Azərbaycanda həm yanacaq sərfiyyatı, həm də ehtiyat hissələrinin qiyməti və tapılması baxımından ən sərfəli avtomobilləri seçərkən yerli bazarın reallıqlarını nəzərə almaq lazımdır.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, bazarda bir avtomobilin "sərfəli" sayılması üçün onun detallarının həm mağazalarda asan tapılması, həm də usta pulunun (servis xidmətinin) ucuz olması əsas şərtdir.
Bu meyarlara əsasən, ölkədə ən çox üstünlük verilən sərfəli avtomobil kateqoriyalarını və modellərini belə qruplaşdırmaq olar:
“Toyota”: “Prius” (XW20 və XW30) və “Corolla”: Şəhəriçi 4–5.5 litr yanacaq sərf edən bu hibridlər ölkədə qənaət rəmzidir. Ehtiyat hissələri bazarı o qədər genişdir ki, həm orijinal, həm də alternativ detalları hər addımbaşı və çox ucuz qiymətə tapılır, ustası isə boldur.
“Hyundai”: “Elantra” “Accent” və “Kia” “Rio”, “Cerato” (1.4 / 1.6 L): Şəhərdə ortalama 7–9 litr benzin işlədirlər. Koreya istehsalı olan bu modellərin mühərrik və sürətlər qutusu konstruksiyası sadə olduğundan təmiri asan, ehtiyat hissələri isə olduqca ucuzdur.
“Chevrolet” “Cobalt” və “Lacetti” (1.5 L): Şəhər içi sərfiyyatı 7–8 litr təşkil edir. Özbəkistan istehsalı olan bu büdcə modellərinin demək olar ki, bütün detalları "su qiymətinə"dir və ölkənin istənilən bölgəsində asanlıqla tapılır.
BYD “Destroyer 05” (Chazor) və “Song Plus”: Yeni nəsil Plug-in hibrid trendinin liderləridir. Şəhəriçi real yanacaq sərfiyyatını 2–4 litrə qədər salırlar. Son illərdə ölkəyə kütləvi axını sayəsində artıq Bakıda geniş ehtiyat hissələri mağazaları şəbəkəsi və ixtisaslaşmış servisləri formalaşıb, detalları Avropa maşınlarından xeyli münasibdir.
“Mercedes-Benz” C-Class (W203 / W204) və E-Class (W211 - 2.2 CDI / 1.8 Kompressor): Avropa istehsalına üstünlük verənlər üçün ideal platformadır. Xüsusilə dizel mühərrikləri çox qənaətcildir (6–7 litr). Ölkədə ən böyük "ölüxana" və yeni detal bazasına malik olduqları üçün təmir xərcləri sürücünü yormur.