Xəbər verdiyimiz kimi, 2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib.
Bakupost.az xəbər verir ki, "Minval Politiko" hadisə ilə bağlı daha bir məlumat əldə edib.
Məlumata görə, AZAL-a məxsus EMBRAER 190 reysinin vurulması əmrini Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilo verib. Bu barədə 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib. Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.
Hesabatlara görə, raket qurğusunun heyəti Tolopilonun operativ tabeliyində olub. Bu, 16 dekabr 2024-cü il tarixli rəsmi raportla təsdiqlənib. Bildirilir ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor Tolopilo cinayət məsuliyyətindən yayınıb. O, günahı dispetçerlərin üzərinə ataraq, raketlərin "öz-özünü məhv etdiyini" iddia edib və təyyarəyə zərər verə bilməyəcəyini deyərək, bilərəkdən yalan ifadələr verib.
Onun bu versiyası daxili istintaq tərəfindən təkzib edilib.
Faciədəki roluna baxmayaraq, Tolopilo nəinki cəzalandırılıb, əksinə vəzifəyə yüksəldilib.
Asena,
BakuPost