir, 6-10 yaşlı uşaqlara nisbətən çox - orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir. Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının məbləğinin müəyyən edilməsində bu praktikadan istifadə etmək olar. Uşaq pulunun bərpası yeni mexanizmlərin hazırlanması və qanunlarda dəyişikliklər edilməsi şəraitində mümkün ola bilər. Təkliflər hazırlanmalı və müzakirə olunarkən ailələrin sosial müdafiəsində hansı proqramların daha çox faydalı ola biləcəyi təhlil olunmalıdır. Təbii ki, maliyyə yükü də mütləq nəzərə alınmalıdır, ən əsası, məsələyə dövlət büdcəsi səviyyəsində baxılmalıdır”.




Millət vəkili Musa Quliyev deyir ki, ötən əsrin 90-cı illəri və 2000-ci illərin lap əvvəllərində Azərbaycanda uşaq pulu çox cüzi idi:


“Əslində, ona uşaq pulu da demək olmazdı, həmin pul heç nəyə yaramırdı. Ona görə də 2000-ci illərdə uşaq pulu ləğv olundu və o, ünvanlı sosial yardımla əvəzləndi. Daha doğrusu, maddi imkanları aşağı olan insanlar ünvanlı sosial yardım alarkən bu məsələ də onun içində həllini tapdı”.


Millət vəkili bildirib ki, uşaq pulunu bərpa etmək üçün 2 milyard manata ehtiyac var:


“Uşaq pulunun bərpası üçün işçi qrupu işləməli, nəticələr və təkliflər ortaya qoyulmalıdır. Bir iki nəfərin təklifi ilə bu həll olanan məsələ deyil. Bu, çox ciddi layihədir və burda təxminən 2 milyarddan çox maliyyədən söhbət gedir. Bunun maliyyə mənbəyi varmı, haradan götürülməlidir? Bunlar hamısı dəqiqləşidirlməlidir. Mənə görə ən uyğun varant budur ki, indiki ünvanlı sosial yardım modelini saxlamaqla, uşaq doğulanda verilən birdəfəlik müavinət artırılmalıdır. Bunun üçün büdəcədə hesabalama aprılmalıdır. Nə qədər uşaq doğulur, əhalinin gəlirləri nə qədərdir, bunlar dəqiqləşdirilməlidir. Burda dəqiq bir söz demək çətindir. Mən nə qədər məbləğ verilməlidir, onu da deyə bilmərəm”.





Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə və məbləğ yeni meyara uyğun hesablana bilər:


“Yaxşı olar ki, uşaq pulu ehtiyacı olan ailələrə verilsin. Əgər ailədə uşaq yoxdursa, kişi 500 manat əməkhaqqı alırsa, özünün və həyat yoldaşının minimum ehtiyacı tamamilə ödənilir. Bundan əlavə, bir ailədə kişi 1000 manatdan yuxarı, həyat yoldaşı isə təxminən 400-500 manat civarında əmək haqqı alırsa və evdə 4 nəfər varsa, bu ailələrin uşaq puluna ehtiyacı yoxdur. Əgər valideynlər övladlarının sosial təminatını qarşılaya bilirlərsə, dövlət büdcəsindən onlara müavinət verilməsinə nə ehtiyac var? O ailə heç ünvanlı sosial yardım da almır. Bir sözlə, bu məsələni araşdırıb, təsnifatını aparıb, ehtiyacı olan ailələrə uşaq pulu vermək lazımdır”.



İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, Azərbaycan hökumətinin səhvi ondan ibarətdir ki, istənilən sahədə ödədiyi vəsaiti dövlətin lütfü, alicənablığı sayır, sanki dövlətin büdcəsinin vergilərə, Konstitutsiyaya görə xalqa, ona məxsus olan təbii sərvətlərə aidiyyatı yoxdur:


“Düşünürlər ki, xalqa ödədiklərini ciblərindən verirlər. Belə yanaşmanın tək səbəbi ölkədə vergi-seçki bağının tam qopmasından irəli gəlir. Hökumət seçkili olmadığı halda vergi toplayır, vergiləri seçki olmadığına görə nəzarətsiz xərcləyir və buna artıq öyrəşiblər, elə bilirlər ki, normal olan da məhz budur. Yaxşı, çıxış yolu nədir?! Məncə, ilkin mərhələdə uşaqpulunun yaş qruplarına uyğun təyin edilməsi lazımdır, çünki beynəlxalq hesabatlar da göstərir ki, valideynlər üçün ən çox xərc yükü məhz 0-5 yaş arası olur – xüsusi baxım malları, xüsusi yeməklər, səhiyyə xərcləri məhz bu yaş qrupunda daha çox olur. Ölkədə 0-5 yaş arası 710 min uşaq var, ilkin mərhələdə hər birinə 150 manat ödəmək üçün 1 milyard 278 milyon manat vəsait lazımdır. Bu vəsaiti ödəməyə dövlətin pulu var, çünki onsuz da müxtəlif sosial paketlərdə 600 min uşağa ödənişlər edilir, bunun üçün büdcədə vəsait indi də var. Deməli, təsnifatı dəyişməklə, ünvanlılığı və şəffaflığı artırmaqla ilkin mərhələdə 710 min 0-5 yaş arası vətəndaşlarımıza uşaqpulu vermək olar. Amma burada önəmli nəzarət mexanizmi də yaradılmalıdır ki, valideynlərin xərcləmə məsuliyyəti də olsun, yəni, həmin vəsaitin məhz uşaqlara xərclənməsi üçün monirotinq mexanizmi də qurulmalıdır, bunun yolları, beynəlxalq uğurlu təcrübələri var. Hökumət bu işin fəlsəfəsini öyrənərək ,ilkin mərhələdə 0-5 yaş uşaqlara ayda 150 manat ödəmək öhdəliyi götürür, 2025-ci ilə qədər bu mexanizm işləyir, doğuşun azaldığını nəzərə alaraq, 2025-ci ildə 0-5 yaş arası uşaqların sayı 600 min civarında olacaq, o yaş qrupuna ödənilən illik vəsait azalacaq, cəmi 1 milyard manata düşəcək. Deməli, 2025-də yaş qrupunun sərhədlərini artırmaq olar, 2025-dən sonra 0-5 yaş deyil, 0-10 yaş arası vətəndaşlara 150 manat ödəmək mümkündür. Növbəti 5 ildə bu mexanizm işləsə, 2030-cu ildə artıq 0-15 yaş arası vətəndaşlarımıza ayda 150 manat ödəmək üçün iqtisadi imkanlar formalaşacaq. Beləliklə, ağılla, vicdanla, şəffaflıqla bu işə yanaşsalar, 2023-2030-cu illər arası 0-15 yaş qrupuna aid olan bütün uşaqlarımıza ayda 150 manat ödəniş etmək mümkündür. Dövlət gələcək nəsillər qarşısında sosial məsuliyyətini hiss etməlidir”.


İqtisadçının fikrincə, uşaq pullarının verilməsində müəyyən şərtlər qoyula bilər:


"Birinci uşaq ailənin özünün planlaşdırdığı şəkildə dünyaya gəlir. Ailə ilk övladın dünyaya gəlməsinə hazırlıq görür. Amma artıq ikinci, üçüncü, dördüncü uşağı dünyaya gətirmək problem olur. Ona görə də, ailədə birinci uşaqdan sonrakı uşaqlara uşaq pulunun hər ay sabit məbləğdə verilməsi yaxşı olardı. Bu 100 manat da müəyyən oluna bilər. Bu məbləğ Azərbaycan üçün o qədər də yüksək bir məbləğ deyil. Uşaq pulu üçün təxminən 1 milyarddan bir qədər yuxarı məbləğ tələb olunur ki, bu da büdcənin təxminən 1/30-i qədərdir. Ailənin ilk uşağından sonrakı uşaqlara uşaqpulunun verilməsi demoqrafik vəziyyətə də müsbət təsir edəcək. Kiminsə ehtiyacı yoxdursa, uşaqpulundan imtina da edə bilər".


İqtisadçı hazırda uşaq pulunun ən çox Rusiyada verildiyini vurğulayıb. Gələn il Rusiyada analıq kapitalı 500 min rubla qədər artırılacaq. Bu isə 14 min Azərbaycan manatı civarındadır. Uşaq pulu MDB ölkələrindən Qazaxıstan, Belarus və Ermənistanda da verilir. Hətta Gürcüstan demoqrafik vəziyyətin ağır olduğunu nəzərə alaraq belə bir proqram qəbul edib. Avropa ölkələrinin hamısında doğuşu stimullaşdırmaq üçün uşaqlara müavinət verilir.


İqtisadçı deyir ki, ailənin sosial durumuna görə uşaqpulunun verilməsi mümkün deyil. Çünki, əhalinin maaşı real gəlirləri əks etdirmir:


"Azərbaycanda normal gəlir deklorasiyası qaydaları müəyyən edilsəydi, həmçinin ailələrin illik gəlir deklorasiyasına görə onlara vergi güzəştləri, stimullaşdırma tətbiq edilsəydi, daha yaxşı olardı. ABŞ-da illik 20 min dollar qazanan ailələr vergilərdən azad edilir, sosial müavinətləri əldə etmək imkanına malik olurlar. Azərbaycanda isə belə bir sistem yoxdur. Xüsusilə özəl sektorda işləyənlərin gəlirlərinin müəyyən edilməsi çətindir".


N. Cəfərli onu bildirib ki, bu gün sosial müavinət paketi altında büdcədən müəyyən müavinətlərə pul ayrılır. Amma uşaq pulu üçün sabit məbləğ müəyyənləşdirilməyib.





Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir:


"Həmin həssas uşaqlar ünvanlı sosial yardım, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi".





Millət vəkili Razi Nurullayevin söylədiyinə görə, o hər zaman uşaq pulunun verilməsi tərəfdarı olub:


“Bu gün Azərbaycanda birinci sinfə gedən uşaqların sayı kəskin azalıb və azalmaqda davam edəcək. İnsanlar iki uşaqdan artıq uşaq dünyaya gətirmək istəmirlər. Bəzi ailələr isə birdən çox uşaq saxlaya bilmir, çünki onların bunun üçün imkanları yoxdur. Kənd yerlərində işləyən valideynlər iş yeri tapa bilməməklə bərabər, maaşlarını çətinliklə alırlar. Bütün bu faktların fonunda demoqrafiyanı qoruyub saxlamaq, insanların yaşayışı təmin etmək üçün uşaqpulu verilməlidir”.


Millət vəkili hesab edir ki, uşaq pulunun ödənilməsini mərhələlərlə təşkil etmək olar:


“Bir yaşından üç yaşına kimi uşağlara uşaq yeməyi dövlət tərəfindən pulsuz verilməlidir. Hər bir valideyn ay ərzində ən azından 300-400 manat pulu uşağı saxlamaq üçün xərcləməli olur. Sual oluna bilər, bu gün hansı ailənin uşağın xərcləri üçün 300-400 manat ayırmaq imkanı var? Hazırda körpələr üçün mağazalarda satılan qidaların ən ucuzu 30-40 manatdan başlayır. Daha yaxşı hazır uşaq qidaları isə 150-200 manat arasında satılır. Bu qiymətlərlə heç bir valideyn ikinci uşaq dünyaya gətirmək barədə düşünə bilməz Bu baxımdan uşaqpulu verilməlidir. Vacib deyil 18 yaşına qədər verilsin. Bunu uşağın əsas inkişaf aralıqları olan yaş dövrlərində, məsələn, bir yaşından üç yaşına qədər, üç yaşından beş yaşına və daha sonra bir qədər də artıraraq ailələrə kömək etmək olar. Bu gün dövlət tərəfindən çoxlu sosial müavinətlər verilir. Onların bir çoxunu azaltmaqla oradan da əldə olunan pulu birbaşa hər bir imkansız ailəyə verməklə məsələni həll etmək olar. Dövlətin əhalinin imkan səviyyəsi ilə bağlı elektron siyahıları var. İmkanı yaxşı, varlı ailələrə bu müavinət verilməsin. Cəmiyyətdə də ictimai qınaq formalaşarsa, onlar da bundan şəxsən imtina edəcəklər”.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər