Ru
09:57 / 17 Dekabr 2021

Yazıçılarımız ideyaya tüpürdü, çox ucuz qiymətə təslim oldu…

3081
Azad Yazarlar Ocağının üzvü və bir müddət də qurumun rəhbəri olan yazıçı Nərmin Kamal müsahibəsində deyib ki, “Azad Yazarlar Ocağı” (AYO) “Azərbaycan Yazıçılar Birliyinə” (AYB) qarşı mübarizədə heç nə edə bilmədi, məğlub oldu.

Doğurdanmı bu belədir?

Məsələ ilə bağlı Bakupost.az -a AYO-nun qurucusu Rasim Qaraca bildirib ki, Nərmin Kamalın dediklərində həqiqət var:

“Biz yeni ideyalarla meydana atıldıq, Azərbaycana yeni yazıçı modeli gətirmək istədik, lakin bunu bacarmadıq, yuxarıların həyasızlığı və aşağıların ələbaxımlığı buna imkan vermədi. Lakin biz ədəbiyyat prosesinə "azad yazıçı" anlayışını gətirə bildik, bu ideya var və onun parıltısında konyuktur ədəbiyyat özü özünün ləkəli simasını görə bilir. Bunun özü də hələlik yetərlidir. Nərmin də bunu deyir, "Azad yazarlar var. Əvvəlki kimi olmasa da, ideya var. Könüllü bir birlikdir”. Əvvəllər bir neçə dəfə dediyim fikri indi yenə təkrarlamaq istəyirəm: Bizim yazarlarda ideyaya sadiqlik yoxdur, hər kəs öz məsələsini təklikdə həll edir və bunu bacarmır. Nərmin, Seymur Baycan istisnadır. Bizim "azad yazar" dediyimiz bəzi dostlar elan edilmiş manifestə sadiq qalmadı, ideyaya tüpürdü, təslim oldu və çox ucuz qiymətə…”

Şair-publisist Şəhriyar Del Gerani qeyd edib ki, AYO-nun ən böyük uğursuzluğu antitezis olmasındaydı:

“Halbuki, sintez yolunu tutmalıydılar. Nərmin xanımın müsahibəsini oxudum, kifayət qədər haqlı məqamlar vardı. Amma istənilən halda AYO bir özünüifadə müstəvisi yaratmışdı. Azadlıq Radiosunun OXU Zalı da vardı o vaxtlar, qəzetlər də vardı azadlığa təxminən adekvat. Bir sözlə, alternativ vardı. AYO da həmin alternativlikdə parlaq bir yol idi. Burda hansısa təmayülün məğlub, hansınınsa qalib olmasından danışmaq gülməli görünər. İstənilən halda ortada mətn faktı, imza faktı var. Ümumilikdə isə, AYB-nin, Azərbaycanda kitab sisteminin, ədəbi ölçülərin tədricən dəyişməsində bizim ədəbi nəslin daha çox rolu var, nəinki AYO-nın. Bizim ədəbi nəslin bir imzası AYO-dan daha çox iş gördü bu kontekstdə. Əgər söhbət estetik meyarlardan gedirsə, bir Qismətin, bir Fərid Hüseynin gördüyü işlər AYO-nın cəmindən böyük və faydalıdır ədəbiyyat tariximiz üçün”.

F. Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər