Almaniyada ən böyük apteklərdə belə piştaxtalarda çeşidli dərmanlar yoxdur.
Bakupost.az xəbər verir ki, bu barədə ictimai fəal Orxan Atabəy sosial media hesabında paylaşım edib.
O, yaşadığı şəhərin ən böyük aptekinin içindən foto paylaşıb:
“Piştaxtada cəmi 20-30 növ vitamin, krem, bir də soyuqdəymə üçün o limonlu-ballı tozlar, bitki çayları var. 6 növ aspirin və parasetamol tanıdım, vəssalam. Səbəbini elə bizə baxan polyak həkimin özündən öyrəndim.
Bizdə aptekə girəndə adamın gözü qamaşır, minlərlə dərman rəflərdən boylanır. Amma Almaniyada aptek "market" deyil. Vacib dərmanların heç birini vitrində görə bilməzsiniz, hamısı arxa anbarda gizlədilib.
Bizdə antibiotiki, ağır ağrıkəsicini vitrindən bəyənib, əczaçıya "ordan filan dərmanı ver" deyib almaq olar. Almaniyada dərmanların 85%-i ancaq reseptlədir. Reklam, firma-əczaçı “razılaşması” yoxdur.
Reseptləri çox sadədir, uşaqları qızdırma ilə həkimə apardım, bir dənə parasetamol yazdı, dedi, bol-bol çay için, keçib gedəcək. Alman həkimi elə-belə yerə ağır ağrıkəsici, virus dərmanı yazmağı qəti xoşlamır. Onların fəlsəfəsinə görə bədənin işinə hər dəfə müdaxilə etmək immuniteti tənbəlləşdirir. Deyirlər ki, insan bir az o ağrını, qızdırmanı çəkməlidir ki, bədəni mübarizə aparmağı öyrənsin, immuniteti "idman zalındakı kimi məşq" eləsin.
Bizdə uşağın burnu bir az axan kimi dərhal antibiotikə qaçırıq. Almaniyada isə antibiotik ən son çarədir. Çünki bilirlər ki, bu gün xeyir verən o dərman gələcəkdə bədəndəki bütün faydalı bakteriyaları öldürür, insanı zəif salır.
Həkimin məntiqi budur: "Xəstəni müalicə edəndə digər orqanlarını sıradan çıxarmayaq".
Parasetamolu da ona görə sevirlər ki, qaraciyər üçün ən təhlükəsizidir, başqaları kimi böyrəyi, ciyəri dağıtmır.
Beləliklə dünyaya dərman istehsal edib satan Almaniya öz daxilində o dərmanlardan çox az istifadə edir. Orta əsrlərin xalq təbabətindən geniş istifadə edirlər. Xəstə ağrıdan qovrulsa da, göz yaşından boğulsa da, o sadə müalicədən çox kənara çıxmırlar”.
Asena,
BakuPost