Rusiya Prezidenti Vadimir Putin Yekaterinburqda azərbaycanlılara ağır işgəncə verilməsi və bu zaman bir neçə soydaşımızın qətlə yetirilməsiylə bağlı araşdırılma aparılmasına təlimat verməsə, demək, son hadisə yerli polisin “özfəaliyyəti” olmayıb, özlərini ifşa etmək istəmirlər.
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Kreml sahibi Rusiya səmasında sərnişin təyyarəmizin vurulmasına və vətəndaşlarımızın öldürülməsinə ciddi reaksiya vermədi, araşdırılma aparılmadı, üstündən keçdilər:
"Yekaterinburqdakı hadisələrə də seyrçi qalsalar, demək Kreml Azərbaycanı sözdə və əməldə tərəfdaş saymır. Bizdən Bakıda “Rus evinin” qapadılmasının, Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” agentliyinin ölkəmizdəki fəaliyyətinin məhdudlaşdırılmasının intiqamını alırlar. Kreml hələ bu cür anti-Azərbaycan siyasəti ilə Xankəndidə konsulluq açmaq istəyirdi. Ən pisi odur ki, Yekaterinburqdakı hadisələr Rusiyanın başqa şəhələrində də təkrarlana bilər. Məhz bu səbəbdən təyyarə olayında olduğu kimi Rusiyadan ciddi təhqiqat aparılmasını və təhqiqatın nəticələrinin elanını tələb etməliyik".
O bildirib ki, Yekaterinburq hadisəsində bir başqa məqam da diqqəti çəkir:
"Azərbaycanlı ailənin evinə basqın edən “qara maskalılar” soydaşlarımızın Ukrayna ilə müharibəyə yollanmağa yönəlik sənədə qol çəkməyi tələb ediblər. Son illər bu, Rusiya hakimiyyətinin müxtəlif millətlərə, o cümlədən azərbaycanlılara qarşı tətbiq etdiyi yeni işgəncə üsuludur. Deməli, Rusiya özününkülərə həmin sənədə qol çəkməyi məsləhət bilir, bununla bağlı izahat işi aparır, digər millətlərin nümayəndələrinə isə zorla qol çəkdirir, çünki ölümə birinci onlar göndərilir. Beləliklə, başqa millətin nümayəndələrinə Rusiyada yaşamaq və işləmək təhlükəli həddə çatıb. Bir ölkənin prezidenti “harda Rusiya əsgəri varsa, ora elə Rusiyadır” deyirsə, onun polisi igəncə də verəcək, günahsız insanı da öldürəcək".
Aygün,
BakuPost