Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya, Rusiyanın müdafiə naziri Andrey Belousovun isə Bakıya səfərləri gözlənilir.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib.
Siyasi şərhçi Taleh Əliyev
Bakupost.az-a bildirib ki, bu səfərlər çərçivəsində iki ölkə arasında xarici siyasət prioritetlərinin yenidən müəyyənləşəcəyi gözlənilir:
“2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Bakı ilə Moskva arasında dövlətlərarası münasibətlər kifayət qədər sərinləşdi. Bu ilin martında Rusiya baş nazirinin müavini səviyyəsində Azərbaycana səfərlər oldu. Amma hələlik münasibətlərimizin 2024-cü ilin dekabrından əvvəlki səviyyəyə qayıtması reallaşmayıb. Bu fonda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Moskvaya və Rusiya müdafiə nazirinin Bakıya səfərlərinin nəticəsi olaraq həm iki dövlət arasında xarici siyasət kimi vacib dövlətlərarası prioritetlərin yenidən müəyyənləşdirilməsi, etimad mühitinin formalaşdırılması, həm ikisinin də marağında olan və bir az əvvəl geridə buraxılmış səhvlərin mümkün qədər düzəldilməsi, gələcəyə doğru region və hər iki ölkə üçün risq yarada biləcək məsələlərdə əməkdaşlıq, mümkün təhlükələrin dəf edilməsində birgə fəaliyyət məsələləri müzakirə predmeti olacaq”.
Bununla yanaşı, müsahibimiz hər iki görüşdən çox da irəli gedəcək nəticələr gözləmir:
“Çünki dövlətlərarası münasibətlərdə qarşılıqlı inam və etibar itib. Rusiya bu istiqamətdə praktik addımlar atmayana qədər iki dövlət arasında münasibətlərin 2024-cü ilin dekabrdan əvvəlki səviyyəyə yüksəlməsi inandırıcı görünmür”.
Rüfət Sultan, BakuPost