Xəbər verdiyimiz kimi, Tramp administrasiyası Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan və Ermənistanla fəal işləyir və iki ölkəyə maraqlı təklif irəli sürülüb. Təklifə görə, ABŞ şirkəti dəhlizə neytral qarant rolunu oynaya bilər.
Politoloq Zərdüşt Əlizadə
Bakupost.az -a açıqlamasında bu təklifə münasibət bildirib. Onun sözlərinə görə, əslində ABŞ Zəngəzur dəhlizinin açılmasını istəmir:
“Xatırladım ki, 2023-cü ildə Amerika Dövlət Katibinin müşaviri Bakıda bəyanat vermişdi ki, Zəngəzur dəhlizi heç bir halda çəkilməməlidir. Bizimkilər də onu çox mədəni şəkildə yola saldılar.
Amerika dünya miqyasında Çinlə rəqabət aparır. Çin çox sürətlə inkişaf edir, dünyanın aparıcı sənaye ölkəsidir. Bazarları var və əsas bazar da Avropadır, Afrikadır. Rəqabətdə uduzan Amerika öz həyasızlığından istifadə edib çalışır ki, o yükdaşımalarının 80%-i dəniz yolu ilə həyata keçirilsin. Çünki Amerika Çin ilə qarşıdurma yaşasa, Çinin xarici ticarətini dondura bilər, gəmiləri saxlaya bilər. Çin də bunun qarşısını almaq üçün çalışır ki, quru yollarını inkişaf etdirsin”.
Politoloq bildirib ki, Zəngəzur dəhlizi də Çin-Avropa nəqliyyat körpüsündə ön sırada ola bilər:
“Amerika Çinə mane olmaq üçün bizim işlərimizə qarışır. Çünki bu dəmir yolu işləsə, Azərbaycana da, Ermənistana da, Gürcüstana da, Türkiyəyə də, Qazaxıstana da, Özbəkistana da, Türkmənistana da böyük həcmdə gəlir gətirə bilər.
Söhbət 80-100 milyon ton civarında yükdən gedir. Azərbaycan Prezidenti tez-tez Orta Asiyaya səfər edir, Çinlə münasibətlər yaxşılaşıb, yəni Azərbaycan bu yoldan qazanmaq istəyir. Amerika isə Çinlə rəqabətə görə çalışır bu işlərə mane olsun.
Ona görə təklif edir ki, gəlin, Zəngəzur yoluna Amerika şirkətləri qarant olsun. Buna ehtiyac yoxdur. Ermənistanın ağlı başına gəlib. İndi tədricən Zəngəzur yolunun iş nizamı razılaşdırılır. Ermənistan əməli olaraq yol çəkməyə başlayıb, dəmir yolunu bərpa edib. Ondan sonra bizə heç bir Amerika şirkəti lazım deyil. Nəyimizə lazımdır?!
Azərbaycana və Ermənistana Amerika ilə Çin arasındakı rəqabətin heç bir aidiyyəti yoxdur. Onlar özləri bilərlər. Həmin təklif yalnız və yalnız Amerikanın siyasi maraqlarına xidmət edən məkrli bir təklifdir.”
Aysel,
BakuPost