1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə artıq sayılı günlər qalıb. Valideynlər övladlarını sevindirmək üçün hədiyyələr alır, gününü şən keçirməyə çalışırlar.
Bayramla bağlı bəzi mağazalarda endirimlər qoyulub. Xüsusilə də sosial şəbəkələrdə əl işlərini satanlar, canlı yayım açıb mağazada mallarını göstərənlər endirimli qiymətlə müştəri cəlb etməyə çalışırlar. Qiymətlər isə heç də ucuz deyil. Məsələn, uşaq üçün sadə geyim ("body" dediyimiz) 30-45 manat, içərisi müxtəlif saç aksesuarları, oyuncaqla yığılmış buket 25 manatdan başlayaraq 75 manata kimi təklif edilir.
Bəs qiymətlərin bu qədər baha olmasına səbəb nədir?
Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a açıqlama verib.
O qeyd edib ki, azad bazar iqtisadiyyatıdır, qiymətlər sərbəstdir:
"İstənilən malı istənilən qiymətə təklif edə bilərlər. Lakin "endirim" yazıb, real endirim etməmək qanun pozuntusudur. Malların üzərində məsul şəxsin qiymət sənədi olmalıdır. Nazirlər Kabinetinin 94 saylı qərarı bunu tələb edir. Əgər "endirim" yazıb, endirim etmirlərsə, aldadırlarsa, istehlakçılar Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidirlər. Telefon nömrələri 012 599 76 00-dır".
Endirimlərlə əhalinin aldadıldığını deyən ekspert sözlərinə belə davam edib:
"Endirim zamanı istəklərdən biri istehlakçının qapıdan içəri girməsidir. İstehlakçı malı seçən zaman deyirlər "bu endirimdə deyil", malı qaytarmaq istəyərkən "endirimdə almısız" deyib qaytarmırlar, dəyişmirlər. Adını çəkdiyim dövlət qurumu bu məsələlərə nəzarət etməlidir. Endirimdə istehlakçıların aldadılması çox geniş yayılmış haldır".
Aygün Nəbiyeva,
BakuPost