Bu günlərdə Azərbaycanda "rus sektoru"nun ləğv edilməsi ilə bağlı mətbuatda yayılan təklif geniş müzakirələrə səbəb olub.
Xəbər verdiyimiz kimi, hüquqşünas Erkin Qədirli çıxışlarının birində qeyd edib ki, "rus sektoru"nu qapatmaq gərəkdir. Dövlət büdcəmizdən maliyyələşən məktəblərdə Rus dili ancaq xarici dil kimi öyrədilməlidir. Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Lap hətta Rusiya'nın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır.
E. Qədirli bildirib ki, qonşuluğumuzu və tariximizi nəzərə alsaq, buna milli kimlik və milli təhlükəsizlik məsələsi kimi baxmalıyıq.
O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Eleonora Mitrofanova, deyib ki, qonşu ölkələrdə Rus dilinə hüquqi statusun verilməsinə nail olmaq - Rusiya xarici siyasətinin öncül məsələsidir.
Onun bu təklifi birmənalı qarşılanmadı. Təklifin tərafdarları kimi, ona qarşı çıxanlar da az olmadı.
Faktor.az mövzu ilə əlaqədar ictimai fikir sahiblərinin mövqeyini öyrənib.
Politoloq Hikmət Hacızadənin fikrincə, bu məsələnin həlli üçün 2 suala aydınlıq gətirmək lazımdır:
"Birincisi, kimsə bizə dəqiq sübut etsin ki, rus məktəbini bitirənlər vətənimizi daha az sevir, vətənpərvər ola bilmir. İkincisi, sübut edin ki, rus bölməsini bağlayandan sonra Azərbaycan bölməsinin məzunları dünyanın işiləri ilə maraqlanmağa və kitab oxumağa başlayacaq. Hazırda Azərbaycan dilində çap olunan kitablar ən çoxu 300 nüsxə satılır. Fikir verin, 9 milliyon əhali və cəmi 300 kitab. Bu rəqəmlər onu göstərir ki, rus bölməsini bağlasaq, ölkəmiz dünyadan bixəbər qalacaq".
Millət vəkili Fazil Mustafa düşünür ki, azərbaycanlıların rus dilini yüksək səviyyədə bilməsi gələcəkdə Rusiya mühitində onların müəyyən mövqe tutması üçün vacibdir:
"Bizim Rusiya ilə geniş əlaqələrimiz var. Azərbaycanlıların rus dilini yüksək səviyyədə bilməsi gələcəkdə Rusiya mühitində onların müəyyən mövqe tutması üçün vacibdir. Bu baxımdan, mən bu məsələnin dövlət siyasəti ilə tənzimlənməsinin tərəfdarıyam. Biz elə etməliyik ki, rus məktəbləri forması Azərbaycanda yayılmasın. Amma dilin öyrənilməsi genişlənməlidir ki, insanlar istədikləri dili rahatlıqla seçib öyrənə bilsinlər. Əgər təlabat varsa, bu, hətta Rusiyanın idealogiyasına xidmət etsə belə, Azərbaycanda müəyyən kateqoriya insanların bu dili mənimsəməsi vacibdir. Ümumiyyətlə isə dövlət Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirməlidir".
Xalq şairi Sabir Rüstəmxanlı isə bütün fakültələrdə rus bölməsinin olmasını düzgün hesab etmir:
"Nəyə görə bütün fakültələrin rus bölməsi də olmalıdır? Ayrı-ayrı rus fakültələri açmaq olar. Amma vacib deyil ki, bütün fakültələrin rus bölməsi olsun. Məncə, bu, anormal bir şeydir. Dünyanın heç yerində belə bir şey yoxdur.
Konstitusiyamıza görə, Azərbaycanda tədris dili Azərbaycan dilidir. Başqa millətlərin də dili həmin millətin uşaqları üçün tədris oluna bilər. Amma bizdə dəbdir. Rus bölmələrində bir sinifdə 30 uşaq oxuyur, onun 27-si azərbaycanlıdır, qalan 3-ü isə digər millətlərdən. Azərbaycanlılar hansısa səbəbdən - o bölməni doldurmaq üçün və ya evinə yaxın olduğu üçün uşaqlarını rus bölməsinə qoymağa məcbur olurlar.
Düşünürəm ki, harda ruslar yaşayır və onlar öz ana dilində təhsil almaq istəyirsə, orada rus məktəbləri ola bilər. Amma digər bütün məktəblərdə tədris ana dilində olmalıdır. Hər Azərbaycan məktəbinin böyründə bir rus sektorunun açılmasına ehtiyac yoxdur.
Əhməd Bakıxanov adına qədim musiqi məktəbimiz var. Bu günlərdə mənə dedilər ki, həmin məktəbin direktoru siniflərdə və tədbirlərdə ana dilində danışmağı qadağan edib. Deyir ki, bu məktəbdə ancaq rus dilində danışmaq lazımdır. Həmçinin bu il həmin məktəbdə Azərbaycan bölməsinə qəbul aparılmayıb, ancaq rus bölməsinə qəbul olub. Bu, nə deməkdir? Bu, dilə, konstitusiyaya, dövlətə sayqısızlıqdır və qudurğanlıqdır. Belə halların qarşısını almaq üçün məktəblər birdəfəlik ana dilində olmalıdır. Əlavə olaraq, neçə rus məktəbi lazımdırsa, yaradılsın. Biz rus dilinə qarşı deyilik. Rus dilinin orta məktəblərdə tədris olunmasına da qarşı deyilik. Təbii ki, rus dili digər xarici dillərlə yanaşı tədris olunmalıdır. Rusiya bizim böyük böyük qonşumuzdur, əlaqələrimiz var. Rus dilində kitablar, xeyli ədəbiyyat var. Buna görə də rus dilini bilmək, uşaqların onu öyrənməsi çox vacibdir. Amma bu, o demək deyil ki, bütün məktəblərdə hamı rusca oxumalıdır. Ona görə də bu təklifi doğru hesab edirəm. Əslində təzə təklif deyil, bunu dəfələrlə səsləndirmişik".
Təhsil üzrə ekspert Kamran Əsədovun fikrincə, rus bölməsinin ləğv edilməsi ilk növbədə Azərbaycan Respublikasının qanunvericiliyinə, eləcə də insan hüquqlarına zidd addım olar:
"Təhsil haqqında qanunvericiliyin tələblərinə görə, Azərbaycan dövlətinin birinci vəzifəsi ölkə ərazisində yaşayan və bütün dillərdə danışan insanların təhsilini təmin etməklə bağlıdır.
Ona görə də mən hesab edirəm ki, rus bölməsinin ləğv edilməsi ilk növbədə Azərbaycan Respublikasının qanunvericiliyinə, eləcə də insan hüquqlarına ziddir. Nəzərə alsaq ki, Azərbaycan ərazisində kifayət qədər rusdilli insan yaşayır, bu addım Azərbaycan elminə və təhsilinə ciddi zərbə vura bilər. Eyni zamanda rus dili beynəlxalq dillərdən biridir və bizim 70 ildən çox müddəti əhatə edən tariximiz sovet Rusiyası ilə bağlıdır. Bu, o deməkdir ki, bizim hələ də oxunmamış kifayət qədər dəyərli kitablarımız var ki, rus dilindədir. Bundan başqa, dünya tarixinin, dünya ədəbiyyatının, dünya elminin rus dilində olan xeyli nadir inciləri var".
Ekspert bildirir ki, rus dilinin əlavə xarici dil kimi öyrənməkdənsə, onun məktəblərdə tədris olunması daha effektivdir:
"Məncə, rus dilini əlavə xarici dil kimi öyrənmək üçün vaxt sərf etmək yerinə, bu dili orta məktəblərdə öyrənmək daha uğurludur.
Nəzərinizə çatdırım ki, rus bölməsinə qəbul üçün plan yerləri son illər ərzində ciddi şəkildə aşağı düşüb.
Düzdür, ali məktəblərə qəbul zamanı rus bölməsinə qəbul olan abituriyentlərin topladığı ballar Azərbaycan bölməsinə qəbul olanlardan dəfələrlə azdır. Elə ixtisaslar var ki, onların Azərbaycan bölməsinə qəbul üçün tələb olunan bal rus bölməsindən dəfələrlə yüksəkdir. Məsələn, Azərbaycan bölməsindən hüquq fakültəsinə 550-600 balla qəbul olmaq mümkündürsə, rus bölməsində bu göstərici 50% aşağıdır.
Amma rus bölməsinin abituriyentlərinin intellektual səviyyəsi Azərbaycan bölməsi ilə müqayisədə daha yüksəkdir. Onların həyata baxışı da fəqlidir.
Bu gün Azərbaycanda təhsil alanların cəmi 10%-ni rus bölməsinin şagirdləri təşkil edir və bu, heç də böyük rəqəm deyil.
Ümumiyyətlə, rus bölməsinin bağlanması uğurlu addım olmaz. Çünki bu, həm də multikulturalizmə və milli dəyərlərə qarşı yalnış addım olar. Biz uzun illərdir rusdilli əhali ilə bərabər yaşayırıq, birlikdə təhsil alırıq".
K.Əsədovun fikirncə bu sahədə ən düzgün yol təkmilləşdirmə işinin aparılması olar.
Bakı Post