Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri Azərbaycan-Slovakiya münasibətlərinin yeni strateji mərhələyə keçdiyini göstərdi. Slovakiya, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı media qurumlarında geniş işıqlandırılan bu səfər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, eyni zamanda müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahələrində artan imkanlarını ön plana çıxardı. Səfər zamanı keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm addım kimi qiymətləndirilir.

Prezident İlham Əliyev isə iki ölkə arasında əməkdaşlığın çoxşaxəli potensialını vurğulayıb və Slovakiya ilə münasibətlərin qarşılıqlı maraqlara əsaslandığını qeyd edib.Görüşlərdə enerji təhlükəsizliyi və təbii qaz təchizatının şaxələndirilməsi məsələləri əsas mövzulardan biri olub. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır və istənilən vaxt Slovakiyaya əlavə qaz tədarük etməyə hazırdır. Tərəflər enerji, nəqliyyat və logistika sahələrində yeni layihələrin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.
Prezident Pelleqrini diqqətə çatdırıb ki, Slovakiya Azərbaycanı dost ölkə hesab edir və onu regionun strateji oyunçusu kimi qəbul edir.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Slovakiya və Azərbaycan arasında həm iqtisadi, həm də siyasi münasibətlərin dərinləşməsi müşahidə olunur:
“Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri zamanı müzakirə edilən məsələlər bir tərəfdən iki ölkə və bütövlükdə Azərbaycanla Mərkəzi Şərqi Avropa arasında münasibətlərin inkişafı baxımından, digər tərəfdən isə təkcə enerji deyil, digər sahələrdə də əməkdaşlıq aspektindən vacib səfər kimi xarakterizə olunur. Slovakiya daxil olmaqla 14 ölkəyə mavi qaz nəql edirik və təbii ki, mavi qazın nəqlinə görə Azərbaycan bu gün Avropa İttifaqında idxalçı ölkələr arasında ilk beşlikdədir. Bu isə ondan xəbər verir ki, Azərbaycanın Slovakiya daxil olmaqla Avropanın enerji təhlükəsizliyində rolu son illər ciddi şəkildə artmaqdadır”.
V.Bayramov qeyd edib ki, eyni zamanda Slovakiya ilə ticarət dövriyyəsinin artırılması imkanları kifayət qədər yüksəkdir:
“Təbii ki, mövcud ticarət dövriyyəsi ilə bağlı göstəricilər potensialı tam xarakterizə etmir, potensialın artırılması imkanları var və cənab Prezidentin son səfəri də bu imkanların genişləndirilməsinə və potensialın artmasına xidmət edəcək. Bununla yanaşı, Slovakiya ilə mina təmizləmə, ağıllı şəhər, ağıllı kənd layihələrinin reallaşması və tətbiqi sahələrində də əməkdaşlıq imkanları mövcuddur və bu istiqamətdə müzakirələr aparılıb. Praktiki olaraq son səfər Azərbaycanla Slovakiya, eləcə də Mərkəzi Şərqi Avropada yerləşən bir sıra digər ölkələr arasında enerji əməkdaşlığının gücləndirilməsinə imkan yaradacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Slovakiya və qonşu ölkələrə daha çox mavi qaz nəql etmək imkanlarımız var. Digər tərəfdən isə humanitar, turizm və şəhərsalma sahələrində əməkdaşlığın güclənməsi gözlənilir ki, bu da münasibətlərin yeni mərhələyə qədəm qoyacağından xəbər verir”.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı iki dövlət arasında siyasi, iqtisadi, hərbi, texniki, təhlükəsizlik və enerji sahələrində yeni əməkdaşlıq sazişləri imzalanıb və Slovakiya Azərbaycanla bu müstəvidə əməkdaşlığı inkişaf etdirib:

“Xüsusilə hərbi-texniki əməkdaşlıq, Slovakiyadan müasir artilleriya silahlarının alınması Azərbaycan silah arsenalının inkişafına gətirib çıxaracaq. Bundan əlavə, Slovakiya işğaldan azad olunmuş ərazilərdə yeni innovasiya layihələri həyata keçirir ki, bu da Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Slovakiya Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir. Azərbaycandan Slovakiya qaz ixracı həyata keçirir. Bratislava-Bakı aviareysi açılır və bu da iki xalq arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Bir sözlə, Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlıq bəyannaməsi mövcuddur. Bu, mühüm siyasi əhəmiyyət kəsb edən sənəddir və növbəti mərhələdə iki dövlət arasında müttəfiqlik sənədi də imzalana bilər. Slovakiya-Azərbaycan münasibətləri Avropa İttifaqı çərçivəsində də inkişaf edir. Məhz Avropa İttifaqının səkkiz üzv ölkəsi Azərbaycanla strateji tərəfdaşdır və onlardan biri də Slovakiyadır. Bu müstəvidə əlaqələr inkişaf edir və düşünürəm ki, növbəti mərhələdə Slovakiya ilə Azərbaycanın təhlükəsizlik və hərbi-texniki əlaqələri daha da dərinləşərək hərbi-müttəfiqlik müqaviləsinin imzalanmasına gətirib çıxara bilər. Yeni geosiyasi nizam və təhlükəsizlik çağırışları da bunu labüd edir”.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva
Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı hörmət, strateji maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulub:
“Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal texnologiyalar və sənaye sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur. İki ölkə arasında qarşılıqlı etimadın və siyasi iradənin mövcudluğu bu tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir.
Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin ən yüksək səviyyəyə çatdırıb. Bu sənədin imzalanmasından sonra əməkdaşlıq praktiki olaraq bütün sahələr üzrə genişlənib. Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Energetika Azərbaycan–Slovakiya münasibətlərinin ənənəvi və strateji istiqamətlərindən biridir. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql edilib. Azərbaycanın zəngin qaz ehtiyatları ölkəmizə həm Slovakiyanın, həm də digər Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfə vermək imkanı yaradır.
Bu gün Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb və ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsinə yüksəlib. Bu həcmin yarısı Avropa ölkələrinin payına düşür və Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazı hesabına enerji təminatını daha təhlükəsiz şəkildə qurur. Prezident İlham Əliyev Azərbaycanda təbii qaz yataqlarının genişləndirilməsi məsələsini də vurğulayıb. Yeni yataqların istismara verilməsi ilə Azərbaycanın ixrac imkanları daha da artacaq və Slovakiya da daxil olmaqla, region ölkələrinə enerji təchizatını geniş həcmdə təmin edə biləcək.
Azərbaycan müdafiə sənayesi sahəsində Slovakiya ilə əməkdaşlığı geniş perspektivli və qarşılıqlı faydalı sahələrdən biri kimi qiymətləndirir. Bu əməkdaşlıq hərbi məqsədlərdən çox sənaye və texnoloji inkişafın təmin edilməsi məqsədi daşıyır. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı həm dünya bazarlarına çıxış imkanları yaradacaq, həm də ölkəmizdə yüksək texnoloji inkişafın sürətlənməsinə xidmət edəcək.
Azərbaycan xarici siyasət prioritetlərini uzun müddət əvvəl müəyyən edib və bu gün Avrasiyada mühüm bağlantı mərkəzlərindən birinə çevrilib. Son illər ölkəmizin nəqliyyat infrastrukturu, logistika şəbəkəsi və enerji layihələrinə qoyduğu sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Şərqdən Qərbə ən təhlükəsiz və qısa yol Azərbaycan üzərindən keçir. Bu, Slovakiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
Rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. İqlim müxtəlifliyi, ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Bu isə Slovakiya şirkətləri ilə əməkdaşlıq üçün yeni imkanlar açır.
Genişlənən qaz ixracı, bərpa olunan enerji imkanları, data mərkəzləri üçün yaradılan şərait və nəqliyyat dəhlizlərində Azərbaycanın artan rolu iki ölkə arasında qarşıdakı illərdə daha genişmiqyaslı layihələrin reallaşmasına zəmin yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan–Slovakiya strateji əməkdaşlığı təkcə ikitərəfli münasibətləri deyil, həm də regional enerji təhlükəsizliyini və Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir”.
Lalə, BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.