Ru
12:15 / 12 Aprel 2022

Zəfərimizə həsr olunan əsərlərin siyahısı - Fərid Hüseyn Mirşahinə 65 ad göndərdi

27952

Xəbər verdiyimiz kimi, ötən gün “Real TV”nin rəhbəri, jurnalist Mirşahin Ağayev qələm sahiblərini sərt tənqid edib.


O, Vətən Müharibəsindəki Qələbəmizlə bağlı əsərlərin yazılmadığını deyib.


M. Ağayevin bu çıxışına sənət və söz adamları da cavabsız qalmayıblar. Bir sıra yazıçılar, şairlər onun haqsız mövqedə olduğu deyərək, iradlarını bildiriblər.


Bakupost.az xəbər verir ki, şair Fərid Hüseyn isə cavab olaraq Qarabağ Zəfərinə həsr edilən əsərlərin siyahısını paylaşıb.

Həmin siyahını təqdim edirik:

1. Azərbaycan Yazıçılar Birliyi “Qarabağ dastanı” (Otuz ilin həsrəti – 44 günün zəfəri) adlı gözəl bir kitab nəşr etdirib.
2. Mədəniyyət Nazirliyinin 2022-ci il üçün təsdiq olunmuş nəşr planına Zəfərimiz barədə bir neçə əsərin adı daxil edilib.
3. Xalq şairi Sabir Rüstəmxanlı “Qarabağa dönüş” adlı poema yazıb, əsərin həcmi böyükdür və ayrıca kitab şəklində çap olunub.
4. Xalq şairi Vahid Əziz Qarabağa həsr edilən ayrıca şeir kitabı – “Param-parça illər”i ortaya qoyub.
5. Xalq şairi Nəriman Həsənzadənin “Zəfər yolu” poeması dərc edilib.
6. Faiq Şücəddinovun bəstələdiyi “Zəfər simfonik poeması”nın sözlərini Səlim Babullaoğlu yazıb.
7. Qulu Ağsəsin bir ildən çoxdur mətbuatda Qarabağ, Zəfər mövzulu şeirləri ardıcıl dərc olunur.
8. TEAS Press nəşriyyatı 44 günlük müharibəyə dair kitab nəşr edib. "44 fəsil" adlanan kitabda 44 yerli müəllifin müharibəyə, müqəddəs şəhidlərimizə ithaf olunmuş 44 hekayəsi toplanıb.
9. Akademik Rafael Hüseynov 44 günlük Vətən müharibəsi boyunca, az qala hər gün bədii-publisistik esselər qələmə alıb.
10. Ustad şair Ramiz Rövşənin şeirləri youtube-də kifayət qədər maraq yaradıb.
11. Baba Vəziroğlu millətimizə bir neçə zəfər marşı bağışlayıb.
12. Zəfərimizdən sonra S.Babullaoğlunu rəhbərliyi ilə Monteneqroda “Qarabağ hekayələri”, Ukraynada müharibə və zəfər haqqında Azərbaycanlı müəlliflərin qələmə aldığı “Bayraqdar” adlı nəsr əsərlərinin cəm olduğu kitablar tərcümə edilərək nəşr olunub.
13. İlqar Fəhmi zəfərimizə aid pyes qələmə alıb. Pyes “Azərbaycan” jurnalının builki II sayında yer alıb.
14. Zahid Xəlilin “Dəmir yumruq dastanı” adlı kitabı oxucuların ixtiyarına verilib.
15. AYB-nin nəşrə hazırladığı “Bütün yollar Şuşaya aparır” adlı kitabı Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə yayımlanıb.
16. Ramiz Qusarçaylının “Vətən” adlı həcmli poeması yaxın günlərdə kitab şəklində işıq üzü görüb.
17. Cənab Ali Baş Komandan İlham Əliyevə və Türkiyə Prezidenti R.T.Ərdoğana onlarla şeir və poemalar həsr edilib.
18. Üç qazi-şairimiz Həsən Kür, Elvin İntiqamoğlu və Emin Piri iştirakçısı olduqları müharibə barədə şahid nəzərləri ilə qələmə alınan çoxsaylı şeirlər yazıblar.
19. Emin Pirinin olduqca təsirli “Müharibə gündəliyi” adlı memuarları işıq üzü görüb.
20. Azərbaycan Milli Kitabxanasının nəşri olan “Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtı” adlı biblioqrafik kitabda 2020-2021-ci illərdə Şuşa qələbəsinə yazılan şeir, hekayə və nağılların çap olunduğu mətbu orqanların göstəricilərində onlarla yeni əsərin adı və çap olunduğu mətbu orqan var.
21. Bu il Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvlərinin qələbəmizə həsr olunan bədii əsərlərindən ibarət “Sən azadsan” adlı kitab yayımlanıb.
22. İlqar Kamilin general Polad Həşimov barədə “Polad necə bərkidi” adlı gözəl bir esselər kitabını “Parlaq imzalar” nəşriyyatı oxuculara qovuşdurub.
23. Mirmehdi Ağaoğlu “Zəfərin izi ilə” adlı bədii reportajlar kitabı yaradıb. Hər reportajların hər biri bir ağrılı səyahət hekayəsi siqlətindədir.
24. Elşad Barat şəhidlərə həsr etdiyi şeirlərdən ibarət “Ölümsüzlər” kitabını ərsəyə gətirib. Bir neçə cilddən ibarət bu kitabın hələlik bir cildi çap olunub.
25. Elxan Zal Qaraxanlının qələmə aldığı “Ordu günü” adlı kitabı çap olunub.
26. Seyfəddin Hüseynli müharibə haqqında dünya ədəbiyyatının onlarla şah əsərini dilimizə çevirib yayımlayıb. Məqsəd də odur ki, bəşəri reallıqlar oxucularda müqayisəli təəssürat oyatsın.
27. Kənan Hacı şəhid Sənan Axundov haqqında “Lalə rəngli çobanyastığı” adlı roman yazıb.
28. İlqar Fəhmi ilə Səlim Babullaoğlu yeni hərbi marş yazıblar.
29. Akademik Milli Dram Teatrında “Zəfər yolu” adlı tamaşa hazırlanır.
30. Ötən ilin noyabrında “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı olub. Zəfər gününə həsr olunan neçə-neçə tamaşalar o festivalda bir-birinə rəqib olublar.
31. Elçin Hüseynbəyli bir-birindən dəyərli Qarabağ hekayələri qələmə alıb.
32. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin ədəbi orqanı olan “Dünya ədəbiyyatı” jurnalının, “Türkiyə” “Pakistana”, “İsrail” adlı xüsusi ədəbi sayları da haqq savaşımızla bağlı çox ciddi ədəbi jestdir/
33. Azad Qaradərəli Cəbrayıl Dövlətzadəyə həsr olunan “Cəbrayıl əfsanəsi” adlı roman yazıb.
34. Nigar Həsənzadənin rəhbəri olduğu Söz ədəbi layihəsi əsasında “İgidlərin sözü” adlı tədbir keçirildi. Həmin tədbirdə qazı-şairlərin yazdığı onlarla şeir oxundu. Qazi-şairlərin zəfərimiz haqqında yazdıqları ayrıca bir kitab şəklində nəşr etdiriləcək.
35. Mehriban Sultanın “Zəfər görüşü” adlı birpərdəli pyesi yayımlanıb.
36. “Ədəbiyyat qəzeti”nin bir neçə sayı bütövlükdə qələbəyə aid yazılara həsr olunub.
37. “Azərbaycan” jurnalının “Şuşa” adlı xüsusi sayı yayımlanıb.
38. “Ulduz” jurnallarının “Qarabağ” adlı xüsusi sayı dərc edilib.
39. “525-ci” qəzetdə müharibə soraqlı yazıları, Zəfərimizlə əlaqədar mətnləri bir yerə cəmləsələr böyük bir kitab alınar
40. Professor Səlahəddin Xəlilovun “Zəfər yolunun hikmət xronikası və ya 44 gün– 44 aforizm” adlı ədəbi-fəlsəfi fikirləri dərc edilib.
41. Şərif Ağayarın “Komandir” romanı.
42. Özbək şairəsi Xasiyyət Rüstəmin “44 gün” adlı kitabı dilimizə çevrilib yayımlanıb.
43. Gülxani Pənah 700 səhifəlik “Vətən bağı al-əlvandır” adlı II Qarabağ Müharibəsinə həsr edilən əsərlər toplusunu nəşr etdirib.
44. “Mücrü” nəşriyyatı ötən il “Qarabağ Azərbaycandır” adlı kiçik hekayə müsabiqəsi keçirib. Müsabiqəyə onlarla yazarlar yeni əsərlə müraciət edib.
45. “Mücrü” nəşriyyatı bədii yazılardan ibarət “44 gün” adlı kitab nəşr edib.
46. Abuzər Turanın “Zəfər çələngi” poeması hissə-hissə “Ədəbiyyat qəzeti”ndə yayımlanıb.
47. Rafiq Yusifoğlunun “Zəfər dastanı” kitabı oxuculara təqdim olunub.
48. Orta məktəb dərsliklərində qələbəyə aid çoxlu sayda yeni şeirlər yer alıb.
49. Bir ildən artıq müddətdə II Qarabağ Savaşına aid 30-a qədər hekayə dövri mətbuatda qələmə alınıb.
50. İlhamə Dağlının “Bayrağı öpən ruhlar” povesti işıq üzü görüb.
51. Ramiz Duyğunun “Qalibiyyət dastanı” adlı poetik əsəri yayımlanıb.
52. Gənc yazar Tural Cəfərli “44 gün – Zəfərə doğru” adlı bədii kitab yazıb.
53. Zemfira Məhərrəmli “Qarabağ bədii ədəbiyyatda” adlı kitabını oxuculara təqdim edib.
54. Vaqif İsaqoğlunun “Bizim general” poeması P.Həşimova həsr edilib.
55. Gənc şair Tural Turan “Zəfər notları” adlı poetik silsilə qələmə alıb.
56. Asim Yadigarın “Zəfər yolu” əsəri nəşr olunub.
57. “Ustad” bədii jurnalının ayrıca “Zəfər” sayı yayımlanıb.
58. “Şuşa” ilinə görə pyes müsabiqəsi elan olub. O söz yarışında da yaxşı əsərlərin meydana çıxacağına ümid edirəm
59. Yazıçı Güllü Məmmədovanın “Fatehlərin zəfəri” sənədli-romanı yayımlanıb.
60. Amid Səlimoğlunun “44 gün” romanı işıq üzü görüb.
61. Kulis.az saytının keçirdiyi hekayə müsabiqəsində II Qarabağ Savaşına aid onlarla yeni hekayə üzə çıxdı.
62. Təvazökarlıq duyğusundan uzaq olsa da deyim, mən müharibənin ilk günlərində “Yumruq günü” adlı poema yazmışam. Sonradan bildim ki, hərbi əməliyyatımızın adı “Dəmir Yumruq” imiş.
63. Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı tamamlanıb.
64. Səyyad Aranın "İrəvana gedən yollar" adlı romanı nəşr edilib
65. F. Köçərli adına kitabxana “Ölümü fəth edənlər” adlı 25 uşağın hekayələrindən ibarət toplu çap edib. Zəfər tariximiz haqqında uşaqların bədii düşüncəsini bu nəşrdə aydın görmək olur.




BakuPost

Şərhlər
  • Təranə Arifqızı

    Əlavə olaraq qeyd edim ki, Vətən müharibəsi mövzusunda ilk kitab, ilk nəzm kitabı 2021- ci ilin yanvarında işıq üzü görən Təranə Arifqızının" Qarabağda 44 gün" kitabıdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər