Ru
17:49 / 16 Sentyabr 2026

Azərbaycan ordusunda "isveç stolu" və həftəsonu tətili: Ekspert nə deyir?

Azərbaycan ordusunda "isveç stolu" və həftəsonu tətili: Ekspert nə deyir?
Eye

Azərbaycana qonşu ölkələrdə ordu sistemi bu və ya digər dərəcədə yenidən qurulub. Bu məsələdə xüsusən də Gürcüstan fərqlənir.
Gürcüstanda çağırış yaşı 18-27 yaş arası müəyyənləşib və vətəndaşa xidməti ertələməklə bağlı seçim imkanı verilib. Yəni, vətəndaş çağırış zamanı yazılı müraciət edərək, həmin anda yox, məsələn, növbəti ildə xidmətə gedəcəyilə bağlı öhdəlik götürə bilər.

Başqa bir tərəfdən, Gürcüstanda bütün əsgərlər öz evlərindən 50 km aralı xidmət edirlər. Həmçinin, əsgərlər həftənin 5 günü xidmət edir, şənbə-bazar isə öz evlərinə gedə bilərlər. Şənbə-bazar evə getməyənlər qaldıqları hissədə idmanla məşğul ola, internetdə zaman keçirə bilərlər. Bundan başqa hər bir əsgərin 10 günlük məzuniyyət haqqı da var.

Əsgər gedən hər bir vətəndaşın iş yeri onun üçün saxlanılır, işlədiyi orqan, müəssisə, qurum, firma ona ayrıca bonus da verir. Əsgərlər 4-8 nəfərlik “hostel” tipli yerlərdə qalırlar, yeməklərini ancaq tenderi udan kənar şirkətlər verir, yemək “isveç stolu” stilində təqdim olunur.

Qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan ordusunda da belə bir sistemin tətbiqi mümkündürmü?

Hərbi ekspert İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, Azərbaycan ordusunda Gürcüstandakı sistemə oxşar bir sistemin tətbiqinin birmənalı şəkildə əleyhinədir.
Onun fikrincə, əsgər bir rejimdə xidmət etməlidir:

“Onu həftənin beş günü hərbi hissədə saxlayıb, iki gün evə buraxmaq, mümkünsüzdür”.

Çünki belə vəziyyət müsahibimizə görə, xaos yarada bilər:

“Əvvəla, əsgərin 6-7-ci günlər evə buraxılması üçün onun gedəsi yeri olmalıdır. Bunun üçün də evi yaxın olmalıdır. Bu yoxdursa, əsgəri həftədə iki gün hara və necə buraxacaqlar? Həmin iki gündə əsgərin hərəkətinə görə məsuliyyəti kim daşıyacaq?”

İ. Rüstəmli hesab edir ki, əsgəri hərbi xidmətdən qısa müddətə ayırmaq belə ciddi fəsadlara səbəb ola bilər:

“Ona görə də əsgərin şənbə-bazar evə buraxılması məqsədəuyğun deyil. Ümumi psixoloji durumu nəzərə alsaq, indiki dövrdə bunlar mümkünsüzdür. Gələcəkdə isə bəlkə də olar.

Ordumuzda əsgər üçün 10 günlük məzuniyyət nəzərdə tutulub. Yaxşı xidmət edərsə, əlavə 10 gün də verilə bilər”.

Ekspert əsgərin yemək rasionunu dəyişilməsini də məqsədəmüvafiq hesab etmir:
“Əsgərin yemək rasionu mütəxəssislər tərəfindən hazırlanır. Bura kalorili dənli bitkilər, düyü, qarabaşaq, yulaf, ət, balıq daxildir. Belə yeməklər əsgərlərin sağlamlığına da müsbət təsir edir. Bu mənada, əsgər üçün “isveç stolu”nun açılması doğru yanaşma deyil. Əsgər hərbi xidmətdə olduğunu, kişilik məktəbi keçdiyini başa düşməlidir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar