Ötən gün qolaltı nahiyəsinə botoks etdirdikdən sonra sol qolunun iflic vəziyyətinə düşdüyünü bildirən qadının paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, son günlər botoks prosedurundan sonra səhhətində problem yarandığını bildirən şəxslərin sayı artıb.
Qolaltı nahiyəsinə botoks etdirən qadın sosial şəbəkədə paylaşım edərək bildirib ki, prosedurdan sonra sol qolu iflic vəziyyətinə düşüb:
“Artıq 4 gün keçib. Bu 4 gün ərzində getmədiyim həkim qalmayıb. Biri deyir sinir zədələnib, biri deyir zəhərlənmisən, digəri isə “10 gündən sonra gözündə də problem yarana bilər” deyir. Mən niyə bunları yaşamalı idim? Preparatın may ayında gətirildiyi deyilir, amma mən bu iynəni iyul ayında etdirmişəm. Bunun məsuliyyəti mənim yox, güvənib getdiyim kosmetoloqun üzərindədir. Bunların hamısının cavabı veriləcək. Qruplaşıb hər şeyi dərmanın üstünə atmaqla məsuliyyətdən yayınmaq olmaz. İnsanların sağlamlığı oyuncaq deyil”.
Artan şikayətlər fonunda bəzi estetik həkimlər də botoks prosedurlarını müvəqqəti dayandırdıqlarını açıqlayıblar. Həkimlərdən biri sosial şəbəkədə paylaşım edərək bildirib ki, son günlər həmkarlarından da oxşar şikayətlər eşidib:
“Bütün həkimlərə yazıram, hamıda vəziyyət belədir. Ona görə uzun müddət botoks istifadəsini dayandırıram. Sadəcə dolğu edəcəyik. Nə zaman firmalarda botokslar düzələr, o zaman işləyəcəyik. Rəsmi distributordan aldığımız botokslar da bizi hər kəs kimi məyus etdi. Belə halı illərdir yaşamamışdım.”
Hadisəni tibbi baxımdan şərh edən həkim-kosmetoloq Elnarə Rzayeva problemin preparatdan deyil, prosedurun düzgün icra olunmamasından qaynaqlandığını bildirib:
“Problem botoksda deyil, problemi proseduru düzgün icra etməyi bacarmayanlardadır. Bir çoxu məhsulun rəsmi olduğunu desə də, əslində qeyri-rəsmi botokslardan istifadə edir. Hətta belə hallarda da bu cür fəsadların yaranması mümkündür. Sadəcə prosedur düzgün icra olunmur və nəticədə bu kimi ağırlaşmalar baş verir. İnsanlar 50-60 manata etdirdikləri botoksdan başqa nə gözləyə bilərlər ki? Günah həkimlərdə deyil, ucuzluq axtaran insanlardadır. Ağıllı insan ucuzluğu yox, keyfiyyəti seçər. Botoksun əsas xüsusiyyəti əzələləri müvəqqəti iflic etməkdir. Deməli, belə bir halın baş verməsi mümkündür. Bunun canlı sübutu da artıq sizə müraciət edən şəxsdir. Bundan əvvəl də insanların belinə, boynuna və ayaq altına botoks vurulması nəticəsində uzun müddət hərəkət məhdudiyyəti yaşadığı hallar olub. Məsələn, bel və boyun nahiyəsinə vurulan botoksdan sonra 6 ay uzanıqlı qalanlar, ayaq altına vurulan botoksdan sonra isə 10 ay yeriyə bilməyənlər var. Hər halda, həmin şəxsin qolunun da bir neçə ay ərzində bərpa olunacağını düşünürəm.”
Məsələ ilə bağlı
Bakupost.az-ın sorğusunu cavablandıran Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirib ki, sonuncu dəfə Azərbaycana “Clostridium botulinum toxin type A” tərkibli preparat 2026-cı ilin iyun ayında idxal edilib, may ayında isə bu tərkibli preparat ölkəyə gətirilməyib.
Qurum qeyd edib ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda preparatın ticarət adı, seriya nömrəsi, eləcə də proseduru həyata keçirən klinika və ya həkim barədə məlumat göstərilmədiyi üçün konkret məhsulla bağlı qiymətləndirmə aparmaq mümkün deyil.Bildirilib ki, dövlət qeydiyyatından keçmiş və rəsmi qaydada idxal olunan bu tərkibli preparatların ekspertizası zamanı hər hansı uyğunsuzluq aşkarlanmayıb.
Analitik Ekspertiza Mərkəzi vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş, rəsmi idxal olunan preparatlardan istifadə edən lisenziyalı tibb müəssisələrinə müraciət etməyi tövsiyə edib. Qeyd olunub ki, qeydiyyatsız və mənşəyi məlum olmayan inyeksion estetik preparatlar insan sağlamlığı üçün ciddi risk yarada bilər.
Gülsüm Baxşəliyeva,
Bakupost