Ru
15:50 / 04 Sentyabr 2026

Azərbaycana qarşı informasiya kampaniyası - Qərbin media standartları harada qaldı?

Azərbaycana qarşı informasiya kampaniyası - Qərbin media standartları harada qaldı?
Eye

Azərbaycana qarşı informasiya kampaniyası artıq ayrı-ayrı media materialları səviyyəsindən çıxaraq sistemli xarakter almağa başlayıb. Ən paradoksal məqam isə budur ki, bu kampaniyada məhz media azadlığı, obyektiv jurnalistika və demokratik dəyərlərdən ən çox danışan Qərb mediasının bəzi təmsilçiləri önə çıxır.

Son günlər Azərbaycanla bağlı yayımlanan materiallara ayrı-ayrı və bir-birindən müstəqil yazılar kimi baxmaq getdikcə çətinləşir. “The Guardian”dan tutmuş müxtəlif media platformalarına qədər eyni vaxtda, eyni tezislərin və demək olar ki, eyni siyasi çərçivənin dövriyyəyə buraxılması təsadüfdən daha çox məqsədli informasiya kampaniyası təəssüratı yaradır.

Burada məsələ Azərbaycanın tənqid olunması deyil. Azərbaycan da istənilən dövlət kimi tənqid oluna bilər və tənqid olunmalıdır. Məsələ tənqid adı altında faktların seçilməsi, hadisələrin əvvəlcədən hazırlanmış siyasi çərçivəyə yerləşdirilməsi və nəticənin faktlardan əvvəl müəyyən edilməsidir.

Əgər jurnalistika əvvəlcə hökm verir, sonra həmin hökmü əsaslandırmaq üçün fakt axtarırsa, bunun artıq obyektiv jurnalistika ilə əlaqəsi yoxdur.

Jurnalistikanın elementar standartları var: faktın yoxlanılması, alternativ mənbələrin araşdırılması, qarşı tərəfin mövqeyinin alınması, faktla ehtimalın bir-birindən ayrılması və ən əsası, balans. Qərb mediası onilliklərdir məhz bu prinsipləri azad mətbuatın təməli kimi dünyaya təqdim edir.

Bəs Azərbaycan məsələsində niyə həmin standartlar işləmir?

Əgər əvvəlcədən “Azərbaycan günahkardır” qənaəti formalaşdırılır, daha sonra ayrı-ayrı hadisələr həmin qənaətə uyğun seçilib bir siyasi ssenarinin elementləri kimi təqdim edilirsə, bunun adı obyektiv jurnalistika deyil. Bu, informasiya vasitəsilə ictimai rəy formalaşdırmaq cəhdidir.

Goranboyda baş verən hadisəni də araşdırmanın nəticəsini gözləmədən hansısa böyük geosiyasi ssenariyə bağlamaq buna nümunədir. Hadisənin konkret səbəbləri, sübutlar və rəsmi araşdırmanın nəticələri ortada olmadan onun siyasi kontekstə yerləşdirilməsi məlumat verməkdən çox oxucuda əvvəlcədən müəyyən şübhə yaratmağa xidmət edir.

Ən ciddi ziddiyyət isə başqadır.

Qərb dünyası media azadlığını, plüralizmi, balansı, insan hüquqlarını və demokratik dəyərləri öz siyasi sisteminin əsas üstünlükləri kimi təqdim edir. Əgər media müəyyən ölkəyə münasibətdə siyasi kampaniyanın alətinə çevrilirsə, qarşı tərəfin mövqeyi formal şəkildə verilir və ya ümumiyyətlə nəzərə alınmırsa, faktın yerini interpretasiya tutursa, bu, təkcə jurnalistika standartlarına deyil, elə həmin demokratik dəyərlərin özünə ziddir.

Demokratiya yalnız özünə yaxın olan fikirlərin sərbəst ifadəsi deyil. Demokratiya xoşuna gəlməyən tərəfin də mövqeyini eşitmək, ona cavab haqqı vermək və oxucuya müxtəlif mövqeləri təqdim etməkdir.

“The Guardian” və ya başqa nüfuzlu Qərb mediasının loqosu birtərəfli məlumatı avtomatik həqiqətə çevirmir. Media qurumunun böyüklüyü onun səhv etmək, manipulyativ çərçivə yaratmaq və ya siyasi mövqedən çıxış etmək ehtimalını aradan qaldırmır.

Üstəlik, bu kampaniyanın Cənubi Qafqazda yeni siyasi reallığın yarandığı, Azərbaycan və Ermənistan arasında sülh perspektivinin gücləndiyi bir vaxta təsadüf etməsi də diqqətdən yayınmamalıdır. Uzun illər münaqişə xəbərləri ilə gündəmə gələn regionda sülhün yaranması hamının maraqlarına eyni dərəcədə uyğun olmaya bilər.

Ona görə də Azərbaycan haqqında eyni vaxtda yayılan, eyni tezisləri təkrarlayan materiallara yalnız “media tənqidi” kimi baxmaq sadəlövhlük olardı. Burada informasiya kampaniyasının əlamətləri görünür və buna faktlarla cavab verilməlidir.

Azərbaycanın cavabı da senzura, qadağa və emosional ittiham olmamalıdır. Əksinə, Qərbin özünün elan etdiyi prinsipləri onun qarşısına qoymaq lazımdır: media azadlığı varsa, balans da olmalıdır; demokratiya varsa, fərqli mövqeyə yer də olmalıdır; jurnalistika varsa, hökmü siyasi simpatiya deyil, fakt və sübut verməlidir.

Yalanın və manipulyasiyanın Londondan, Parisdən, Bakıdan və ya başqa bir paytaxtdan gəlməsi onun mahiyyətini dəyişmir.

Azad media adı siyasi kampaniyaya toxunulmazlıq qazandırmır. Əksinə, nüfuz nə qədər böyükdürsə, məsuliyyət də bir o qədər böyük olmalıdır.

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar