Son günlər xaricdə yaşayan bəzi bloqerlərin Azərbaycan Prezidentinin ailəsi ilə bağlı yaydığı iddialar ölkədə növbəti informasiya hücumu müzakirələrini gündəmə gətirib. Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar isə bu prosesin təsadüfi olmadığını, arxasında koordinasiyalı planların dayana biləcəyini göstərir.
Yayılan səs yazılarında “hakimiyyət dəyişikliyi üçün yuxarıdan düymə basılıb” kimi ifadələrin yer alması isə sualları daha da artırır: Bu “yuxarılar” kimdir və məqsəd nədir?
Bakupost.az mövzu ilə bağlı “ReAl” partiyasının sədri Natiq Cəfərlinin mövqeyini öyrənib.
– Natiq bəy, İTV-sə yayımlanan materiala yəqin ki, baxmısız. Videoda səslənən “yuxarıdan düymə basılıb”, “oyun qurulur”, “hakimiyyət dəyişikliyi planlaşdırılır” kimi fikirlər ciddi müzakirə mövzusina çevrilib. Sizcə, orada kimlər nəzərdə tutulur?
– Burada yəqin ki, hansısa xarici ölkənin xüsusi xidmət orqanları və yaxud ölkə daxilində kimlərsə, hansısa güclü qruplaşmalar nəzərdə tutula bilər. Əminəm ki, bunun üçün məlumatlı insanların bilgisi var. Çox güman ki, dövlət qurumlarının bir müddət sonra bununla bağlı müxtəlif açıqlamaları olacaq. Yəni burada versiya çox deyil, ya xarici ölkələrdən biri və ya şimal qonşumuz, yaxud da ölkə daxilində hansısa siyasi qrupların biri ola bilər.
– Bu tip xarici müdaxilə və koordinasiyalı şantaj kampaniyaları Azərbaycan üçün təhdid ola bilərmi?
– Bu kampaniya Azərbaycanda əhali tərəfindən o qədər də ciddi qəbul olunmur. Digər tərəfdən dövlət orqanları da şantaj qarşısında özlərini peşəkar aparır. Çox güman ki, onların cavabları da peşəkarcasına olacaq. Əvvəl də verilib, bundan sonra da veriləcək. Ona görə də bu hadisənin ciddi siyasi dalğalanmalar, ictimai müzakirələr doğurduğunu da düşünmürəm. Açıq yayılan məlumatların da böyük əksəriyyətinin belə deyək də “fake” məlumatlar olması ehtimalı kifayət qədər yüksəkdir.
– Xarici dövlət və ya kəşfiyyat strukturunun məqsədi yalnız fərdi kompromat yaratmaq deyil, eyni zamanda siyasi təsir göstərməkdirsə, bu əməliyyatın taktiki və strategiya məqsədləri nələrdir?
– Ölkə daxilində də müəyyən proses yaratmağa cəhd edirlər. Bu birinci hal deyil, dəfələrlə olub. Şimal qonşumuz 2013-cü ildə də bunu müxtəlif qruplar tərəfindən həyata keçirməyə çalışırdı. Yəni zaman-zaman dövlətlərin digər ölkələrin daxili işlərinə müdaxilələri və cəhdləri olur. Amma düşünmürəm ki, bu Azərbaycanda hansısa bir ciddi effekt verə bilər. Çünki ölkədə bu tipli məlumatların hansısa ciddi siyasi reaksiya doğuracağı o qədər də inandırıcı görünmür.
– Belə hibrid əməliyyatlarda xarici kəşfiyyatın istifadə etdiyi dezinformasiya, “deepfake” və sosial media manipulyasiyası kimi alətlərə qarşı Azərbaycan dövləti hansı qabaqlayıcı tədbirlər görməlidir?
– Yenə də deyirəm bu, xüsusi xidmət orqanlarının işidir. Mən onların hansısa əməliyyat tədbirlərini həyata keçirdiklərinə əminəm. Amma bu tipli “fake” məlumatların yayılmaması üçün ölkə daxilində fəaliyyət göstərən normal media strukturlarının fəaliyyət alanı genişləndirilməlidir. Yəni ölkə daxilində diskussiya, müzakirə, debatlar daha da cəlbedici olmalıdır ki, Azərbaycan insanı xaricdən yayımlanan aşağı səviyyəli kanallara baxmasınlar, ümumiyyətlə heç onu görməsinlər. Bu çox vacibdir. Yəni Azərbaycan daxilində diskurs genişlənməlidir ki, xaricdən o yalan, söyüş, qarğış kanallara maraq azalsın. Bax, bu da siyasi strategiyanın tərkib hissəsidir. Hüquqi cəhətdən bilmədiyim sahədir, amma siyasi cəhətdən düşünürəm ki, bu daha doğru addım olardı.
– Xarici güclərin məqsədi ölkədə hakimiyyət dəyişikliyi və siyasi destabilizasiya yaratmaqdırsa, buna qarşı həm hüquqi, həm kiber, həm də siyasi müdafiə mexanizmləri hansı səviyyədə olmalıdır?
– Azərbaycanda kənardan müdaxilə ilə hakimiyyət dəyişikliyi mümkün deyil. Dəfələrlə buna cəhd olunub və hamısı da uğursuzluqla nəticələnib. Azərbaycanda narazılıq varmı? Var. Hökumətin bəzi addımlarından, qərarlarından, inflyasiyadan, qiymət artımından narazılıq var. Amma bu ölkənin sivil siyasət alətləri vasitəsilə dialoq, müzakirə, müəyyən addımlar nəticəsində həll oluna biləcək məsələlərdir. Ona görə də xaricdən hansısa təsirlərin, addımların Azərbaycanda ciddi bir effekt doğuracağını görməmişəm. Bundan sonra da inanmıram ki, belə bir şey olsun. Yəni biz öz daxildəki problemlərimizi özümüz də həll etməyi öyrənməliyik. Bunun üçün də daxildə diskussiya genişlənməlidir. Bu genişlənənmə olanda xaricdən yayılan məlumatlara maraq da tədricən azalacaq.
Cavid, BakuPost