Ru
18:15 / 22 İyul 2026

Azərbaycanda iş vaxtını işçilər özləri seçəcək - YENİ QAYDALAR

Azərbaycanda iş vaxtını işçilər özləri seçəcək -  YENİ QAYDALAR
Eye

Azərbaycan Respublikasının "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində ölkədə beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı rejiminin tətbiqi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilen məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) standartlarına əsaslanan bu model həftəlik 40 saatlıq iş normasını saxlamaqla, işçiyə günün başlanma və bitmə saatlarını müəyyən çərçivədə sərbəst seçmək imkanı verir. Yenilik əmək məhsuldarlığını artırmaqla yanaşı, iş və şəxsi həyat balansı yaratmağa xidmət edir.
Məlumata əsasən, model İT, maliyyə, təhsil, analitik dövlət strukturları, eləcə də azyaşlı uşağı olanlar, əlillik statusu daşıyanlar və hibrid çalışanlar üçün xüsusilə əlverişlidir. 2026-2030-cu illər ərzində beynəlxalq təcrübə araşdırılacaq, normativ-hüquqi baza hazırlanacaq və sistem mərhələli şəkildə tətbiq olunacaq.

"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan insan resursları mütəxəssisi Röyal Əhmədov çevik iş vaxtı mexanizminin mahiyyətini düzgün anlamağın vacib olduğunu bildirib:


"İlk növbədə, çevik iş vaxtını 4 günlük iş həftəsi ilə eyniləşdirmək olmaz. Çevik rejimdə 40 saatlıq normativ dəyişmir, sadəcə 09:00-18:00 qrafiki əvəzinə 08:00-17:00 və ya 10:00-19:00 kimi seçimlər yaradılır. 4 günlük iş həftəsi isə tamamilə fərqli hüquqi və iqtisadi tənzimləmə tələb edir. Əgər həftəlik 40 saatlıq norma saxlanılırsa, 4 günlük iş həftəsində həmin 40 saatın 4 gün ərzində, məsələn, gündə 10 saat olmaqla təşkil edilməsi mümkündür. Lakin bu zaman artıq söhbət sadəcə işə başlama və bitirmə saatlarının çevikliyindən deyil, iş günlərinin sayının dəyişdirilməsindən gedir. Digər model isə həftəlik iş saatlarının, məsələn, 32 və ya 36 saata endirilməsi ilə 4 günlük iş həftəsinin tətbiqidir ki, bu, daha geniş hüquqi və iqtisadi qiymətləndirmə tələb edir".

Ekspertin fikrincə, proses mərhələli aparılmalıdır. İlk növbədə İT, maliyyə, konsaltinq, marketinq və HR kimi nəticəyönümlü sahələrdə başlamaq daha realdır. Dövlət sektorunda vətəndaşlarla birbaşa işləyən qurumlarda ehtiyatlı davranılmalı, xidmətin əlçatanlığı qorunmalıdır. Özəl sektor isə bu modelə daha tez uyğunlaşacaq.

Mütəxəssis vurğulayır ki, ən kritik məqam hüquqi tənzimləmədir:

"Çevik rejim işçinin əməkhaqqının, ödənişli məzuniyyətin və əmək stajının azalmasına səbəb olmamalıdır. Eyni zamanda, burada ən vacib məsələ çevik iş rejiminin formal olaraq tətbiq edilməsi deyil, real və işlək mexanizmin qurulmasıdır. Çünki iş saatlarının çevikləşdirilməsi adı altında işçinin daim onlayn və əlçatan olması, iş vaxtından sonra da tapşırıqların verilməsi kimi hallara yol verilərsə, bu, çevik iş rejimi yox, əksinə, iş vaxtının qeyri-müəyyən şəkildə uzadılması demək olar. Buna görə də gələcək hüquqi mexanizmlərdə "iş vaxtından kənar əlaqə hüququ", əlavə işin uçotu və işçinin istirahət hüququ kimi məsələlər də diqqətdə saxlanılmalıdır".

R.Əhmədovun sözlərinə görə, gələcəkdə pilot layihələrin nəticələri uğurlu olarsa, bu, 4 günlük iş həftəsi kimi daha fərqli əmək modellərinin də müzakirəsinə zəmin yarada bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar