Ru
14:54 / 02 İyul 2026

Azərbaycanda infarkt yaşı gəncləşib - Kardioloqdan xəbərdarlıq

Azərbaycanda infarkt yaşı gəncləşib - Kardioloqdan xəbərdarlıq
Eye

Son illər Azərbaycanda miokard infarktının yayılması sürətlənib və xəstəlik getdikcə daha gənc yaş qruplarında müşahidə olunmağa başlayıb.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı kardioloq Xurşud Məmmədov bildirib ki, miokard infarktı ürəyi qidalandıran koronar arteriyaların tutulması nəticəsində yaranır:

“Yəni damar müəyyən bir nahiyəsində tıxanır və onun qidalandırdığı sahədə əvvəl işemiya əmələ gəlir, daha sonra isə nekroz inkişaf edir. Bu zaman yaranan işemiya və nekroz güclü ağrılar verir. İnfarkt zamanı yaranan ağrılar da məhz bu işemiya və nekroz nəticəsində baş verir.
Miokard infarktı təkcə bizim ölkəmizdə deyil, inkişaf etmiş ölkələrdə də daha çox rast gəlinir. Məsələn, təkcə ABŞ-də ildə təxminən 1,5-2 milyon insanda miokard infarktı qeydə alınır. Stasionara qəbul olunan xəstələrin 15-20 faizi isə həyatını itirir”.

Həkim bildirir ki, xəstəliyin artmasının səbəbləri arasında iqlim, stress və ümumilikdə həyat tərzi mühüm rol oynayır:

“Son illərin statistikası göstərir ki, miokard infarktı getdikcə artır. Təkcə artmaqla qalmır, eyni zamanda “cavanlaşır”, yəni daha gənc yaşlarda da rast gəlinir. Əvvəllər 40 yaşdan aşağı insanlarda nadir hallarda müşahidə olunurdusa, indi gənclər arasında da tez-tez qeydə alınır. Bu hal xüsusilə narkotik istifadə edən gənclərdə daha çox müşahidə edilir”.

Miokard infarktının əlamətlərinə gəlincə, həkim qeyd edir ki, bunu digər xəstəliklərlə qarışdırmaq mümkündür, lakin infarktın ağrıları fərqlidir:

“Bu ağrılar çox güclü, dözülməz, sıxıcı və yandırıcı xarakter daşıyır. Xəstə özünə yer tapa bilmir, ağrının şiddətindən çaşqın vəziyyətə düşür, hətta şok keçirə bilər. Xəstələrdə güclü həyəcan, ölüm qorxusu yaranır, otaqda ora-bura gəzir, bəzən eyvana çıxaraq rahatlıq tapmağa çalışırlar.
İnfarkt daha çox səhərə yaxın saatlarda, təxminən 5-6 radələrində inkişaf edir. Xəstələr dözülməz ağrı ilə yuxudan oyanırlar. Ağrı ilə yanaşı, soyuq tər basma, dodaqların və dırnaqların göyərməsi kimi əlamətlər də müşahidə olunur. Ağrı nə qədər tez aradan qaldırılarsa, ürək toxumasının zədələnməsinin qarşısını bir o qədər almaq mümkündür. Buna görə də insanların miokard infarktı haqqında əvvəlcədən məlumatlı olması və vaxtında tibbi yardım alması həyati əhəmiyyət daşıyır”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar