Ru
13:01 / 08 Sentyabr 2025

Azərbaycan iqtisadiyyatına Çin investisiyası - Tiencində tarixi qərarlar

Azərbaycan iqtisadiyyatına Çin investisiyası - Tiencində tarixi qərarlar
Eye

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci iclası beynəlxalq gündəliyin mühüm hadisələrindən biri kimi yadda qaldı. Dünyanın aparıcı dövlətlərini və regional gücləri bir araya gətirən bu sammit həm qlobal çağırışlara qarşı ortaq mövqelərin müəyyənləşdirilməsi, həm də yeni iqtisadi əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından əhəmiyyətli oldu. Zirvədə Prezident İlham Əliyevin iştirakı və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın artan geosiyasi çəkisini və qlobal miqyasda nüfuzunun güclənməsini nümayiş etdirdi.


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakupost.az - a açıqlamasında diqqəti Azərbaycanın artan geosiyasi nüfuzuna yönəldib. O bildirib ki, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda ŞƏT kimi platformalarda ölkəmizin mövqeyinə xüsusi diqqətlə yanaşılması regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi baxımdan çox önəmlidir:

“Eyni zamanda ölkəmizin mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi kimi məsələləri əhatələyən mövqeyinin yeni geosiyasi reallıqlarda ŞƏT kimi nəhəng ərazi, əhali və iqtisadi potensiala malik coğrafiyada bəyan olunması baxımdan tarixi fürsət sayıla bilər. Təsadüfi deyil ki, möhtərəm Prezident də bu fürsəti real imkanlara çevirərək ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Çin kimi supergüclə strateji tərəfdaşlıq qurulmasına nail oldu.

Eyni zamanda "ŞƏT+” formatında görüşdəki çıxışında dövlət başçısı Azərbaycanın artan geosiyasi nüfuzunun və önəminin real mənzərəsini ortaya qoya bildi. Prezident İlham Əliyev açıq formada bildirdi ki, 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb, yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Yəni dövlət başçısı qətiyyətli formada göstərmiş oldu ki, Orta Dəhliz məhz Azərbaycan sayəsində Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Bu dəhlizlə bağlı yanlış düşüncələr, xüsusən Zəngəzur dəhlizinə hərbi məqsədli layihə donu geyindirmək istiqamətində məqsədli tezislərə də İlham Əliyevin "ŞƏT+" platformasındakı çıxışı əhəmiyyətli cavab oldu. İlham Əliyev məhz Bakının təşəbbüsü olan Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevrilərək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcəyini və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcəyini bildirməklə ölkəmizin sülhpərvər və əməkdaşlıq niyyətini nümayiş etdirdi.”


Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində aparıcı şirkət rəhbərləri ilə keçirilən görüşlər Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə töhfə verəcək:

“Yeni dövrün yeni hədəflərindən biri də məhz qeyri-neft sektoruna daha çox xarici investisiyanın cəlbidir. Bu kontekstdən, aparıcı dövlətlərin şirkətləri ilə aparılan müzakirələr qeyri-neft sektoru üçün yeni sərmayə imkanları deməkdir. Təbii ki, Prezidentin keçirdiyi görüşlərdə də müzakirə olunan məsələlər sırasında Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, qarşılıqlı layihələr, texnologiya transferi və s. xüsusi yer tutur. Gözlənilir ki, Prezidentin keçirdiyi görüşlər nəticəsində xüsusən qeyri-neft sektoruna daha çox sərmayə qoyuluşuna şərait yaranacaq. Bu isə ilk növbədə “yaşıl enerji” sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan Çinlə məhz bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Son görüşlər və imzalanan anlaşmalar da əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdı. Azərbaycan bir tərəfdən regionda, xüsusilə Cənubi Qafqazda “yaşıl enerji” sahəsinə böyük diqqət ayıran ölkədir. Digər tərəfdən, ölkəmiz 2030-cu ilədək “yaşıl enerji”nin ümumi enerji balansındakı payını 35 faizə çatdırmağı, karbon emissiyalarını isə 40 faiz azaltmağı hədəfləyir. Bu baxımdan aparılan təhlillər göstərir ki, Çinlə “yaşıl enerji” sahəsində əməkdaşlıq bir tərəfdən istehsal gücünün artmasına şərait yaradacaq, digər tərəfdən isə Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Gözlənilir ki, bu əməkdaşlıq nəticəsində uzun müddətdir planlaşdırılan və müzakirə olunan “yaşıl enerji” ixracının reallaşdırılması mümkün olacaq.”

Milli Məclisin deputatı Elnarə Akimova isə Bakupost.az -a bildirib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir:

“Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələrdən soraq verir. Si Cinpin görüş zamanı Azərbaycanın müstəqil inkişaf yoluna dəstəyini ifadə edib və iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə genişlənəcəyini bildirib. Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Xüsusilə “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycan Cənubi Qafqazın əsas nəqliyyat-logistika mərkəzinə çevrilir. Bu da Çin mallarının Avropaya daha qısa vaxtda və sərfəli marşrutla çatdırılmasına imkan yaradacaq. Görüş zamanı COP29-un Azərbaycanda keçirilməsinin önəmi vurğulanıb. Prezident İlham Əliyev Azərbaycanın qlobal ekoloji təşəbbüslərdə fəal rol oynadığını qeyd edib.”

Beləliklə, Çində keçirilən sammit Azərbaycanın siyasi, iqtisadi və ekoloji gündəmini daha da zənginləşdirdi. Prezident İlham Əliyevin iştirakı ilə aparılan müzakirələr ölkəmizin həm regionda, həm də qlobal miqyasda mövqeyini möhkəmləndirdi. “ŞƏT plyus” formatında səsləndirilən mesajlar Azərbaycanın artan nüfuzunu təsdiqləməklə yanaşı, qarşıdakı dövr üçün strateji əməkdaşlıq imkanlarını da nümayiş etdirdi.


Aysel,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar