Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə (yanvar, aprel, iyul, oktyabr aylarında) həyata keçirilir. Gürcüstanda və Ermənistanda müddətli həqiq hərbi xidmətə çağırış qaydaları necədir? Qonşu ölkələrdə ildə neçə dəfə həqiqi hərbi xidmətə çağırış həyata keçirilir?
Musavat.com xəbər verir ki, Gürcüstan və Ermənistanın çağırış sistemi Azərbaycandan fərqlənir. Hazırda Gürcüstanda müddətli həqiq hərbi xidmətə çağırış ilboyu bir neçə mərhələdə həyata keçirilir (əsas qəbul mərhələləri mart, iyun, oktyabr və dekabr). Həqiqi hərbi xidmətə 18–27 yaşlı kişilər çağırılır. Qadınlar yalnız könüllü əsasda xidmət edə bilirlər. Çağırış elektron seçim sistemi ilə aparılır. Tələbələr və qanunda nəzərdə tutulan digər kateqoriyalar üçün möhlət (təxirəsalma) mümkündür.
Alternativ xidmət və vicdani etiraz hüququ da qanunvericilikdə nəzərdə tutulur. 2026-cı ildən çağırış bildirişləri SMS və elektron poçt vasitəsilə də göndərilir.
Təyinatdan asılı olaraq 6, 8 və ya 11 ay xidmət müddəti nəzərdə tutulur.
Ermənistanda isə müddətli həqiqi hərbi xidmət ildə 2 dəfə (qış və yay çağırışı) həyata keçirilir. Bu ölkədə də çağırış yaşı 18–27 yaşdır.
2026-cı il yanvarın 1-dək Ermənistanda həqiqi hərbi xidmətin müddəti 24 ay idi. Yanvarın 1-dən etibarən 18 aya endirilib.
Səhhət, təhsil və digər qanuni əsaslarla möhlət və ya azadolma mümkündür. Alternativ hərbi və alternativ əmək xidməti sistemi də fəaliyyət göstərir.
Beləliklə, müqayisə nəticəsində bəlli olur ki, Azərbaycan hərbi xidmətə çağırışın tezliyi baxımından regionda ən intensiv sistemə malikdir.