Hesab edirəm ki, Ermənistanın enerji sistemini Azərbaycan və Türkiyə enerji sistemi ilə birləşdirmək məqsədəuyğun olardı.
Bakupost.az Ölkə.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq bazarlara güclü ixracatçıya çevirəcək. "Bu, həm də yeni təhlükəsizlik arxitekturasının təməli olacaq", - deyə Paşinyan əlavə edib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan hazırda artıq enerji tutumuna malikdir.
Onun fikrincə, bu, qarşılıqlı faydalı əməkdaşlığa yol açır. "Ermənistan daha geniş ixrac bazarlarına çıxış üçün Azərbaycan infrastrukturundan istifadə etməkdə maraqlıdır, Azərbaycan isə Ermənistan Respublikasının ərazisi vasitəsilə Naxçıvana və digər istiqamətlərə elektrik enerjisi tranziti edə biləcək. Birbaşa ticarətdən əlavə, layihə respublikaya tranzit haqlarından sabit gəlir təmin edəcək ki, bu da həm dövlət büdcəsini, həm də özəl şirkətlərin hesablarını dolduracaq", - Paşinyan qeyd edib.