Azərbaycanda evlənmə yaşı artır. Son illərdə ölkədə gec yaşda nigaha daxil olan gənclərin sayında artım müşahidə olunur.
Rəqəmlər də göstərir ki, Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı artıb.
Bu yaş həddi son 30 ildə hətta ən yüksək səviyyəyə çatıb.
Statistika Komitəsindən verilən məlumata görə, 1991-ci ildə - Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub. Ancaq 2002-2003 və 2014-2018-ci illərdə ölkədə nikaha daxil olan kişilər arasında nikah yaşı yüksəlib. Ölkədə 2002, 2003, illərdə kişilər üçün orta nikah yaşı 28,6 olub. 2014, 2015, 2016-cı illərdə də nikaha daxil olan kişilərin yaşı 28,9 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər də artıb. 2017-ci ildə evlənən kişilər arasında rəsmi nikahın orta yaşı 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib. 2019-cu ildə 29,4-ə və 2020-ci ildə 30-a çatıb. 2021-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 29,4, qadınların orta yaş həddi isə 24,7 olub.
Azərbaycanda rəsmi nikaha daxil olan qadınlar arasında da yaş həddi 2018-ci ildən artmağa başlayıb. Ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990 və 2018-ci illərdə qeydə alınıb. 1990-cı ildə nikaha daxil olan qadınların orta yaşı 24,3 olub ki, bu göstərici son 28 ildə ilk dəfə olaraq, 2018-ci ildə yenilənib. Belə ki, 2018-ci ildə də qadınların orta nikah yaşı 25,3-ə yüksəlib. 2020-ci ildə 25,2-yə, 2021-ci ildə isə 26,8-ə qədər yüksəlib.
Bəs gənclərimizi ailə qurmağa gecikdirən səbəb nədir? Niyə gənclər, xüsusən də kişilər gənclik yaşı bitəndən sonra ailə qururlar?
Sosioloq Etibar Həsənovun Bakupost.az -a dediyinə görə, gənclərin universiteti bitirdikdən sonra dərhal iş tapıb işləməsi bir az müşkül məsələdir. İş tapmaq xeyli zaman alır. İş tapsan belə, maaş azlığının normal yaşayış səviyyəsinə uyğun gəlməməsi gənclərin yeni həyat qurmasına maneə törədir:
“İşsizlik ucbatından bölgələrdən paytaxta axışan gənclər də əlavə olaraq yaşayış yerinin olmaması problemi ilə üzləşirlər. Qazanclarının bir qismini kirayə evlərə sərf edirlər. Aldığı maaşla heç özünü belə dolandıra bilməyən gənc bu səbəbdən ailə qurmağı fikirləşmir. İndiki zamanda bir gəncin məvacibini toplayıb ev almasına, özünə normal gün-güzəran qurmasına illər lazımdır. İnsanlar evlənmək üçün ev və işsizlik problemini həll edənə kimi yaş ötür. Bu da evlilik yaşını artırır. Gənc baxır ki, evi olmadan ailə quran dostu və ya hansısa qohumu illərlə kirayələrdə qalıb, çətinliklər, sıxıntılar çəkib. Bəzilərinin sosial problemlər, evsizlik, işsizlik, yoxsulluq ucbatından ailəsi dağılıb. Bütün bunları görüb qorxur və ailə qurmur”.
Sosioloq qeyd edib ki, hazırda ailə qurmaq barədə təsəvvürlər, fikirlər 30 il əvvəlkindən fərqlidir: “Oğlanlar özlərinə şərait qurmadan evlənmək istəmir. Qızlar da çalışır ki, karyera qursun, özü pul qazansın. Qızlar evləndikdən sonra gələcək həyat yoldaşının onun işləyib karyera qurmasına isti baxmayacağını düşünərək təhsilini bitirməyi, yaxşı iş sahibi olmağı gözləyir. Karyera qurduqdan sonra ailə qurmağa üstünlük verir ki, bu da onun evlilik çağının ötməsinə səbəb olur. Bu da evlənənlərin sayını azaldır”.
Etibar Həsənovun sözlərinə görə, gənclər erkən yaşda sevəndə qarşı tərəfin mənfi cəhətlərini görmür və tez evlənirlər:
“Amma yaşı artdıqca istəkləri çoxalır, daha məntiqlə düşünür və evlilik onlar üçün ikinci plana keçir. Yaşa dolduqca dünyagörüşü genişlənir və insanların öz tayını tapması daha da çətin olur. Qeyd edim ki, gec yaşda ailə quranlar arasında boşanma hallarına az rast gəlinir”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bü gün gənclərin gec yaşda qurmalarının başlıca səbəbi günlərinin çox hissəini işdə, iş başında keçirmələridir: “Başı işləməyə, pul qazanmağa, karyera qurmağa qarışan insanın bütün diqqəti ancaq buraya yönəlir. Evlənmək belə insanlar üçün ikinci plana keçir. Gününün çox hissəsini işdə keçirən, iş başında olan insanların tanışlıq üçün də imkanı qalmır.
Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. Ev alım, maaşım yüksək olsun, sonra ailə quraram deyir və nəticədə yaş keçir. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Əvvəllər gənclər valideynlərin uyğun gördüyü, məsləhət bildiyi insanla ailə qururdular. İndi dövr dəyişib, çox az insan tapılar ki, valideyn seçimi ilə ailə qursun. Gənclər daha çox özləri seçim etməyə, gələcək həyat yoldaşlarını özləri seçməyə üstünlük verirlər. Özü kimi düşünən, özünə uyğun adam tapmağa çalışırlar. Bu da müəyyən qədər zaman alır. Təcrübə göstərir ki, valideynlər tərəfindən verilən təkliflər çox vaxt valideynlərdən asılılıq yaradır. Əvvəllər valideynlər daha çox moderator rolunda çıxış edirdilər, ailənin qurulmasına, saxlanmasına təsir edirdilər. İndi valideynlər də iqtisadi yükü öz üzərlərinə götürmək istəmir, eyni zamanda moderatorluğu da pozitiv şəkildə həyata keçirmirlər. Daha çox dağıdıcı rolunda çıxış edirlər. Əgər valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanları varsa, onlar hakimiyyəti öz əllərinə almaq və öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla da gənclərin çoxu razılaşmır. Bu səbəbdən də gənclər ailə qurduqdan sonra valideynlərdən ayrı yaşamaq istəyirlər”.
Mehriban Zeynalova qeyd edib ki, qızların geç yaşda ailə qurmalarının səbəbi karyera pilləsinə qalxmaq arzusudur: “Onların müəyyən hissəsi gənc yaşda ailə qurmağa meyil etsə də, çox hissəsi təhsil almaq, işləmək, karyera qurmaq istəyir. Erkən nikah onlar üçün arzuolunan deyil. Özünə karyera quran, yaxşı işi, yüksək maaşı olan qız da seçici olur. Çalışır ki, vəzifə və imkanca ondan üstün insanla ailə qursun. Bu zaman da vaxt keçir, yaş artır”.
Birlik sədrinin sözlərinə görə, gənclərin gec yaşda ailə qurmasının digər səbəbi də iqtisadi amildir: “Gənclər iqtisadi baxımdan müstəqil olmaq istəyirlər. Buna görə də çalışırlar ki, öz iqtisadi imkanlarını yaxşılaşdırsınlar, valideynlərindən asılı olmasınlar. Özlərinə uyğun iş tapmaq, iqtisadi vəziyyətlərini yüksəltmək və s. Bu da təbii ki, zaman alır”.
M.Zeynalova qeyd edib ki, bəzən zorakılıq amilləri də gənclərin, xüsusən də qızların gec evlənməsinə səbəb olur: “Ailədə olan zorakılıq imkan vermir ki, insanlar bir-birlərinə güvənib evlənsinlər. Yəni anasının şiddət gördüyünü, döyüldüyünü, əzildiyini görən qız özünün də gələcək aqibətindən qorxaraq hər adama etibar edə bilmir. Düzgün seçim etməyə çalışır. Buna görə də çox diqqətli davranır, düzgün insanı seçməyə çalışır. Çoxlu sayda “məhəbbət macərası” yaşamış oğlanlar da gec yaşda ailə qurur. Səbəb isə onlarda qızlara qarşı inamın olmamasıdır. Evlənəcəkləri insanın ondan öncə kiminləsə sevgi macərası yaşadığını düşünüb qızlara qarşı şübhə ilə yanaşırlar. Bu da nəticədə onların seçim etməsinə təsir göstərərək, gec evlənmələrinə səbəb olur”.
Birlik sədrinin dediyinə görə, 25-30 yaş evlənmək üçün ən uyğun yaşdır. Çünki məhz bu yaşda insanda həyata baxış dəyişir, məsuliyyət hissi yaranır. Gənclər artıq iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün yollar tapa və özləri öz həyatlarını idarə edə bilirlər: “25-30 yaşda ailə qurmaq yaxşıdır. Ancaq 30-40 yaşlarında ailə quranda müəyyən problemlər yaranır. Bu gün ölkədə 30-40 yaşlarında ailə qurmaq tendensiyaları müşahidə edilir ki, bu da genefondumuz üçün təhlükəlidir. Bu, uşaqların doğum hallarının azalmasına, sonsuzluğa gətirib çıxara bilər”.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, bu gün Azərbaycanda nikaha daxil olma yaşının artmasının ən başlıca səbəbi sosial problemlərdi: “Maddi vəziyyətin aşağı olması, evsizlik, işsizlık ucbatından gənclər gec yaşda ilə qurur. Hər kəs istəyər ki, gənc yaşda ailə qurub, ailə, övlad sahibi olsun. Ancaq maddi çətinlik buna imkan vermir.
Evi, stabil işi, dolanışığı olmayan insanın gənc yaşda ailə qurmaq şansı olmur. “Özümü güclə dolandırıram, ailəni necə saxlayacam” deyib ailə qurmur. İş tapıb çalışmağa, özünə gün-güzəran, şərait qurmağa çalışır. Bu da asanlıqla başa gələn iş olmadığı üçün illər keçir və bu zaman da gəlib 30-35 yaşına çatır. Hazırda bir çox valideynin övlada dəstək olmağa maddi imkanı çatmır. Övlad da məcbur qalıb təkbaşına özü-özünə şərait yaradır, iş tapıb çalışır, ev alır və s.”.
Millət vəkili deyir ki, bu gün ölkədə gənc yaşda ailə quran gənclər də var. Bu gənclər də əsasən, maddi imkanı yaxşı olan, valideynlərindən maliyyə dəstəyi görən insanlardır: “Ata-ananın maddi imkanı yaxşıdır, övladına dəstək olur. Ev alır, toy edir və ona köməklik edir. Hər şey maddi imkandan asılıdır. İmkan və şarait varsa, gənc yaşda ailə qurmaq olar. Ancaq yaşamağa evi, ailəni dolandırmaq, tələbatlarını ödəmək üçün işi, pulu olmayan, ailəsindən maddi dəstək görməyən insan necə gənc yaşda ailə qura bilər axı?!”
Fazil Mustafa bildirib ki, gənclərin sosial problemləri həll olunmalıdır ki, onlar da vaxtında, gənc yaşda ailə qura bilsinlər: “Gənclərin işlə təmin olunması məsələsi diqqətdə saxlanılmalı, onlara bu sahədə dəstək göstərilməlidir. Hazırda ən böyük problemlərdən biri evsizlikdir. Gənclərə güzəştli şərtlərlə mənzil sahibi olmaq şansı yaradılmalıdır”.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, ölkədə evlilik yaşı qocalır: “Əvvəllər 1718 yaşında qız uşaqları, 22-27 yaş aralığı oğlanlar ailə həyatı qururdusa, indi qızlarda bu yaş 28 üzəri, oğlanlarda isə 30 yaş üzərindədir. Əslində bu vəziyyət gələcək üçün müsbət hal deyil. Erkən nikaha qarşıyam, amma yuxarı yaşda evlilik də normal qəbul edilməməlidir. Bu tendensiya davam etsə, nəsillərarası uçurum yaranacaq. Hərbi xidmət, ali təhsil, bir sözlə, bütün istiqamətlərdə çatışmazlıq olacaq”.
Təhsil eksperti qeyd edib ki, gənclər təhsil almaq üçün xaricə üz tuturlar. Bəziləri təhsillərini başa vurduqdan sonra geri qayıtmır, qalıb orada çalışırlar. Beləcə illər keçir və başı işə qarışan gəncin də evlilik yaşı ötür.
Psixoloq Vəfa Əkbərin sözlərinə əsasən, ailə qurmaq üçün 30-35 yaş həddi bizim cəmiyyətdə gec hesab olunur. Ancaq dünyanın bir çox inkişaf etmiş ölkələrində bu normal haldır: “Avropada insanlar əsasən gec yaşda evlənməyə üstünlük verirlər. İnsanlar düzgün seçim edib, xaraktercə və ruhən bir-birinə uyğun olan insanı tapmağa çalışırlar. Bundan da irəli gəlir ki, bir az gec evlənirlər”.
Psixoloq qeyd edib ki, gənclərin formalaşması həm bioloji, həm psixoloji baxımdan müəyyən yaşdan sonra baş verir: “30 yaşlı şəxs həm fiziki, həm də psixoloji baxımdan evliliyə hazır olur. İnsanların ayaqda durması və müstəqil həyata qədəm qoyması üçün daha çox zamana ehtiyacı var. Onlar sosial qayğılardan qurtulub ailə həyatı qurmaq istəyirlər. Əslində müəyyən yaşdan sonra qurulan ailələr daha fundamental olur. Gec yaşda ailə quran insan onun qədrini daha çox bilir. Ailəsinə daha çox bağlı olur. Gənclər status üçün evlənirsə, ailə təməli çox zəif qurulur. Ad xətrinə, həmkar və çevrələrindəki insanların görməsi üçün baş tutan evliliklər gec-tez mənfi nəticələrə gətirib çıxarır. Normal və vaxtında, öz seçimləri ilə qurulan ailələrdən sağlam övladlar da dünyaya gəlir. Mənfi tərəfləri isə odur ki, yaş ötür və düşüncə tərzi dəyişir. Erkən nikahların isə mənfi təzahürləri daha çoxdur. Münaqişələr, zorakılıq, ayrılıq halları erkən nikahlarda daha çox müşahidə edilir”.
Vəfa Əkbərin fikrincə, insanlar özlərini evliliyə psixoloji baxımdan hazır hiss etdikləri zaman ailə qurmalıdırlar: “İnsan mənən, qəlbən və psixoloji baxımdan özünü hansı yaşda evliliyə hazır hiss edirsə, o zaman da ailə qurmalıdır. İnsan var ki, sosial cəhətdən təminatlıdır, ancaq özünü evliliyə hazır hiss etmir. Belə insanı evlilik yaşı keçsə belə, evliliyə məcbur etmək olmaz”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.
Sevinc
BakuPost