Ru
18:49 / 28 İyun 2025

Qanlı hücum: Moskva Bakıya qarşı təzyiq planını işə saldı - Məqsəd nədir?

Qanlı hücum: Moskva Bakıya qarşı təzyiq planını işə saldı - Məqsəd nədir?
Eye

Yekaterinburqda FSB-nin azərbaycanlılara hücumu və soydaşlarımızı qətlə yetirməsi Rusiya tərəfindən “keçmiş illərdə baş vermiş cinayət işinin araşdırılması” kimi təqdim edilsə də, birbaşa siyasi motivlərdən qaynaqlanır. Baş verənləri bir neçə kontekstdə dəyərləndirmək mümkündür.

Birincisi, Rusiyada miqrantlara qarşı nifrətin körüklənməsidir.

Ekstremizmin monitorinqini aparan Sova Araşdırma Mərkəzinin hesabatına görə, Rusiyada 2023-cü ildən etibarən qeyri-ruslara qarşı irqi zorakılığın şiddətlənib, xüsusilə Mərkəzi Asiya və Qafqazdan gələnlərə, bir sözlə, qeyri-slavyan görünüşü olanlara qarşı. Belə zorakılıq Rusiyada ənənəvi haldır, lakin son illər kəskinləşməsinin səbəbləri Ukrayna müharibəsindən qaynaqlanır. Kreml nə qədər gizlətməyə çalışsa da, müharibədəki itkilər və daxili problemlər passiv də olsa ictimai narazılığa zəmin yaradır. Rusiya rəhbərliyi bu passiv narazılığı nəzarətdə saxlamaq və aktiv mərhələyə keçməsinin qarşısını almaq üçün “miqrant ovu” ilə ictimai qəzəbi fərqli istiqamətə yönləndirməyə cəhd edir. Müharibə ehtirası şovinizmin də körükləməsinə səbəb olub ki, bu da qeyri-ruslara qarşı zorakılığın şiddətlənməsinə yol açır.

İkincisi, miqrant və qeyri-rusların Ukrayna müharibəsində “top yemi” kimi istifadə edilməsi, buna qarşı çıxanların cəzalandırılmasıdır.

Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov bildirir ki, onlara hücum zamanı “ya sizi Ukraynada müharibəyə göndəririk, ya da döyə-döyə öldürəcəyik” deyiblər. Müharibədə ciddi itkilər verən Rusiya miqrant və qeyri-rus əsilli vətəndaşlarını səfərbərliyə cəlb etməklə həm daxildə rusların narazılığını azaldır, həm də canlı qüvvə ehtiyacını ödəyir.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin may ayında bildirirdi ki, Rusiya vətəndaşlığını almış 20 min nəfər Ukraynada döyüş bölgəsinə göndərilib. Ötən ilin iyun ayında isə deyirdi ki, “Rusiya vətəndaşlığını almış, lakin hərbi xidmət üçün qeydiyyatdan keçməmiş 30 mindən çox əcnəbi saxlanılıb, 10 minə yaxını cəbhəyə göndərilib”.

Məlumatlara görə, Rusiya hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi reydləri zamanı vətəndaşlığı olan miqrantlara çağırış vərəqəsi verilir və ya saxlanılaraq, birbaşa hərbi komissarlığa aparılır. Bəzi hallarda vətəndaşlığa qəbul edilmiş şəxsləri Rusiya pasportlarından məhrum etməklə və ölkədən çıxarmaq təhdidi ilə müqavilə bağlamağa məcbur edirlər.

Daha bir fakt: “Novaya qazeta” yazırdı ki, bir gecədə 3000 miqrant saxlanıldıqdan sonra onlarla görüşə ilk növbədə hərbi komissarlıqların nümayəndələri gəldi və bildirdilər ki, vətəndaşlığı olmayan şəxslər orduya qoşularlarsa, onlara Rusiya pasportları veriləcək, bundan imtina edərlərsə, bütün ailələri deportasiya olunacaq və miqrasiya qanunlarını pozduqları üçün cinayət işi açılacaq.

Azərbaycanlılara hücumun motivlərindən biri Rusiyanın Ukraynada döyüşə göndərdiyi “qeyri-rus ordusu”nu təmin etməkdir. İndiyə qədər əsas qaynaq kimi Mərkəzi Asiyadan olan qeyri-rus vətəndaşlardan istifadə ediblər, indi Azərbaycan əsilli olanları da kütləvi şəkildə “top yeminə” çevirmək istəyirlər.

Üçüncüsü və əsas motiv azərbaycanlılara hücumlar üzərindən rəsmi Bakıya təzyiq-şantaj siyasətidir. Hücumun məhz indi başlanma səbəbi də burada ortaya çıxır.

a) Məsələyə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması kontekstində baxa bilərik.

Rusiya faktı arxa fona keçirmək istəsə də, Azərbaycan təyyarəsinin vurulması ilə bağlı tələblərindən geri çəkilmir və artıq məsələni beynəlxalq müstəviyə daşımaq istiqamətində addımlar atır. İyunun 17-də ICAO rəhbərliyi ilə Parisdə keçirilən görüş bu addımlardan biri idi. Və təsadüfi deyil ki, bir gün sonra – iyunun 18-də Sovolyov qondarma “artsax” iddiaları ilə Azərbaycana hücum etdi. Moskva müxtəlif təxribatlarla Bakını geri çəkilməyə məcbur etməyə çalışır. Hərçənd, Əliyev 9 may paradına getməkdən imtina etməklə geri addımın atılmayacağını nümayiş etdirmişdi.

b) Rusiyanın Ukrayna müharibəsinin başlanmasından sonra mövqeləri zəifləyən Cənubi Qafqaza “qayıdış cəhdləri” də burada rol oynayır. Ermənistanda revanşizmi körükləyir, paralel şəkildə, Azərbaycana qarşı “Qarabağ iddiaları”nı müxtəlif səviyyələrdə aktuallaşdırırlar. Moskva anlayır ki, İrəvanda nəticə əldə etsə belə, Bakının razılığı olmadan bölgədəki mövqelərini bərpa etmək çətin olacaq.

Bu kontekstdə Yekaterinburqda FSB tərəfindən soydaşlarımızın qətlə yetirilməsi ilə nəticələnən hücumlar “24 il əvvəl baş vermiş hansısa cinayətin” araşdırılması yox, Azərbaycana qarşı təzyiq planında istiqamətlərdən biridir.

Asif Nərimanlı

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar