Son günlər taksi sürücüləri profillərinin bloklanması ilə bağlı narazılıqlarını bildirirlər.
“Bakupost” xəbər verir ki, sürücülər sosial şəbəkələrdə paylaşdıqları videolarda "fərqlənmə nişanı"nı sistemə yükləyə bilmədiklərini və bununla bağlı çətinlik yaşadıqlarını deyirlər.
“Mənim daha sözüm yoxdur. “Fərqlənmə nişanı” da almışıq, amma nişanı yükləməyə yer tapmırıq. “Bolt”a yazırlar, şirkət cavab vermir. "Fərqlənmə nişanı"nın alındığı "Bakı KOB evi"nə müraciətlər olunur, üç gündür, hələ cavab verilmir. Bu camaat niyə əziyyət çəkməlidir? “Fərqlənmə nişanı” ola-ola profilləri bağlayıblar”, - deyə narazı sürücülərdən biri bildirib.
Məsələ ilə bağlı “Bakupost”un sorğuna cavab olaraq "Bolt"dan bildirildi ki, şirkətinin əsas məqsədi sərnişinlər və sürücü tərəfdaşlar üçün təhlükəsiz, etibarlı və keyfiyyətli xidmət təmin etməkdir.
Şirkətdən qeyd olunub ki, fərqlənmə nişanı ilə bağlı məlumatlar AYNA ilə inteqrasiya vasitəsilə gündəlik yenilənir və bütün taksi platformaları ilə paylaşılır:
“Sürücülərdən bu sənədi ayrıca sistemə yükləmək tələb olunmur. Fərqlənmə nişanı AYNA tərəfindən təqdim edildikdən sonra müvafiq məlumat bazada avtomatik olaraq yenilənir. Azərbaycan qanunvericiliyi və aidiyyəti dövlət qurumlarının tələblərinə uyğun olaraq zəruri sənədləri olmayan sürücülərə əvvəlcədən xəbərdarlıq edilir və tələblər yerinə yetirilmədiyi halda onların profilləri bloklana bilər. Bütün tələb olunan sənədləri, o cümlədən fərqlənmə nişanını vaxtında əldə etmiş sürücülərin profilləri bu səbəbdən bloklanmır”.
Lalə Novruz, BakuPost